Hamburqda nasistlərin yürüşü - TƏHLİL - FOTOLAR

Rəqəmlərsə yalnız maddi ziyandan danışır


Ən azı bir həftə əvvəldən nəinki Hamburq şəhərində, Almaniyada, hətta Avropada, dünyada özündən söz yaradan nasistlərin nümayişi artıq arxada qaldı. Rəsmilər media üçün asayiş pozuntusu ucbatıdan dəyən ziyanı elan eləməyə tələsdilər – 1.5 milyon avro! "Adi" bir nümayişdə yaşanan, adi bir asayiş pozuntusundan əmələ gələn bu rəqəm nəhəngliyinə görə diqqəti cəlb eləməli və bəzi digər məqamlara kölgə salmalı idi. Müəyyən mənada elədi və saldı da.

Bir az əvvələ qayıtsaq pis olmaz. Buna qədər olanlardan artıq demək olar ki, xəbərdarsınız. Nasistlər (ya da indiki halda neonasistlər) bu dəfə ozlərinə Hamburg şəhərini məkan seçmişdilər. Şəhər hakimiyyəti də nümayişə icazə vermişdi. Halbuki, iki il bundan əvvəl onlar elə həmin Hamburg meriyasından etiraz almışdılar və nasistlər oz məqsədləri üçün daha kiçik məkan olan Hamburqun lap yaxınlığındakı kiçik Pinneberg şəhərini seçməli olmuşdular. Elə 2010 və 2011-ci illərdə də nümayişin keçirildiyi şəhərlər (Hildesheim və Braunschweig) ölçülərinə görə Hamburqla heç müqayisəyə belə gəlməzlər. Nəhəngliyinə və yükdaşınmasına görə Avropada ilk beşliyə daxil olan limana sahib olan Hamburqu hərdən Avropanın Nyu-Yorku da adlandırırlar. Bənzətmə də Hamburqun məhz beynəlmiləl şəhər olmasına görə aparılır. Məhz elə limanın hesabına Hamburq əvvəldən dünyanın hər yerindən gələn insanlar üçün yeni vətən olub. Almaniyanın ikinci ən böyüyü həm də bu ölkənin ən "rəngli" şəhəridir. Belə olduqda nasistlərin "Almaniya almanlar üçün" şüarı ilə Hamburqa can atmaları anlaşılır. Hamburq hansısa kiçik bir Pinneberg deyil...

Artıq bir neçə gün əvvəldən Hamburqun otelləri çağırışlara qoşulanlarla dolmağa başlamışdı. Artıq Cümə günü (nümayiş şənbə gününə təyin edilmişdi) 50 avrodan ucuz otel nömrəsi tapmaq müşkül məsələ idi. Həmişə turistləri ilə bol olmasına baxmayaraq şəhərdə nasistlərin gəldiklərini hiss eləmək çətin deyildi. Tatuyajlı boyun, boğaz, bədən, üstü yazılarla bəzənmiş qara futbolkalar, gödəkçələri, saymazyana davranışları onları ayırırdı. Və bir də S bahn, U bahnlarda (metrolar) açıq-açığına pivə içmələri (bu ilin yanvar ayından Hamburqda ictimai nəqliyyatda spirtli içki içmək qadağan olunub). Yeri gəlmişkən, sonuncu səbəb əsas verirdi ki, əvvəl günlərdən fərqli olaraq daha çox gözə dəyən polislər onları saxlayıb, nəqliyyatdan düşürüb və qayda pozucuları kimi lazımi tədbirlərə əl atsınlar.

Əsl həngamə isə növbəti gün, ayın 2-də başladı. Bir şəhərdə eyni vaxtda iki nümayişə start verildi. Daha çox yadda qalmaq üçün özünəməxsus planları, şüarları olan nasistlər və onların yürüşünə etiraz olaraq küçələrə çıxan digərləri. Nasistlərin yürüşünə mane və etiraz əlaməti olaraq yola çıxarılan zibil konteynerləri başlanğıc oldu. Zibil konteynerləri nasistlər tərəfindən bir-birinin ardınca yandırılmağa başladı. Tezliklə ətrafdakı avtomobillər də eyni taleni yaşamağa başladı. Nümayişin keçirildiyi küçə alov və tüstüyə büründü. Bu isə hər hansı bir qayda pozuntusuna dözümsüz olan alman polisinə kifayətdən də artıq idi. Yekun rəqəm belə idi – 600-ə qədər asayiş pozuntusu saxlanılıb. Və yenə də dəyən maddi ziyan – 1.5 milyon avro. Əlbəttə, rəqəm heyrətə gətirir. Amma, başqa məqamlar daha qorxunc görünür. Məsələn, son 4 ilə nəzər salanda görmək olar ki, nasistlərin nümayişləri getdikcə daha geniş vüsət almaqdadır. İki böyük "qarşıdurma" – özü ilə saysız problemlər gətirən, leqal, qeyri-leqal immiqrantlar və bu məqamdan daha çox istifadə etdikləri hiss olunan nasistlər - getdikcə kəskinləşir. Yaxın bir neçə il sonraya belə verilən proqnozlar sürprizlərlə alt-üst edilə bilər. Sürprizlərləmi? Kimlər üçünsə yəqin ki,yox. Amma, düşündüklərini deyən bu sadə adamlar üçün mümkündür:


Alena Berg (tibb bacısı) - Bu iyrənc bir şeydir. Onlar hamısı sərxoşdur. 10 metrlikdən adamı spirt qoxusu vurur. Mənim alman olmağım belə mənə əminlik vermir ki, hər an hansısa təhlükə ilə rastlaşmayacam. Hərdən mənə elə gəlir ki, bu, almanlar üçün qurulmuş növbəti bir tələdir və xüsusi qüvvələr tərəfindən idarə olunur, maliyyələşir.


Tom Müller (menecer) - İki ayrı-ayrı qütblərdə dayanan problemlə üzləşmişik. Birində hər hansı yollarlasa ölkəyə axışan, heç bir vergi ödəmədən qara işlərlə məşğul olan, illərlə burda yaşadıqları halda almanca ən adi səviyyədə danışa bilməyən immiqrantlar və ən adi davranışlarıdan belə aqressivlik yağan, beyinləri pozulmuş nasistlər. Bunun sonunun hara getdiyini mən təsəvvür edə bilmirəm.


İsmayıl Dəniz (avtoçilingər) – Mən özüm və həyat yoldaşım işləyirik. Vergi ödəyirik. Uşağımız məktəbə gedir. Çoxlu alman dostlarımız, tanışlarımız var. Amma bunları sinəmə yazıb küçədə gəzə bilmərəm ki, mənə dəyməsiinlər. Bunlar üçün yazmaq da kömək eləməz, bunlar hamıya qarşı aqressivdirlər.


Belə... Avropanın göbəyində hansısa məqamda nəzarətdən çıxa biləcək kimi görünən , "adi" bir nümayişdən iğtişaşa qədər dəyişə bilən hadisələr çox düşündürücüdür.


Şahin Abasov,

SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə