Vüqar Bayramov: "Avropadakı maliyyə böhranının dərinləşməsi Azərbaycanın maraqlarına uyğun deyil"
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Regional İqtisadi Perspektivlər hesabatında Avrozonadakı böhranın daha da dərinləşdiyi və artıq zona ölkələrinin sərhədlərini aşdığı bildirilir. Hesabatda qeyd olunur ki, Avrozona böhranı Şərqə doğru genişlənir, Rusiya iqtisadiyyatı çökmək ərəfəsindədir; neft ucuzlaşmaqda davam edərsə, fəlakət Azərbaycana da çata bilər.
Avrozonadakı böhranın sərhədləri genişlənir
Avrozona böhranının mənfi təsiri Şərqə yayılır və özünü xammalın qiymətlərinin, tələbatın azalmasında göstərir. Bu tendensiyalar hazırda daha çox Rusiya iqtisadiyyatına mənfi təsir göstərir.
AYİB-dən həmçinin bildirilib ki, bu il ərzində Sloveniya, Macarıstan və Xorvatiyada iqtisadi artım zəifləyib. Eyni zamanda Rumıniya və Serbiya iqtisadiyyatında da zəifləmələr müşahidə olunur. Polşa və Slovakiyada isə əksinə olaraq inkişaf edib.
Bankın proqnozları qlobal böhranın əhatə dairəsinin genişlənəcəyini bir daha təsdiqləyir. Böhranın sərhədləri genişlənəcəyi təqdirdə Azərbaycan iqtisadiyyatı hansı təsirlərə məruz qala bilər?
Böhran yalnız rezervlərə təsir göstərə bilər
Gözlənildiyi kimi, baş verənlər Avrozonanın sərhədlərindən kənara çıxdı. İqtisadçı ekspert Vüqar Bayramov bunu şərq ölkələrinin Avropa ölkələri ilə sıx iqtisadi əlaqələri ilə əlaqələndirib. Bu isə birmənalı şəkildə onların Avrozonadakı maliyyə böhranından təsirlənməsinə gətirib çıxarıb.
İqtisadi ekspert Avrozonada baş verən böhranın Azərbaycana mənfi təsir göstərəcəyini düşünmür: "Əvvəla burada baş verən böhran daha çox səhm və maliyyə bazarında baş verən böhrandır. Azərbaycanın səhm və maliyyə bazarı isə Avropanın səhm və maliyyə bazarından ayrı formalaşdığı üçün bu böhranın ölkəmizə təsir imkanları demək olar ki, yoxdur. Eyni zamanda Azərbaycan səhm bazarı yeni formalaşdırılan bir bazardır. Bununla belə nəzərə alsaq ki, Azərbaycan rezervlərinin təxminən 30 faizi Avropada saxlanılır. Azərbaycan üçün böhranın əsas təsiri məhz avronun məzənnəsinin aşağı düşməsi ola bilər. Bu da avro ilə saxlanılan rezervlərin dəyərlərinə təsir göstərir ki, bu zaman Azərbaycan itkilərlə üzləşə bilər. Eyni zamanda Azərbaycanın bütövlükdə ixrac dövriyyəsinin 65 faizi məhz Avropa Birliyinin payına düşür. Baxmayaraq ki, onun böyük hissəsi neft məhsullarının payına düşür, bütün hallarda Avropadakı maliyyə böhranının dərinləşməsi Azərbaycanın maraqlarına uyğun deyil. Hələlik böhranın ölkə iqtisadiyyatına hər hansı bir mənfi təsir göstərəcəyi proqnozlaşdırılmır. Yalnız rezervlərə təsir göstərə bilər".
Rusiyada maliyyə böhranı olarsa
Avrozonadan ən çox ziyan çəkən ölkələrdən biri də Rusiya olacaq. Çünki Rusiya Avropanın səhm bazarına sıx şəkildə inteqrasiya olunub.
Bundan başqa, Azərbaycan iqtisadiyyatı xeyli dərəcədə Rusiya iqtisadiyyatına inteqrasiya olunub. Rusiyada iqtisadi durum isə sürətlə pisləşməyə doğru gedir. Rusiya iqtisadiyyatı çökərsə, bunun Azərbaycana təsirindən danışan ekspertin sözlərinə görə, Rusiyada maliyyə böhranı baş verərsə, bu, Avropadan fərqli olaraq Azərbaycana mənfi təsir göstərə bilər: "Təbii ki, bunun Azərbaycanın makroiqtisadi göstəricilərinə birbaşa təsiri olmayacaq. Sadəcə Azərbaycanda müəyyən sektorlara təsir göstərə bilər. Çünki Rusiyada işləyən və Azərbaycanda yaşayan ailəsinə pul göndərən soydaşlarımızın sayı minlərlədir. Bu isə Rusiyadan Azərbaycana daxil olan vəsaitin azalmasına səbəb ola bilər. Rəsmi məlumatlara görə, hər il Rusiyadan Azərbaycana 1 milyard manatdan artıq vəsait daxil olur. Hətta Rusiya mətbuatı bu rəqəmin 3 milyard dollara yaxın olduğunu bildirir. Bütün hallarda rəsmi rəqəmlərə istinad etsək 1 milyard dollar heç də kiçik məbləğ deyil. Bu pullar daha çox bölgələrdə yaşayan əhalinin Rusiyada yaşayan qohumları tərəfindən onlara göndərilir. Ümumiyyətlə isə bütövlükdə Azərbaycan iqtisadiyyatına başqa bir formada təsir etmə imkanına malik olmayacaq".
AYİB Azərbaycan üzrə iqtisadi artım proqnozunu da yeniləyib
AYİB-in tərtib etdiyi yeni hesabata əsasən, 2012-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 2,5%, 2013-cü ildə isə 3% təşkil edəcəyi gözlənilir. Hesabatda həmçinin qeyd olunub ki, Azərbaycan qlobal maliyyə böhranını uğurla adlayıb. Lakin hazırda ölkədə iqtisadi artım tempi zəifləyib. Bu da ölkədə neft hasilatının azalması ilə əlaqədardır.
Qeyd edək ki, Dünya Bankının proqnozlarına əsasən, Azərbaycanda iqtisadi artım 2012-ci ildə 3,1%, 2013-cü ildə 4,4%, Asiya İnkişaf Bankının proqnozlarına görə isə müvafiq olaraq, 4,1% və 3,5% təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB