ABŞ-ın Avtomobil Yollarının Təhlükəsizliyi Sığorta Təşkilatının hazırladığı, avtomobilin təhlükəsizliyini təmin etmək məqsədi ilə daha da müasirləşdirilən yeni qəza testləri tətbiq olunmağa başlayıb.
Sınaqdan keçənlər
Avtomobilin digər bir avtomobillə, ağaca və ya elektrik dirəyi kimi obyektlərə çırpıldığında baş verə biləcək qəzaların oxşarını yaratmaq üçün hazırlanan testlərdə saatda 64 kilometr sürətlə gedən bir avtomobilin ön tərəfinin dörddə bir qismi sərt bir maneəyə çırpılır. Təşkilatın açıqlamasına görə, yeni test ABŞ-da hər il 10 mindən çox adamın ölümü ilə nəticələnən əsasən ön tərəfdən toqquşmaların olduğu gerçək qəzalar analiz edilərək qiymətləndirilib.
Açıqlamada, ilk mərhələdə sınaqdan keçirilən müxtəlif şirkətlərə məxsus 2012 model 11 avtomobildən yalnız "Acura TL", "Volvo S60" və "İnfiniti G"nin təşkilatdan yaxşı və ya kafi qiymət aldığı qeyd edilib.
Testdən uğursuz çıxanlar
Testdə "Mersedes C-Class", "Lexus IS 250", Audi A4" və "Lexus ES 350"nin mənfi, "Acura", "TSX", "BMW 3" seriyası, "Lincoln MKZ" və "Volkswagen CC" isə zəif qiymət alıb. Verilən mənfi və ya aşağı qiymətlər bu avtomobillərin gerçəkdə baş verə biləcək bir qəzada içindəkilər üçün lazımi səviyyədə təhlükəsizliyin təmin edilməyəcəyinə işarə edib.
Avtomobillərdə olan birbaşa toqquşma və ya ona istənilən hər hansı tərəfdən dəyən zərbənin qarşısını almaq üçün hazırlanmış, avtomobilin mərkəzindən kənarda qalan yan hava yastıqlarının zamanında açılmama ehtimalı və ya avtomobilin içindəkiləri qorumaq üçün kifayət qədər genişlənə bilməyəcəyi yeni sınaqdan keçirilən qəza-testinin köməyi ilə ortaya çıxıb.
Avtomobillərdən "BMW", "Mercedes" və "Volkswagen"dəki təhlükəsizlik kəmərinin qəzadan dərhal sonra açılaraq sınaq əsnasında istifadə edilən manekenlərin sərt səthlərə çırpılmasına səbəb olduğu bildirilən açıqlamada, eyni zamanda "Volkswagen"in qapısının test zamanı tamamilə qopduğu qeyd edilib.
Avtomobil şirkətlərinin reaksiyaları
"Mercedes-Benz" şirkəti yeni testin nəticələrinə etirazını bildirib. C-Class tipli avtomobillərin şirkətin istehsal etdiyi ən etibarlı avtomobillər arasında yer aldığını deyən şirkət rəsmiləri, yeni qəza-testinin həddindən artıq dərəcədə şiddətli və çox nadir hallarda rast gəlinən bir ssenari üzərinə qurulduğunu bildiriblər: "Avtomobil təhlükəsizliyində bir lider olaraq C-Class avtomobillərinin istifadəçilərinin təhlükəsizliyini təmin etdiyimizə güvənimiz tamdır, bu etibarı əks etdirməyən testlərə isə inam daha azdır".
Sınaqdan çıxarılan "Lexus" markasının sahibi "Toyota Motor Co" avtomobil şirkətindən verilən açıqlamada isə şirkətin test nəticələrini qəbul etdiyi bildirilib.
Açıqlamada, "Bu yeni test ilə təşkilat plankanı yenə yüksəltdi və biz yeni avtomobillərimizin istehsalında çatışmazlıqları aradan qaldıracağıq", deyilib.
Azərbaycanlılar hansı avtomobillərə üstünlük verir?
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlının sözlərinə görə, hazırda avtomobil bazarında elə bir güclü rəqabət gedir ki, istənilən şirkət istehsal etdiyi avtomobilin istər təhlükəsizlik, istər xarici görünüşü, istərsə də interyerinə, texniki göstəricilərinə böyük önəm verir və diqqət yetirirlər ki, sadalanan istiqamətlərdə keyfiyyət yüksək səviyyədə olsun.
Ramil Osmanlının sözlərinə görə, daha çox Almaniya, Cənubi Koreya və ABŞ istehsalı olan avtomobillərdə hətta ayaq altıların təhlükəsizliyinə belə xüsusi diqqət yetirilir.
Birliyinin icraçı direktoru bildirib ki, iyul ayı ərzində Azərbaycanın təkrar avtomobil bazarında "Mercedes-Benz", "BMW", "Toyota" və "Nissan" markalı avtomobillər üstünlük verilib. İlkin avtomobil bazarına gəldikdə, R Osmanlı qeyd edib ki, ötən ay ərzində daha çox "Hyundai", "Toyota" və "Nissan" markalı avtomobillər satılıb
Ən çox qəza törədən
Ümumiyyətlə 2012-ci ilin son 5 ayı ərzində isə Azərbaycanda 1035 yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 313 nəfər ölüb, 1144 nəfər yaralanıb. Bu qəzaların 429-u Bakıda baş verib ki, nəticədə 104 nəfər ölüb, 503 nəfər yaralanıb.
Azərbaycan ərazisində insanların çox istifadə etdiyi, eyni zamanda təhlükəsizlik baxımından heç bir tələbata cavab verməyən avtomobil "Jiquli"dir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin verdiyi qərara əsasən, bu il may ayının 1-dən Azərbaycanda avtomobil nəqliyyat vasitələrindən "ABS" əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalına və istehsalına icazə verilmir. Bundan dolayı hazırda həmin avtomobillərin ölkəyə idxalına qadağa qoyulub.
Statistik rəqəmlərə istinad etsək görərik ki, respublikamızda baş verən yol-nəqliyyat hadisələrində ən çox ölüm və yaralanma halları "Jiquli" markalı maşınlarda olub. Buna görə də, qadağanın olmasını müsbət qarşılamaq olar. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda mayın 1-dək gətirilmiş xeyli sayda mövcud standartlara cavab verməyən maşınlar var. Rəsmi statistikaya əsasən, Azərbaycanda avtomobillərin sayı 1 milyonu keçib, bunların təxminən cəmi 250 mini istehsal tarixi 2005-ci ildən bəri olanlardır. Deməli, yol qəzaları ilə bağlı təhlükə hələ də davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB