Ermənilər təkcə bizə qarşı deyil, Azərbaycana məxsus meşələrə, bütün təbii sərvətlərə düşmən münasibəti göstərir. İşğalçı ölkə zəbt etdiyi Azərbaycan ərazilərindəki təbii sərvətləri qanunsuz talan edir, işğal altında olan meşələri qırır, yeraltı sərvətləri vəhşicəsinə istismar edir, çayları şüurlu çirkləndirir. Bu işə həmçinin bir sıra xarici şirkətləri də cəlb edirlər.
Təkcə talan olunmur, həm də məhv edilir
İşğal edilmiş Dağlıq Qarabağın, o cümlədən, onun ətrafındakı Ağdam, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarında, eləcə də Şuşada mövcud olmuş bütün tikililər, tarixi, mədəniyyət abidələri, qoruqlar, şirin və mineral su ehtiyyatları, nadir bitki və heyvan nümunələri, yeraltı və yerüstü sərvətlərin hamısı talan olunur, məhv edilir.
155 növ müxtəlif faydalı qazıntı yatağı, həmçinin beş qızıl, altı civə, iki mis, bir qurğuşun, bir sink, 19 üzlük və 10 mişar daşı, dörd sement xammalı, 13 müxtəlif növ tikinti daşları, bir soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, on gil, doqquz qum-çınqıl, beş tikinti qumu, doqquz gips, anhidrid və gəc, bir perlit, bir obsidian, üç vermikulit, 14 əlvan və bəzək daşları, on mineral su yatağı, onlarla şirin su yatağı ermənilər tərəfindən istismar olunur.
Zəngin yataqların istismarı davam edir...
Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə olunması, Şuşanın Topxana meşəsinin qoruq zonasında inşaat işlərinin aparılması, Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 metr hündürlükdə yerləşən Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 metr olan "Xan Mağarası"nın amansızlıqla məhv edilməsi, Şuşa şəhərinin yuxarı hissəsində Dörd yol adlanan yerdən yuxarı Laçın küçəsinin solunda, Q.Əsgərov küçəsində, 200-ə yaxın müxətlif növ iri diametrli çoxillik ağacların tamamilə məhv edilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyənləşdirilib.
Xocavənd rayonu ərazisində üzlük daşı, əhəng istehsalına yararlı Xocavənd əhəng daşı, Ağdərə rayonunda zəngin Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və onunla yanaşı 47,9 milyon ton mis yataqları və digər zəngin yataqlar ermənilər tərəfindən hazırda istismar olunmaqdadır.
30-dan çox şirkət qanunsuz fəaliyyət göstərir
Zəbt olunmuş ərazilərdə son illər təbii sərvətlərin daha intensiv istismar olunması məqsədilə investisiya qoyuluşu davam edir. Xarici dövlətlərdə yaşayan erməni əsilli şəxslərin yaratdıqları bir neçə şirkət Qarabağda təbii sərvətləri istismar etmək üçün xüsusi fəaliyyət göstərir.
Hazırda ABŞ, Kanada, Fransa, Avstraliya, İsveçrə, Livan, Rusiya və Ermənistanda yaşayan Qarabağ erməniləri tərəfindən Dağlıq Qarabağa investisiyalar daxil olmaqdadır. Bu bölgəyə birbaşa kapital qoyuluşunun ümumi həcmi 40 milyon dollar təşkil edir. Bu vəsait qoyuluşunda dünya erməni diasporu liderlik edir.
Son illər yeraltı sərvətlərin istismarı yönündə Azərbaycanın Qarabağ ərazisində 30-dan çox şirkət qanunsuz olaraq fəaliyyətə başlayıb.
Erməni işğalında olan Laçın rayonunda da təbii sərvətlərin istismarı faktları mövcuddur. 1995-ci ildən ərazisi 25 min kvadrat kilometr olan Laçın meşələri qırılaraq mebel hazırlamaq üçün məhv edilir. Bu sənədi bir çox ölkələrin deputatları və siyasətçiləri də təsdiqləyiblər.
Emal olunan məhsullar Avropa bazarına çıxarılır
Köçəryana məxsus olduğu bildirilən və "Valleks" şirkətlər qrupuna aid "Base Metals" şirkəti "Dağlıq Qarabağ Respublikası" adlanan qondarma rejimlə 80 milyon dollar dəyərində müqavilə bağlayıb. Kanadada qeydiyyatdan keçən şirkət artıq Ağdərə rayonu ərazisində ermənilərin "Kaşen" adlandırdıqları Dəmirli yatağında eksperimental hasilat həyata keçirib. Yataqda on milyonlarla ton filiz ehtiyatı var, bu filizin 20-22 faizini mis konsentratı təşkil edir. Erməni mətbuatında ayrı-ayrı vaxtlarda yer alan məlumatlarda deyilirdi ki, Köçəryan Qarabağda qızıl və mis hasilatı biznesinə nəzarət edir, talan işlərini isə əsasən "Valleks" şirkətlər qrupu vasitəsi ilə reallaşdırır.
Bu arada, erməni mənbələri xəbər verir ki, Ağdərə rayonundakı yataqlara da nəzarət edən "Armenian Copper Programme" ötən il 8 milyon dollar təmiz gəlir əldə edib. Təkcə Qızılbulaq yatağından hər ay 12 min ton filiz çıxarılır, filiz "Dağfilizsaflaşdırma" kombinatında emal edilir. Konsentrat Ermənistana aparılır, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılır.
Yaşayış səviyyəsi aşağı olaraq qalır
Ermənistanda nəşr olunan "Lragir" qəzeti yazır ki, Dağlıq Qarabağ bölgəsində təbii yeraltı sərvətlər buradakı rejimin rəhbərlərinə məxsus şirkətlər tərəfindən istismar olunur. Qarabağda təbii sərvətlərin, xüsusilə də qızıl və mis hasilatı sahəsində böyük layihələrin həyata keçirildiyini, indi isə kömür hasilatına başlandığını yazan qəzet bu sahədə əsas layihələrin "Beytz Metal" şirkəti tərəfindən işləndiyini bildirir. Qəzetin yazdığına görə, Qarabağdakı rejimin büdcə gəlirlərinin əsas hissəsini bu şirkətin vergiləri təşkil edir.
Qəzet həmçinin qeyd edir ki, Qarabağ faktiki olaraq, Ermənistanın yolu ilə gedir. Burada əsas layihələri yüksək vəzifəli şəxslərə məxsus şirkətlər həyata keçirir. Məsələn, Qarabağda deyirlər ki, Kəlbəcərdəki qızıl mədəni Bako Saakyana məxsusdur. Rejim digər sahibkarlara nə maliyyə, nə də siyasi dəstək göstərir.
Qəzet bütün yeraltı sərvətlərin şəxsi firmalar tərəfindən istismar edilməsinin doğru olmadığını qeyd edir: "Qarabağda qızıldan əsas gəliri xüsusi şəxslər alır, yaşayış səviyyəsi və cəmiyyətin şüuru da aşağı olaraq qalır, o, milli sərvətlərdən öz qanuni payı tələb eləmir. Cəmiyyət bilmir ki, bu milli sərvətləri kim idarə edir, kim onlarda gəlir götürür və niyə Kəlbəcərdə qızılın hasilatı açıq üsulla aparılır?"
Vurulan ziyan hər il daha da artır
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, 2011-ci ildə isə Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində yeraltı təbii sərvətlərin talan edilməsinə dair daha bir planı açıqlanıb. Düşmən ölkənin energetika və təbii ehtiyatlar naziri bildirib ki, Ağdərə rayonundakı daş kömür yataqlarından çıxarılacaq filiz istilik-elektrik stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün istifadə olunacaq. Artıq Ermənistan bu talançılıq proqramına start verib.
Azərbaycanın baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sözlərinə görə, əgər 10 il əvvəl sərvətlərə vurulan ziyan 60-70 milyard dollar idisə, artıq bu vəsait 100 milyard dolları keçib.
Görünür, ermənilər Qarabağda çox qalacaqlarına heç özləri də inanmır və buranı öz vətənləri hesab etmirlər. Yoxsa sərvətləri və təbiətini amansızcasına istismar və məhv etməzdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB