Hitlerin əvəzinə, onun oxşarı güllələnib?

Fürerin intuihar etdiyini şübhə altına salan dəlillər bəs qədərdir

Məlum olduğu kimi, II Dünya müharibəsini başlayan və SSRİ üzərində qələbə qazanacağı təqdirdə, böyük bir ehtimalla bütün Avropanı öz əsarəti altına alacaq Adolf Hitlerin acı aqibəti ilə bağlı mübahisələr səngimək bilmir. Belə hesab edilir ki, Hitler öz sonuncu ad gününü 1945-ci ildə aprelin 20-də qeyd edib. Əsrin ən qaniçən sərkərdəsi həmin gün 56 yaşını qeyd edirdi. Rəsmi versiyaya görə, Sovet ordusunun ondan dəhşətli intiqam alacağını gözləyən Fürer öz həyat yoldaşı Yeva Braun və sevimli iti ilə birlikdə intihar edib.

Lakin son zamanlar Hitlerin sağ qaldığına dair sensasiyalı söz-söhbətlər gəzməkdədir. Həmin ehtimallara görə, guya Fürer o vaxt sağ qalıb, mühasirədən çıxmağa nail olub və qalan ömrünü Argentinada keçirib.

Faktlara nəzər salaq...

Bormanın gündəliyində yazılanlara əsasən, Adolf Hitlerin sonuncu ad günündə Berlini bombalayırdılar və Fürer şirniyyatı yeraltı bunkerdən alıb. Artıq bir həftədən sonra Berlinin üçdə iki hissəsi sovet qoşunları tərəfindən tutulmuşdu. Və Hitler göz qabağında iradəli və zəhmli bir şəxsiyyətdən zəif və ağıldankəm bir qocaya çevrilmişdi. "Tamamilə çıxılmaz bir vəziyyətə düşmüş nə edəcəyini bilməyən bir şəxs"- onunla görüşdən sonra qadın təyyarəçi Hanna Rayç Fürer haqqında belə demişdi.

Şahidlərin xatırlatmalarına görə, son vaxtlar faşistlərin lideri çətinliklə hərəkət edə bilirdi, şikəst adamlar kimi qıçlarını çəkirdi. Sol qolu ümumiyyətlə hərəkətsiz qalmışdı, sağ qolu isə əsirdi. Fürerin nitqi tez-tez tutulurdu, bəzən huşunu itirir, bəzən də sayıqlayırdı. Belə bir depressiya vəziyyətində Hitler evlənmək qərarına gəlir. Aprelin 29-da ən yaxın dostları və xidmətçilərinin əhatəsində Fürer çoxdan birlikdə yaşadığı Yeva Braunla nikaha girdi. Bir qədər qonaqlıqda iştirak etdikdən sonra son siyasi vəsiyyətnaməsini yazmaq üçün öz otağına çəkildi.

Rəsmi versiyaya görə, Adolf Hitlerlə Yeva Braunun intihar etməsi aprelin 30-da təxminən saat 15-30-da baş verib. Onlar Fürerin otağında qapanıblar və bundan yarım saat sonra onların adyala bükülmüş meyitləri xidmətçilər tərəfindən Reyx dəftərxanasına aparılıb. Hələ də Fürerlə Yeva Braunun hansı üsulla həyatla vidalaşdıqları məlum deyil: ya onlar bir-birini güllələyiblər, ya da ki, kalsium-sianidlə özlərini zəhərləyiblər.

Silahdaşlarının sözlərinə görə, Hitler çox qorxurdu ki, onun cənazəsi rusların əlinə düşər və onlar faşistlərin liderinin öz ifadəsi ilə "rus panoptikumu"nda nümayişə qoya bilərlər. Buna görə də Fürerin vəsiyyətinə uyğun olaraq onun cənazəsini top mərmisinin düməsi nəticəsində yaranmış yarğanda yandırıblar və bundan sonra qalıqlarını basdırıblar. Gecə yarısı artıq Hitlerin məzarı hazır idi.

Onun məzarı 1945-ci ildə sovet qoşunları Berlinə daxil olanda aşkarlanıb. Hitlerin yanmış qalıqlarını rəsmi versiyaya görə Çurakov adlı sovet əsgəri basdırıb. Cənazələr o qədər tanınmaz hala düşmüşdü ki, ekspertlər yalnız belə rəy verə biliblər ki, meyitlərdən biri 50-60 yaşlarındakı kişiyə, o biri isə 30-40 yaşlarındakı qadına məxsusdur.

Buna görə də Reyx dəftərxanasının həyətində həqiqətən də Adolf Hitlerlə Yeva Braunun cənacələrinin basdlırıldığını sübut edən yeganə dəlil Fürerin bir neçə xidmətçisinin, məsələn, onun köməkçisi Langenin, eləcə də diktatorun çənə sümüyünü tanıyan stamotoloqların şahidliyi olub.

Aydın olub ki, Hitler hələ sağ olanda professor Blankın klinikasında dişlərini tez-tez müalicə etdirirdi. Professorun köməkçisi Kete Hayzermən istintaq zamanı həkimin Fürerin dişlərində apardığı bütün əməliyyatlar barədə yadında qaldıqlarını danışıb. Hətta ağız nahiyyəsinin rentgen şəkli də tapılıb. Hər şey uyğun gəlirdi: çənə sümüyü həqiqətən də Adolf Hitlerə məxsus idi.

Daha bir dəlil Martin Bormanın gündəliyi olub. Hitlerin ən yaxın silahdaşlarından birinin qeyd kitabçası Berlinin küçələrindən birində aşkar edilib. Borman həmin gündəlikdə cəbhədən gələn xəbərləri, eləcə də macəralı görüşlərini qeyd edirmiş. Sonuncu dəfə həmin kitabçada 30 aprel tarixində Adolf Hitlerlə Yeva Braunun adının qarşısında qeydiyyat aparılıb. Borman orada qədim alman ölüm simvolu işarə edib.

Belə çıxır ki, aprelin 30-da həqiqətən ölən Fürer olub?

Lakin bütün bu dəlilllərə rəğmən, hər şey heç də o qədər də sadə və aydın deyil. Belə ki, Hitlerin öz canına qəsd etdiyi barədə versiyanı şübhə altına salan dəlillər də az deyil Birincisi, əvvəlcə diktatorun diş qapaqları və plomblarını tanıyan stamotoloqlar sonradan şübhə etməyə başlayıb və öz əvvəlki izahatlarından imtina ediblər. İkincisi, Hitlerin guya intihar etdiyi otaqdakı divanın üstündəki qan ləkəsi olduğu iddia edilən qırmızı rəngin sonradan qan deyil, boyaq olduğu ortaya çıxıb. Üçüncüsü, sovet hərbçiləri Reyx dəftərxanasının həyətində yaxın məsafədən güllələnmiş Hitlerə çox oxşayan iki nəfərin cəsədini aşkar ediblər. Bunlardan biri bomba sığınacağında, digəri isə yanğından mühafizə hovuzunda tapılıb. Belə güman ediblər ki, bunlar Hitlerin bənzərləri olub.

Bu hadisədən sonra belə şaiyə dolaşmağa başlayıb ki, əslində Hitler sağdır və guya onun əvəzinə Fürerin oxşarı öldürülüb və yandırılıb. 70-ci illərdə bu mövzu Qərb mətbuatında xeyli aktuallaşmışdı. O vaxt qəribə bir sənəd dərc olunmuşdu: Gestaponun keçmiş şefi Henrix Müllerin Amerika xüsusi xidmət orqanları tərəfindən dindirilmə protokolu. "Biz Hitlerin bənzərini tapdıq, ona Fürerin mundirini geyindirdik, güllələdik və onu elə bir yerdə basdırdıq ki, mütləq aşkar olunacaq" - guya Müller amerikalılara belə deyib. Əgər Müllerə inansaq, onda belə əməliyyat aprelin 22-də həyata keçirilib. Məhz elə həmin gün də Fürerin hərəkətlərində qəribəliklər və ciddi dəyişikliklər müşahidə edilib.

Bu sənədin orijinallığı şübhə doğurur. Yalnız bir şey dəqiq aydındır: müharibədən sonra Gestaponun şefi həqiqətən də Almaniyadan yoxa çıxıb və hansısa qonaqpərvər ölkələrdə sığınacaq tapa bilib. Martin Borman və digər çoxlu sayda faşistlər kimi, o da ədalət mühakiməsindən gizlənə bilib. Məlum olduğu kimi, "Siçovul cığırı" kod adı altında Üçüncü Reyxin "bütün yüksək rütbəli məmurları"nın qaçış planı hələ 1943-cü ildən işlənib hazırlanmışdı. Rəhbərləri daşımaq üçün təyyarələr və gəmilər hazır dayanmışdı. İtaliya və İspaniyada qarşılanma məntəqələri yaradılmış və saxta pasportlar hazırlanmışdı. Xarici bankların hesabına isə milyonlarla dollar küçürülmüşdü.

Bu da məlumdur ki, dünyada faşistlərin çox nüfuzlu və etibar ediləsi tərəfdarları var idi. Məsələn, ABŞ-da onların ideyasını milyarderlər Henri Ford, Rokfellerlər, Cozef Kennedi, Argentinada isə sonralar bir çox faşistə öz öz ölkəsində siyasi sığınacaq vermiş diktator Xuan Perron müdafiə edirdilər.

Belə bir ehtimal mövcuddur ki, həmin ölkədə sığınacaq alan faşistlər arasında Adolf Hitler də olub. Gizli evakuasiya planında onun adı "Boz qurd" ləqəbi ilə keçirdi. Beləliklə, bir sıra tarixçinin qənaətincə də Adolf Hitler 1945-ci ilin aprelində öz xarici görünüşünü dəyişdirərək Berlindən qaçıb. Britaniyalı tarixçilər Cerard Vilyams və Saymon Dansten, həmçinin argentinalı tədqiqatçı Abel Basti belə hesab edirlər ki, Adılf Hitler və Yeva Braun Berlindən təyyarə ilə çıxıblar. Guya ki, onları İspaniyaya aparan təyyarəçi Piter Baumqardın öz təsdiqini tapmamış şahidliyi var. Həmin versiyaya əsasən, onlar İspaniyadan Argentinaya sualtı qayıqla gediblər.

Rus tarixçisi Leon Arbatski isə belə hesab edir ki, hər tərəfdən mühasirəyə alınmış Berlindən təyyarə ilə harayasa qaçmaq ağlabatan görünmür. O, əsir götürülmüş Berlinin komendantının belə sözlərinə istinad edir ki, paytaxtdan Hitler yalnız metronun yeraltı keçidləri vasitəsilə qaça bilərdi. Hamburq şəhərinin limanında guya sualtı qayıq onu gözləyirdi.

Həmin ehtimala əsasən, Argentinada hər şey Fürerin gəlişinə hazır idi. Hansısa Eykxorilər alman ailəsi hələ müharibə zamanı buraya gəlmiş və Kordova əyalətində "Eden" hotelini satın almışdı və ehtimala görə, Hitler ilk illərdə Yeva Braunla birlikdə məhz həmin hoteldə gizlənib. Sonradan onların ailəsi genişlənib - Yevanın övladları dünyaya gəlib.

Tarixçilərin qənaətincə, ABŞ, Böyük Britaniya və Almaniyanın xüsusi xidmət orqanları Hitlerin sağ olmasından məlumatlı idi. Cerard Vilyamsın fikrincə, onun xilas olması bir sövdələşmənin nəticəsi olub: Füreri buraxmaqla, ABŞ və Böyük Britaniya fantastic məbləğdə pullar qazanmaqla yanaşı, həm də alman texnologiyası və sirrlərinə yiyələniblər.

Əgər tarixçilərə inansaq, onda Hitler 1964, yaxud da 1965-ci ildə vəfat edib. Onun həyat yoldaşının ölümü ilə bağlı isə heç bir məlumat verilmir. Guya ki, Hitlerin övladları hələ də yaşayırlar.

İndi görəsən bu versiyalardan hansına inanasan?

Elxan QASIMOV

Bütün xəbərlər Facebook səhifəmizdə