Orta Şərq tamamilə fərqli bir dünyadır. İraqda 2-3 gündə bir 50-60-80 adam öldürülür, buna alışan insanlar isə baş verənləri faciə deyil, adi hal kimi qəbul edir. Oralarda demokratiya da yoxdur, həssas tarazlıqlar da. Pulun dəyəri düşəcək, işsizlik artacaq kimi qayğılar da yoxdur.
Müharibəyə, səs-küyə alışıblar. Savaş "çarxı" kiçik diametrdə belə olsa haradasa bir yerlərdə fırlanır. "Livanın nizamı necədir, insanlar hansı tarazlıqlar içində necə yaşayır?" deyə soruşsalar cavab verməkdə çətinlik çəkərik. Misirdə dəqiq olaraq hansı dəyişikliklər yaşandı, İran nəyə, necə hazırlanır? Fələstin-Qəzza-İsrail münasibətləri nə vəziyyətdədir? Amerika İsrailin beyninə yeni hansı fikirlər əlavə edir? Bu suallara aydın cavablar verə bilmərik. İrandakı siyasi quruluşu sənədlərə baxmadan izah etmək mümkün deyil. Vəlayəti Fakih, Məsləhətçilər Şurası, Konstitusiyanı Qoruyucular Şurası, Təhlükəsizlik Şurası, sonra dövlət başçısı, bir çox təşkilatlar və bir çox təşkilati əlaqələr...
Orta Şərq qaynayan bir qazandır. Bura demokratiya zad gələ bilməz. Dini quruluşu da qarmaqarışıqdır. Şiələr də, sünnilər də canlı bombaya fitva verir. Çox dərin və eqoist ixtilaflar var. Heç biri bir-birinə güvənmir, "İsrailə qarşı olmaq"dan başqa ortaq nöqtələri yoxdur. İran nüvə silahı əldə etməyə çalışır, Səudiyyə Ərəbistanı nüvə silahlarını hazır almaq niyyətindədir. Xalqlar, sıravi insanlar pərişandır. Çağırsalar və ya iş versələr çoxları Avropaya üz tutur. Neftin onsuz da heç bir faydası yoxdur? İran narkotik istifadəsində dünyanın öndə gedən ölkələrindən biridir. O qədər sərt cəzalara, qanunlara baxmayaraq, insanlar imkan tapdıqca məsti-xumar olmağa və heç nə düşünməməyə çalışır. Orta Şərq bir "müharibə üçün sərbəst bazar" kimi bütün pisliklərə açıqdır. Bəs bu savaş mühitinin alışılmış hadisələr axarı bir gün bir qiyamətə çevrilə bilərmi? Belə bir ehtimal İsrail-Amerika-İran əlaqələrinə bağlıdır. Belə bir ehtimalın gerçəkləşmə ehtimalı da var.
Amerika İrandakı nüvə araşdırmalarını bütün imkanlarından istifadə etməklə izləyir və nəzarətdə saxlayır. Amerikanın Suriya mövzusundakı həssaslığı, oranın İran hakimiyyətinin təsiri altına keçməsi ehtimalından ötəridir. O təqdirdə İranın cəbhəsi genişlənər və orada Rusiyanın da rahatlıqla ayaq qoyacağı bir meydan yaranar. Onsuz da yavaş-yavaş yerləşməyə başladı. Hələlik Amerikada keçiriləcək seçkilərdən dolayı hiylə dolu bir sükunət var.
Doğrudur ABŞ İraqda və Əfqanıstanda yoruldu. Amma, yorulmasının səbəbi oralarda öz mənafeyi naminə "demokratiya" qurmağa getməsidir. Orta Şərqdə çıxacaq bir qiyamətdə də yalnız neft bölgələrini qoruyar, geridə qalan şəhərlər, insanlar önəm kəsb etmir. Yəni Amerika iqtisadi maraqları uğuruna bölgə insanının itkisindən narahat olmaz.
Öncədən proqnoz vermək çətindir, lakin İranın strateji mövqeyi bölgə üçün narahatlıq yaradır. O, indi nüvə fəaliyyətlərinin gizli hissəsindən kimsənin xəbərdar olmadığını sanır, halbuki elə deyil. Addım-addım izlənir. Kritik nöqtəyə gəldiyi təsbit edildiyində heç ağıla gəlməyən hadisələr yaşana bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB