Neonasist şəbəkəsi ilə bağlı qalmaqal Daxili İşlər Nazirliyinə də sıçradı
Almaniya kəşfiyyatında olduğu kimi Daxili İşlər Nazirliyinin də cinayətləri törədən neonasistlərlə bağlı dəlillərin məhv edilməsi əmri verdiyi ortaya çıxıb. İndiyə qədər onlarla sənəd məhv edilib.
Dəlillər yox edilib
Almaniyada 8 türkü öldürən Nasyonal Sosialist Yeraltı (NSU) neonasist terror təşkilatı ətrafındakı qalmaqal getdikcə böyüyür. Almaniya Daxili İşlər Nazirliyinin NSU-nun ortaya çıxmasından 10 gün sonra radikal sağçılarla bağlı sənədlərin məhv edilməsi istiqamətində təlimat verdiyi məlum olub. 2011-ci ilin noyabr ayında 7, dekabr ayında 12, bu ilin bahar aylarında isə 6 sənəd məhv edilib.
Alman Federal Məclisində NSU cinayətlərini araşdırmaq üçün qurulan komissiya xüsusi bir yığıncaq keçirib. İclas başlamazdan əvvəli komissiyanın üzvü Eva Högl dəlillərin yox edilməsi yönündəki xəbərləri təsdiqləyib.
NSU-nun ortaya çıxmasından 10 gün sonra nazirliyin radikal sağçıların içində olan Konstitusiyanı Qoruma Təşkilatının agentlərinə aid 6 dinləmə protokolunun məhv edilməsi təlimatı verildiyi xəbərinin doğru olduğunu söyləyən Högl, bu hadisəni böyük qalmaqal kimi xarakterizə edib.
"Məna verə bilmədim"
Daxili İşlər Nazirliyinin bir rəsmisi də bu xəbəri təsdiqləyib, ancaq məhv edilən sənədlərin NSU ilə əlaqəsi olmadığını iddia edib. Buna baxmayaraq, Məclis Araşdırma Komissiyası istintaqların yekununa qədər əyalət və federal səviyyədəki Konstitusiya Qoruma Təşkilatların da radikal sağçılarla əlaqədar heç bir sənəd və faylın məhv edilməməsini tələb edib.
Komissiyanın rəhbəri Sebastian Edathy faylların məhv edildiyi məlumatlarının komissiya üzvlərinə bir neçə gün əvvəl bildirildiyini diqqətə çatdırıb. Aylarla nazirliyin bildiyi hadisəni komissiyanın indi öyrənməsinin qəbuledilməz olduğunu vurğulayıb. Komissiya üzvü Petra Pau da NSU-nun ortaya çıxmasından sonra nazirliyin faylları yoxetmə təlimatını verməsinə heç bir məna verə bilmədiyini söyləyib.
Bu, aysberqin görünən tərəfidir
Avropalı Türk Demokratlar Birliyinin sədri Həsən Özdoğan Almaniya Daxili İşlər Nazirliyinin neonasist fayllarını məhv etməsinin "aysberqin görünən tərəfi" olduğunu qeyd edib.
"Almaniyada yaşayan türklər olaraq bütün bunların niyə baş verdiyin yaxşı dərk edirik", deyən Özdoğan, "Almaniyadakı üsul belədir. Türklərə qarşı törədilən haqsızlıqlar, cinayətlər ört-basdır edilir. Buna görə məsuliyyət daşıyan vəzifəli şəxslər ya müvəqqəti olaraq işdən uzaqlaşdırılır, ya da istefa verir. Baş verənlər artıq cığırından çıxdı. Özünü demokratik hüquq dövlət adlandıran Almaniyaya bu yaraşmır. Almaniya başqa ölkələrə qarşı demokratiya, hüquq deyir, amma özünün etdikləri meydandadır".
Dərin dövlətlə bağlı ip ucları
Almaniyada dərin dövlətlə bağlı ip uclarının ortaya çıxması ölkənin şərqindəki Eisenaçdakı bir bank qarət ilə başlayıb. Qarətçilər əvvəlcə izlərini itirməyə nail olsalar da bir avtomobildə sıxışdırılıb. Ancaq polislərin yaxınlaşması əsnasında bir anda partlayış olub və avtomobil yanmağa başlayıb. Avtomobildən iki cəsəd çıxarıldığı bir vaxtda, şəhərin digər bölgəsində də bir ev yandırılıb.
Sənədlərin məhvi istefalara səbəb olub
Avtomobildən çıxarılan cəsədlərin Uve Mundlos və Uve Böhnhardtə aid olduğu təsbit edilib, evi yandıran Beate Zsçape də həbs olunub. Evdə aparılan araşdırmada 8 türkün qətlində istifadə olunan silahlar və neonasistlərə aid sənədlər tapılıb. Qalmaqallar zənciri isə bu insanların kəşfiyyat qurumları ilə əlaqələrinin ortaya çıxması ilə başlayıb. Bu insanların kəşfiyyat tərəfindən xüsusi təlimlər aldığı, bundan başqa cinayətlər əsnasında kəşfiyyat agentlərinin hadisə bölgəsində olduğu ortaya çıxıb.
Sənədlər arasında olan 88 nəfərlik edam siyahısı da öldürüləcək adlar mövzusunda kəşfiyyat birliklərinin radikal sağçıları istiqamətləndirmiş ola biləcəyinə dair iddiaları gündəmə gətirib. Maliyyə yardımı edilməsinə yönəlik iddialar da gündəmə gəlib.
Son olaraq radikal sağçılara aid sənədlərin Almaniya Konstitusiya Qoruma Təşkilatı tərəfindən məhv edildiyi ortaya çıxıb. Bu qalmaqaldan sonra təşkilat rəhbəri Heinz Fromm istefa vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB