Və ya qonşu qonşu olsa
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, müxtəlif inkişaf mərhələləri və həlli prosesində ortaya çıxan çətinliklər onun nə qədər mürəkkəb və ziddiyyətli bir xarakter daşıdığını açıq-aydın nümayiş etdirir. Münaqişəsinin həlli indi regionun ən mühüm və prioritet məsələlərindən birinə çevrilib. Azərbaycan 21 ildən çoxdur ki, bu problemin psixoloji və siyasi təsiri altında yaşayır. Bir milyondan çox insan qaçqın düşüb, məcburi köçkünə çevrilib.
Münaqişənin həllində beynəlxalq ictimaiyyətin mövqeyi
Məsələnin bir qədər dərinliyinə vardıqda, əslində, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gerçək nəticələri daha ağır və faciəlidir. Bu münaqişə Azərbaycan xalqı üçün Xocalı faciəsi deməkdir. Bu münaqişə hamının yaddaşında Şuşanın işğalı kimi ağrılı bir məğlubiyyətin acınacaqlı simptomlarını daşıyır. Yeni dövrün ədalət anlayışına heç bir aidiyyəti olmayan gərçəkləri bizi daha çətin və çıxılmaz vəziyyətlərə sürükləyir. İndi münaqişənin həlli elə bir mərhələyə gəlib çatıb ki, burada beynəlxalq ictimaiyyətin mövqeyi kifayət qədər mühüm rol oynamaq imkanındadır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən sonra bu istiqamətdə apardığı siyasət məhz dünya ictimaiyyətini beynəlxalq hüquq normalarının tələb etdiyi ədalət müstəvisində birləşdirməyə yönəlmişdir. Ötən dövrdə sozügedən istiqamətdə həm iqtisadi, həm də siyasi mənada bir çox mühüm addımlar atılıb. Azərbaycanın iqtisadi cəhətdən möhkəmlənməsi, dünyanın qüdrətli dövlətləri ilə etibarlı tərəfdaşlıq münasibətlərinin qurulması, ayrı-ayrı beynəlxalq təşkilatlarla aparılan uğurlu diplomatik iş nəticəsində bu gün Ermənistanın təcavüzkar olması faktı rəsmi və ya qeyri-rəsmi şəkildə etiraf edilməkdədir. Amma bütün bu nailiyyətlər "ikili standartlar" amilinin aradan qaldırılmasına, hələ ki, gətirib çıxara bilməyib.
Bu dövlətlər Ermənistanı işğalçı kimi tanıyır
Artıq dünyanın bir sıra dövlətlərinin parlamentləri, o cümlədən Meksika Senatı, Pakistan Senatı, Misir, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin pisləndiyi, Dağlıq Qarabağda, Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyi qeyd olunan, işğal faktının təsdiqlənməsi ilə bağlı qətnamələr qəbul ediblər.
Son olaraq Kolumbiya Senatının Xarici İşlər və Milli Müdafiə məsələləri üzrə II Konstitusional Daimi Komitəsində "Azərbaycan Respublikası ərazisinin qanunsuz işğal edilməsi" haqqında qərar qəbul edilib.Komitənin sədri senator Alexandra Moreno Pirakive tərəfindən səsverməyə çıxarılmış sənəddə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı və Xocalı faciəsinin məhz soyqırımı aktı olması öz əksini tapıb. Layihə komitə üzvləri tərəfindən qəbul edildikdən sonra Senatın plenar sessiyasına çıxarılmış və yekdilliklə təsdiq olunub.
Sənəddə birmənalı şəkildə bildirilir ki, Kolumbiya Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinin və onun ətrafındakı 7 rayonun qanunsuz hərbi işğalını qəbul etmir, dinc əhaliyə qarşı törədilmiş fiziki işgəncə və zorakılıqları, xüsusən də Xocalı soyqırımı zamanı yol verilmiş hərəkətləri pisləyir və Ermənistan hökumətini BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyə çağırır".
Qonşu ölkələr niyə susur?
Latın Amerikası ölkələrinin parlamentləri tərəfindən ədalətli qərarların qəbulu qonşu və regional dövlətlərin bu mənada susqun münasibəti fonunda baş verir. Görəsən, okeanın o tayından açıq-aşkar görünən həqiqətə qonşu dövlətlərimiz niyə göz yumur?
Pakistan da Azərbaycanla dost, həm də iqtisadi-siyasi əlaqələri olan bir dövlətdir. Lakin Meksika və Kolumbiyanın Xocalı soyqırımını tanımasına və Ermənistanı işğalçı dövlət olaraq qəbul etməsi, Azərbaycan diplomatiyasının uğurundan xəbər verir.
Region dövlətlərinin laqeyd münasibəti isə əlbəttə ki, təəssüf doğurur. Məhz qonşu ölkələrin, xüsusilə, qardaş Türkiyənin parlamentində, özünü İslam dövləti və müsəlman ölkələrinin öncülü hesab edən İran parlamentində, sıx dostluq əlaqələrimizin olduğu Gürcüstanda bu məsələyə baxılmaması, və yaxud baxılsa da, konkret ciddi qərarların qəbul edilməməsi bizi narahat etməyə bilməz. Hər halda bu dövlətlər eyni zamanda Ermənistanla da qonşu olduqlarına görə, o ölkə ilə münasibətlərinin zədələnməsini istəmirlər. Qonşu dövlətlərin parlamentləri bu məsələyə tərəf saxlamadan, konkret, obyektiv yanaşaraq qərar qəbul etməlidirlər.
Avropa ölkələr də real hadisələrə qiymət verməkdən çəkinirlər. Bu isə Avropanın ikili standartlarından xəbər verir.
Azərbaycan digər ölkələrdən də analoji addım gözləyir. Əlbəttə, bizimlə dostluq münasibətlərində olan bir çox ölkələrin də məsələyə konkret, obyektiv qiymət verməsi vacibdir. Rusiyanın mövqeyi çılpaqlığı ilə ortada olduğu üçün ondan hər hansı bir ədalətli addım gözləmək yersizdir. Lakin Meksika və Kolumbiya kimi dövlətlərin də Xocalı soyqırımını tanıması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığına, diplomatiyamızın ildən-ilə daha böyük uğurlar əldə etməsindən xəbər verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB