"Avro-2012"nin final matçını üzləmək üçün Kiyevə gələn Polşa prezidenti Bronislav Komarovski "Avropanın sonuncu diktatoru", Belarus prezidenti Aleksandr Lukaşenko ilə üzləşməkdən yayınmağa müvəffəq olub. Ona və digər Qərb liderlərinə bununla bağlı köməyin isə Gürcüstan prezidenti Mixail Saakaşvi tərəfindən göstərildiyi önə çəkilir.
Amma sözügedən məsələ "Avro-2012"-nin finalına siyasi rəng qatmaq üçün yeganə qeyd edilən cəhət deyil. Polşanın dövlət başçısı Komarovski İtaliya və İspaniya komandaları arasındakı yekun matçdan öncə Ukrayna müxalifətinin təmsilçiləri ilə görüşüb. Daha sonra ukraynalı həmkarı Viktor Yanukoviçlə söhbətləşib. Komarovski ona "Avro-2012"-nin birgə təşkilinə görə təşəkkürünü bildirib. Bundan öncə isə müxalifət liderlərinə Ukraynanın Avropaya inteqrasiyası ilə bağlı şübhələrinin olduğunu deyib. Onun sözlərinə görə, ölkə gündən-günə avtoritarizmə meyl göstərən hakimiyyətin yaratdığı münaqişələrlə əlamətdardır. Polşanın dövlət başçısı həmçinin bu ilin oktyabrına planlaşdırılan parlament seçkisi zamanı Ukraynaya çoxlu sayda müşahidəçi göndərəcəyini vurğulayıb. Hazırda həbsdə olan eks-baş nazir Yuliya Timoşenkoya salamlarını çatdırmağı xahiş edib. Müxalifət liderləri üzərində "Yuliya Timoşenkoya azadlıq!" şüarı yazılmış futbol geyimini Komarovskiyə hədiyyə ediblər. Onlar Polşanın dövlət başçısından həmin formalardan birini Ukrayna prezidenti V.Yanukoviçə verməsini də istəyiblər. Təbii ki, Komarovskinin bu xahişi yerinə yetirməsi mümkünsüz olub.
Polşanın "Gazeta Wyborcza" nəşri ölkə prezidentinin Ukrayna səfərinin kurioz anlarından bəhs edərkən yazır ki, final matçını izləyəmə gələn A.Lukaşenko ilə qalmaqalın baş verməsinin qarşısını almaq missiyasını öz üzərinə Gürcüstan prezidenti M.Saakaşvili götrmüşdü. Sonuncu matçın gedişində hər vasitə ilə Belarus prezidentini əyləndirirdi.
Ümumən Lukaşenkonun Kiyevə gələcəyi Polşa mətbuatına iyulun 27-dən məlum idi. Həmin vaxtdan birincinin Komarovski ilə görüşməsi məsələsi siyasi kluarlarda aktiv müzakirə olunurdu. Hətta Polşa sağçıları "Avro-2012"-nin təşkilatçılarından Belarusun dövlət başçısını arzuolunmaz şəxs adlandırmağı tələb etmişdilər ki, "qorxulu görüş" baş tutmasın. İş o yerə çatmışdı ki, Polaşının xarici işlər naziri Radoslav Sikorski müxaliətdən idmanla siyasəti səhv salmamağı tələb etmişdi.
"Avropanın sonuncu diktatoru" İtaliya-İspaniya matçına tamaşa etməyə kiçik oğlu Kolya ilə birgə təşrif buyurmuşdu. Yeri gəlmişkən, Qərb mətbuatı artıq onu gələcək "sonuncu diktator" adlandırır. Kütləvi informasiya vasitələri Kolyanın əlində Venesuelada gördükləri "qızıl tapança"nın olub-olmadığını müəyyənləşdirməyə çalışırdılar. Saakaşviliyə gəldikdə isə, o, Lukaşenko ilə yanaşı oturaraq onunla o ki var söhbətləşir və zarafat edirdi. Medianın yazdığına görə, Gürcüstan prezidenti özünü diktatordan qorxmayan adam kimi göstərməyə çalışırdı. "Olimpiyski" stadionunun yerdə qalan siyasi qonaqları - İtaliyanın və Polşanın prezidentləri, İtaliya və İspaniyanın baş nazirləri, Ukrayna prezidenti qonşu kürsüdə əyləşməklə Belarusun dövlət başçısından gizlənməyə çalışırdılar. Öncədən qurulmuş oyunun məqsədi onda idi ki, Lukaşenko kənara nəzər yetirməsin, Qərb liderləri ilə görüşməyə doğru yol almasın. Qonaqlar da çalışırdılar ki, "sonuncu diktator" olan tərəfə ümumiyyətlə baxmasınlar.
Avropa mətbuatının "Avro-2012"-nin final matçı ilə bağlı siyasi təəssüratlarında yekun məqam bundan ibarət idi ki, A.Lukaşenko Qərb liderlərinin üzünə baxmaqdan utanırdı. Öz növbəsində onlar da diktator kimi qələmə verilən şəxsə nəzər salmaqdan çəkinirdilər. Bu məsələdə KİV-lərin fikrincə, ən abırsız adam kimi Gürcüstan prezidenti M.Saakaşvili çıxdı. O, "sonuncu diktator"la nəinki deyib-güldü, hətta onun oğlu Kolyanı əyləndirdi də. Amma buna izah da tapılır. Bildirilir ki, Saakaşvili hələlik uğurlu bir şəkildə rəsmi Minskin Abxaziya və Osetiyanın müstəqilliklərini tanımamasına nail olur. Buna görə də Gürcüstanın dövlət başçısının abırsızlığını bağışlamaq olar. Görəsən, Qərb tərəfdaşları da məsələni belə qəbul edəcəklərmi - mətbuat bu məqam üzərində də dayanır.
168.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB