"KARDEŞLER" köhnə məhsulları müştərilərə necə sırıyır? ANALİZ

Bir çoxlarımız səhər və yaxud günün digər saatlarında yüngülcə qəlyanaltı etmək, yaxud mədəyə müəyyən qidalar "atmaq" məqsədilə əksər vaxtlarda şirniyyat mağazalarına üz tuturuq. Paytaxtda kifayət qədər şirniyyat məhsullarının istehsalı və satışı ilə məşğul olan mağazalar var. Bu maraq isə həmin məhsulların satışından yaxşı və külli miqdarda pul qazanmaqdan irəli gəlir. Bizim kimlərinsə nə qazancında, nə də pulunda gözümüz yoxdur. Kim dürüst, halalca işini görüb pul-para qazanırsa, ruzisi, bərəkəti daha çox olsun. Bəzi işbazlar isə pul qazanmaq üçün keyfiyyətsiz xam maldan zay məhsul istehsal etməklə və ya müştərilərə müddəti ötmüş şirniyyat sırımaqla məhsuluna və ya işinə haram qatır.

"KARDEŞLER" Unlu Məmullar Bakının müxtəlif yerlərində mağaza-kafesi fəaliyyət göstərir. Bizim söhbət açacağımız hadisə isə "KARDEŞLER"in Üzeyir Hacıbəyov 18-də yerləşən ünvanındakı şöbəsində baş verib.

Buraya daxil olduğunuz zaman vitrinə səliqə ilə düzülən şirniyyatlar, bəzəkli tortlar insanda ilkin olaraq, xoş təəssürat yaradır. Müxtəlif tortlardan, paxlavalardan, şirniyyat məhsullarından və bulkalardan tutmuş, nə desən, burada tapmaq olar.

Bizim çalışdığımız redaksiya şirniyyat evinə yaxın olduğu üçün bir neçə dəfə buradan alış-veriş etmişik. Bir çox hallarda məmulatları ya köhnə, ya da keyfiyyətsiz olurdu. Dükandakı satıcılara və ya hər hansı məsul şəxsə iradımı bildirmək istəyəndə, elə hay-küy qopardılar ki, səssizcə çıxıb getməkdən başqa çarəm qalmırdı. Sonralar buradan bir daha şirniyyat məhsulları alıb yeməyəcəyimə söz verdim.

Bu yaxınlarda həmkarım dedi ki, "KARDEŞLER"in Ü.Hacıbəyov şöbəsindən şirniyyat alıb yeyəndən sonra həzm sistemimdə problemlər oldu. Bilmirəm, kökə neçə müddət idi vitrində saxlanılırdı, ya da hansı yağla bişirilmişdisə, şirniyyatı yeyəndən sonra bütün gün mədəmdə ağrı hiss etdim.

Elə bu gün də həmin həmkarımın başına təkrar eyni hadisə gəlib. Onun özünü dinləyək: "Əvvəlcə satıcı qızdan soruşdum ki, şirniyyatlar təzədir, ya yox. O da hər şeyin təzə olduğunu təsdiqlədi. Onun səmimiyyətinə inanıb, həmin şirniyyatlardan bir neçəsini aldım. Şirniyyatı yeyəndə isə, hiss etdim ki, satıcı qızın dediyi kimi, bu məhsullar təzə deyil, köhnə imiş. Aldıqlarımı geri qaytarmaq məqsədilə şirniyyat evinə üz tutanda "KARDEŞLER"də işləyən satıcıların qəzəbinə tuş gəldim. İlk öncə məhsullarının köhnə olmadığına məni inandırmaq üçün müxtəlif bəhanələr uydurdular. Dedilər ki, bu məhsulların 4-5 gün saxlanılma müddəti var. Ona görə də bunları köhnə adlandırmaq olmaz. Yalanlarla məni aldada bilməyən "Qardaşlar"ımız məni əməlli-başlı təhqir etdilər. Baxmayaraq ki, məhsulda hər hansı bir mənfi cəhət aşkarlanarsa, istehlakçı həmin məhsulu 48 saat ərzində aldığı müəssisəyə qaytarmaq hüququna malikdir. Görünür, "KARDEŞLER" Azərbaycan Respublikasının Qanunlarına məhəl qoymur. Daha sonra mənim informasiya agentliyinin əməkdaşı olduğunu biləndən sonra "qorxudanmı", "hörmətdənmi" bilmirəm köhnə, zay məhsulları qaytarmağa məcbur oldular".

Sonradan həmin şöbənin məsul şəxsi ilə görüşüb, müştərilərə qarşı etdikləri haqsızlıqların, təhqirlərin səbəbini soruşmaq, məsələyə aydınlıq gətirməsini istədik. İstər üzbəüz, istərsə də telefonla əlaqə yaratmaq cəhdlərimiz heç biri nəticə vermədi.

"KARDEŞLER"in reyd apardığımız mağaza-kafelərinin heç birində məhsulların üzərində yararlılıq müddətinə rast gəlmədik. Xüsusilə, isti yay günlərində kremli məhsulların yararlılıq müddəti vacib hesab edildiyindən, tortlarla bağlı vəziyyət daha acınacaqlıdır. Tortların istehsal tarixi, yararlıq müddəti, tərkibi göstərilməyib.

Artıq həmin məhsullardan biz alıb yeməsək də, hər gün yüzlərlə insan bu şirkətin məhsullarından istifadə edir. Bir çox halda, həmin adamlar öz halal pulları ilə sağlamlıqlarını təhlükə altına qoyurlar. Əslində, bizim qarşılaşdığım hadisə ilə bəlkə də eyni gündə onlarla insan rastlaşır. Sadəcə olaraq, bəzi insanlar abır-həya edib nəyisə danışmaq və kimlərəsə şikayət etmək istəmirlər. İnsanlığımızdan, mənəviyyatımızın saflığından istifadə edən şirniyyat evi isə öz keyfiyyətsiz və köhnə məhsullarını əhaliyə sırımaqla məğşuldur.

Paytaxtın mərkəzində fəaliyyət göstərən şirniyyat evində bu cür özbaşınalıq hökm sürürsə, onda "KARDEŞLER"in bir az kənar yerlərdəki şöbələrində, görəsən, nələr baş verir?

Hər halda, bu özbaşınalıqla bağlı aidiyyəti qurumlar ciddi ölçü götürməlidirlər. Çünki insanımızın sağlamlığını, mənəviyyatını təhdid altında qoyan şirkətə həddi bildirilməlidir. Bizim başımıza gələnlər başqa vətəndaşlarımızın da başınıza gələ bilər.

Cabir

Bütün xəbərlər Facebook səhifəmizdə