“Freedom House” köhnə şərqisini zümzümə edir-TƏHLİL

"Freedom House" növbəti hesabatında da Azərbaycanla bağlı qərəzli subyektiv mülahizələrə yer ayırıb. Hesabatlarında Azərbaycanı "qeyri azad" ölkələr sırasında göstərən təşkilat Ermənistanı "demokratiyanın öncüsü" kimi qələmə verir.

"Freedom House"un sevimlisi

Baxmayaraq ki, Ermənistanda dinc etirazçılar gülləboran edilir, bu ölkədə hakimiyyətə narkobaronlar nəzarət edir, amma bütün hallarda işğalçı dövlət "Freedom House"un sevimlisi olaraq qalır. Hətta hesabatlarının birində Dağlıq Qarabağın Azərbaycandan ayrı ərazi vahidi kimi göstərilməsi və separatçı rejimin mafioz metodları ilə idarə etdiyi Qarabağda "demokratiyanın inkişaf etməsi" iddiası da bu təşkilata məxsusdur.

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının dediyi kimi bu təşkilat erməni lobbisindən "qidalanır" və qeyri-obyektiv yazılar yayır: "Freedom House"un yaydığı informasiyalara diqqət yetirdikdə məlum olur ki, Azərbaycanı Ermənistandan aşağı göstərmək istəyirlər. Bunun da səbəbi var - bu cür təşkilatlar və onların rəhbərləri bəzi erməni lobbisindən "qidalanır" və bu səbəbdən Azərbaycana qarşı qərəzli mövqe tutur".

Hesabatlar nə dərəcədə ədalətlidir?

Əslində millət vəkilinin bu cür düşünməkdə kifayət qədər əsası var. Strukturlarında 9 nəfər təmsil olunduğu, ümumi işçi heyəti 28 nəfərdən ibarət təşkilat hər il dünyanın 200 ölkəsindəki ictimai-siyasi vəziyyət barədə hesabat hazırlayır.

Əməkdaşların az sayda olmasına baxmayaraq hər bir ölkə ilə bağlı çox səhifəli hesabatlar hazırlanır. Deməli təşkilat məlumatları öz əməkdaşları vasitəsilə deyil, yerlərdə fəaliyyət göstərən QHT və media qurumlarının göndərdikləri hesabatlarla əldə edirlər. Azərbaycanda da vəziyyət bu cürdür və "Freedom House" ölkəmizdə bir sıra qeyri-hökumət təşkilatından məlumatlar almaqdadır. Əsasən müxalifət yönümlü QHT və siyasi partiyaların göndərdikləri məlumatlar əsasında hesabatlar hazırlayan bir beynəlxalq təşkilatın mövqeyinin nə dərəcədə ədalətli olduğu şübhə doğurur.

"Freedom House"un hesabatına görə, tənəzzülün müşahidə olunduğu ölkələr sırasına Belarus, Azərbaycan, Qazaxıstan, Tacikistan, Ukrayna daxildir. Belarus, Azərbaycan, Qazaxıstan, eyni zamanda "Vətəndaş cəmiyyətinin tənəzzülü" və "Məhkəmə sisteminin müstəqilliyinin tənəzzülü" reytinqinə də daxil olublar. Maraqlıdır ki, keçmiş kommunist ölkələri arasında inkişaf Ermənistan da daxil olmaqla, Moldova və Gürcüstanda qeydə alınıb.

"Azadlıq evi"nin iç üzü

Siyasi elmlər doktoru Cümşüd Nuriyevin sözlərinə görə, "Freedom House" qeyri-hökumət təşkilatı olmasına baxmayaraq, əslində təhlükəsizlik orqanlarına xidmət edən bir qurumdur: "Çünki bu təşkilatın qurucuları təhlükəsizlik orqanlarının keçmiş əməkdaşlarıdır. Onlar da ABŞ-ın dünyadakı maraqlarının təmsilçisi statusunda çıxış edir. Çünki təşkilatın əsas maliyyə dəstəkçisi ABŞ Dövlət Departamentidir".

"Freedom House"un yaydığı hesabatın arxasında müxtəlif maraqlar dayandığına diqqət çəkən siyasi ekspert bunun bir neçə səbəbi olduğunu bildirib: "Birinci maraq ondan ibarətdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynamağa başlayır. Bu, Rusiyanın həmin sektordakı monopoliyasına, inhisarçılığına son qoya bilər.

İkincisi, "Freedom House"un Azərbaycana olan hücumunun arxasında ölkəmizin yeni qaz resurs yataqları durur. Məlumdur ki, dünyada bir enerji qıtlığı yaranıb və bunun aradan qaldırılması üçün dövlətlər yeni mənbələr axtarırlar. Burada açıq savaş gedir. Qərb dünyası bütünlüklə ingilislərin əlində olduğuna görə, ABŞ maraqları burada təmin olunmur. Məhz "Ərəb baharı" da buna xidmət edirdi ki, oranın şimal hissəsini ələ keçirsin. Ümumiyyətlə, bütün bunların arxasında ABŞ-ın razılaşdırılmamış maraqları vardır. Nə qədər bu maraqlar təmin olunmayıb, belə addımlar atılacaq. Bu da, o cür qeyri-hökumət təşkilatları, eləcə də Azərbaycanda fləşkart olan müxalifətin əli ilə gündəmə gətirilir".

Üçüncüsü, "Freedom House" bu qədər insan hüquq və azadlıqlarını qorumaq istəyirsə, onun carçısıdırsa, Azərbaycanda bir milyon qaçqın var. Bu təşkilat nə vaxt ermənilər tərəfindən doğma yurdlarından qovulan qaçqınların hüquqları ilə bağlı bəyanatlarla çıxış ediblər? Belə bir şeyin şahidi olmamışıq. "Freedom House" belə insan hüquqlarını qoruyursa, ABŞ-da "Uoll-Striti zəbt elə" hərəkatında 700 nəfəri həbs etdilər, onlardan bir çoxu hələ də həbsxanadadır. İngiltərədə 13 yaşlı uşağı həbs etdilər, hamilə qadının qollarına qandal vurdular. Onlar da bu günə qədər həbsxanada saxlanılır. Kanadada tələbələr öz haqlarını tələb edirlər, onlara qarşı fiziki işgəncələr tətbiq olunur. İspaniyada, Yunanıstanda, Almaniyada, Fransada buna bənzər olaylar yaşanır. Nəyə görə "Freedom House" bunlarla bağlı bəyanat hazırlamır. Bu günə qədər ən çox insan haqlarının pozulduğu ölkələr Avropadadır, amma bunlarla bağlı heç bir bəyanat səsləndirilmir".

Hesabatlar reallığı əks etdirmir

C. Nuriyev "Freedom House" və bu kimi təşkilatlara və onların yaydığı hesabatlara ciddi reaksiya göstərməməyin tərəfdarı olduğunu deyib: "Biz vaxtı ilə bunlara kifayət qədər fikir verdik, onlar da bir növ bundan yararlanmağa çalışdılar. Halbuki, hesabatlar reallığı qəti surətdə əks etdirmir və onun arxasında müəyyən dövlətlərin maraqları dayanır. Bu vasitələrlə Azərbaycana təzyiq, təsir göstərmək istəyirlər. Ona görə də onların növbəti bəyanatı da zibil qutusuna atılacaq bir statusdadır".

Büdcəsinin 60-70 faizi ABŞ Dövlət Departamentinin qrantları hesabına formalaşan "Freedom House" adlı qurum Amerika vergiödəyicilərinin milyonlarla vəsaitini ayrı-ayrı siyasi və biznes dairələrin maraqlarının təmin olunmasına yönəldirsə, müəyyən güclərin, dairələrin siyasi təzyiq funksiyasını yerinə yetirirsə, deməli təşkilat əslində azad və müstəqil şəkildə fəaliyyət göstərmir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...