İlham Əliyev: "Biz bundan sonrakı illərdə də əsas diqqətimizi qeyri-neft iqtisadiyyatımızın inkişafına yönəldəcəyik"
Aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasət nəticəsində, son illər ölkənin inkişafı davamlı xarakter alıb. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurluiqtisadi siyasət tədbirləri və davamlı islahatlar, mükəmməl iqtisadi strategiyanın gerçəkləşməsi iqtisadiyyatın bütün sahələrində dinamizm meyllərini gücləndirib.
İnkişaf dinamikası hər ay artım tempi ilə müşahidə olunur
Ölkəmizdə davam edən inkişaf dinamikası ilin əvvəllərindən başlayaraq hər ay artım tempi ilə müşahidə olunur. İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındada bu ilin ötən 6 ayının Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu olduğunu bildirib. Cari ilin birinci rübündə ölkə iqtisadiyyatının uğurlu inkişafı nəticəsində ümumi daxili məhsul 1,5 faiz artıb. Ölkə prezidentinin vurğuladığı kimi bu rəqəm əvvəlki dövrlərlə müqayisədə o qədər də böyük rəqəm olmasa da, ölkəmizin ümumi iqtisadiyyatı artdıqca hər bir faizin daha da böyük qiyməti və dəyəri vardır. Bu artım isə onu göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 1 milyard dollar dəyərində məhsul istehsal edilib.
Dünya miqyasında ən yüksək göstərici
Azərbaycanda qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət göstərilir. Bu, ölkə iqtisadiyyatının prioritet istiqamətlərindəndir. Görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycanda qeyri-neft sektorunda artım olub. Ölkə iqtisadiyyatının əsas istiqamətlərindən olan qeyri-neft sektorunda ötən altı ayda 11,3 faiz artıb baş verib. Qeyri-neft sahəsinin bu sürətlə inkişafını ölkə prezidenti İlham Əliyev dünya miqyasında ən yüksək göstərici kimi qiymətləndirib. Ümumi iqtisadiyyatımızın cəmi 1,5 faiz artımının səbəbini dövlət başçısı onunla əlaqələndirib ki, neft hasilatında müəyyən dərəcədə azalma müşahidə edilir: "Nəzərə alsaq ki, neft sektoru iqtisadiyyatımızın böyük hissəsini təşkil edir, əlbəttə, bu azalma istər-istəməz ümumi göstəricilərə də təsir göstərir. Ancaq biz bundan sonrakı illərdə də əsas diqqətimizi qeyri-neft iqtisadiyyatımızın inkişafına yönəldəcəyik və ilin altı ayının yekunları Azərbaycanda aparılan islahatların məntiqi nəticəsidir. Sənaye istehsalının ümumi həcmi 3 faiz azalmışdır. Bunun da səbəbi neft hasilatının aşağı düşməsi olmuşdur. Ancaq qeyri-neft sənayemizin inkişafı 8,3 faiz səviyyəsindədir. Bu da son illər ərzində sənayeləşmə proqramının icrasının nəticəsidir".
Ölkədə sənayeləşmə proqramı uğurla icra edilir
Bölgələrdə, eləcə də paytaxt Bakıda yeni sənaye müəssisələrinin işə düşməsi qeyri-neft sektorunun daha da güclənməsinə səbəb olur. Ölkədə sənayeləşmə proqramı uğurla icra edilir. Birinci üç ayda investisiyalar 4,3 milyard dollar təşkil edib. Ötən illə müqayisədə ölkə iqtisadiyyatına qoyulan investisiyalar 30 faiz artıb. Prezident İlham Əliyev bildirib ki, ilin sonuna qədər bu templə işləsək və mən hesab edirəm ki, temp daha da yüksək olmalıdır, - təqribən 18, bəlkə də 19 milyard dollar investisiyaya çatacağıq: "Bu da əhalisi o qədər çox olmayan Azərbaycan kimi ölkə üçün böyük rəqəmdir. Nəzərə alsaq ki, hər il 10 milyard dollardan az olmayaraq investisiyalar qoyulur, növbəti illərdə ölkə qarşısında duran bütün infrastruktur və sosial məsələlər öz həllini tapacaqdır".
Xarici investorlar bizə inanır
Azərbaycanda investisiya mühiti məqsədilə münbit şəraitin yaradılması ölkəmizi sərmayədarlar üçün cazibədar məkana çevirib. Son 17 il ərzində Azərbaycanda 120 milyard dollardan çox, ötən il 15 milyard dollar sərmayə qoyulub. Bu il isə daha çox sərmayə qoyuluşu proqnozlaşdırılır.
Xarici sərmayədarların Azərbaycana marağının artdığına diqqət çəkən prezidentİlham Əliyevbildirib ki, Azərbaycanın inkişafı düzgün istiqamətdə gedir: "Xarici investorlar bizə inanır, biz xarici investorlar üçün gözəl şərait yaradırıq. Hökumət nümayəndələri ilə böyük şirkətlər arasında əlaqələr də çox müsbətdir. Yerli istehsalın artırılmasında xarici sərmayədarlar bizə kömək göstərirlər.
Bu fürsətdən istifadə edərək tərəfdaşlara, bizim investorlara, xarici investorlara bir daha müraciət etmək istəyirəm ki, Azərbaycan xarici investisiyalar üçün çox gözəl yerdir. İnvestisiyalar burada qorunur. Biz bu investisiyaları alqışlayırıq, xarici investorlar üçün bütün gözəl şəraiti yaradırıq və bundan sonra da yaradacağıq".
Azərbaycan yüksəkgəlirli ölkələr sırasında olacaq
Bugünkü uğurların kökündə Azərbaycanda son 19-20 ildə aparılan iqtisadi islahatlar dayanır. Qazanılan uğurlarla kifayətlənməyən ölkə rəhbərliyi iqtisadi islahatları daha da sürətləndirir. Dövlət başçısı İlham Əliyevin dediyi kimi, "biz 20 il ərzində həm siyasi, həm iqtisadi sahədə köklü islahatlar aparmaqla ölkəmizi yeni müstəviyə gətirib çıxarmışıq. Azərbaycan artıq ortagəlirli ölkələr sırasındadır, qarşıya vəzifə qoyulubdur ki, yüksəkgəlirli ölkələr sırasında olsun, inkişaf etmiş ölkəyə çevrilsin. Bunun üçün iqtisadi islahatlar davam etdirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB