Türkiyə Böyük Millət Məclisinin İnsan Haqları Komissiyası Almaniyada 2000 - 2006-cı illərdə neonasistlər tərəfindən 8 türk və 1 yunanın öldürülməsi hadisələri yenidən gündəmə gətirib.
Siyasətçilər xalqı qızışdırır
Almaniyada apardıqları araşdırmalar nəticəsində irihəcmli hesabat hazırlayan komissiya bu ölkə başda olmaqla, Qərbdə artan "əcnəbi düşmənçiliyi"nin əsasən siyasətçilər və media tərəfindən qızışdırıldığı nəticəsinə gəlib. 88 səhifəlik hesabatda, neonasist cinayətlərinin qarşısının alınmasında təhlükəsizlik və polis təşkilatlarının laqeydlik göstərdiklərinə diqqət çəkilib. 2012-ci ilin ilk üç ayında yalnız türklərə qarşı 29 müxtəlif hücumlar təşkil edilib. Ötən il əcnəbilərə yönəlik ümumilikdə, 3 min 627 "irqçi" hücumun yaşandığı vurğulanıb. Medianın ölkədəki əcnəbiləri "narkotik, mafiya, hədə-qorxu" kimi hadisələrlə günahlandırdığı, nüfuzlu sağçı siyasətçilərin də xalqı qızışdırdığı qeyd edilib. Avropa daxilində gərginləşən irqçilik və əcnəbi düşmənçiliyinin son dərəcə narahatlıq verici həddə çatdığı təsbitinə yer verilən hesabatda, hadisələrin ardından başladılan istintaqların obyektiv aparılması çağırışı olub. "Radikal sağçı siyasi partiyaların da siyasi arenadakı varlığına son verilməlidir" deyilib.
Almaniyada irqçi cinayətlərin sayı artıb
Hesabata görə, Fransadakı irqçi cinayətlərin sayında son illərdə 100 faizlik bir artım yaşanıb. Almaniyada 2001-ci ildə bu tip cinayətlərin sayı 10 min 54 idisə, bu rəqəm 2009-cu ildə 18 min 750 olub. 1988-ci ildən bu günə qədər 24 türk əsilli vətəndaş irqçi səbəblərlə işlənən cinayətlər nəticəsində öldürülüb. Almaniyada 2012-ci ilin ilk üç ayında isə irqçi və əcnəbi düşmənçiliyi nəticəsində türklərə yönəlik 19 hadisə törədilib və ağırlıqlı olaraq məscidlər hədəf alınıb. Hesabatda, "Keçmişdə yəhudi əleyhdarlığı olaraq konkretləşdirilən irqçilik, yerini İslam qorxusu və düşmənçiliyinə buraxmışdır", deyilib.
Türk və ərəb immiqrantlara qarşı təhqir
Hesabatda, avropalı siyasətçilərin və medianın əcnəbi düşmənçiliyini qızışdırdığına işarə edilib. İrqçi hücumlar nəticəsində həyatını itirənlərin media tərəfindən guya bəzi cinayətlərdə iştirakına işarə edilərkən, "zərərçəkmiş ailələrin ən çox təəssüfləndikləri şey qətlə yetirilənlərin alman cəmiyyətinə "cinayətkar" kimi tanıdılmasıdır. Bundan dolayı cəmiyyətin onlara qarşı münasibətləri dəyişib, bir "zərər çəkənin deyil "cinayətkarın və ya "qanunsuz işlər gördüyü üçün" öldürülən əcnəbinin ailəsi kimi rəftar görməyə başlayıblar. Qonşuları ilə əlaqələri qopma həddinə çatıb, iş tapmaqda çətinlik çəkiblər, uşaqları məktəbdən uzaqlaşdırılıb, işlərini itiriblər, barmaqla göstərilən pis nümunə kimi tanıdılıblar" fikri dilə gətirilib.
İrqçi partiyalara və açıqlamalara da diqqət çəkilən hesabatda bunlar qeyd edilib: "İctimai Demokrat və Almaniya Mərkəz Bankının rəhbəri Thilo Sarrazinin və Xristian Sosial Birlik Partiyasının (CSU) lideri və Bavariya əyalətinin rəhbəri Horst Seehoferin türk və ərəb immiqrantlara yönəlik təhqiramiz açıqlamaları ictimaiyyətdə müsəlmanlara qarşı qorxu və narahatlığı ön plana çıxarıb. 2010-cu ilin noyabr ayında Almaniyanın daxili işlər naziri Tomas Maizierenin "İslami" terror olacağı şəklində açıqlamaları müsəlmanlara qarşı münasibətin sərtləşməsinə səbəb olub. Almaniyanın maliyyə naziri Volfgang Scahuble də qəzetlərdə türklərə qarşı ağır ifadələr işlədib. Bütün bu ifadələrin irqçilik və əcnəbi düşmənçilik fikirlərini qızışdırdığına şübhə yoxdur".
Alman kəşfiyyatı və polisi haqqında ciddi şübhələr var
Türkiyə Böyük Millət Məclisinin İnsan Haqları Komissiyasının hazırladığı hesabatın yekununda alman kəşfiyyatı, polisi və məhkəməsi haqqındakı iddialar da dilə gətirilir.
Bu mövzudakı bəzi müşahidə və təsbitlər hesabatda belə sıralanıb: "Neonasist cinayətlərinin qarşısının alınmamasında kəşfiyyat və polis təşkilatlarının laqeydlik göstərməsi və ya qəsdən qüsurlu davranması ilə bağlı iddialar və ehtimallar mövcuddur. Bu istiqamətdə aparılan araşdırmalar ən dərin nöqtələrə qədər getməlidir.
Ədalətli bir mühakimə ilə zərərçəkmiş insanlarda ədalət duyğusu təmin edilməlidir. Cinayətləri törədənlər, ona hər hansı bir şəkildə ortaqlıq edənlər ciddi istintaqla aşkar edilib cəzalandırılmalıdır. İnsan şərəfini heçə sayacaq hərəkətlərə dərhal son verilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB