Həlli uzadılmış münaqişələr NATO üçün ciddi narahatlıq predmetidir - ANALİZ

Bu gün ABŞ-ın Çikaqo şəhərində NATO-nun sammiti keçirilib. Sammitin gündəliyinə 3 əsas mövzu salınıb. SİA-nın verdiyi məlumata görə, bunlar NATO əsgərlərinin Əfqanıstandan tamamilə çıxarılması və Əfqan xalqına dəstək məsələsi, iqtisadi problemlər və təhlükəsizlik məsələləri, həmçinin, tərəfdaşlar arasında əlaqələrin möhkəmləndirilməsi məsələləridir.

Zirvə toplantısında 60-a yaxın ölkə problemlərin həlli üçün bir araya gələcək. Qeyd edək ki, NATO-nun Çikaqo sammitində Azərbaycan prezidenti İlham Əliyev iştirak edir. Beynəlxalq tədbirdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müddəa əksini tapıb: "Cənubi Qafqazda və Moldovada həlli uzadılmış münaqişələrin qalması Alyans üçün ciddi narahatlıq predmeti olaraq qalır".

Bu fikirlər NATO-nun Çikaqo sammitinin yekun bəyannaməsində öz əksini tapıb. Bundan başqa bəyannəmdə bildirilir ki, region ölkələri bu münaqişələrin həllində konstruktivlik və siyasi iradə nümayiş etdirməli və mövcud danışıqlar formatına hörmətlə yanaşmalıdır. Sammit iştirakçıları həmçinin münaqişə tərəflərini regional təhlükəsizlik və stabilliyi poza biləcək addımlardan çəkinməyə çağırıblar. Sənəddə həmçinin qeyd olunub ki, NATO Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqillik və suverenliyini dəstəkləməkdə davam edir, həmçinin bu regional münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə nizamlanması səylərini dəstəkləyir. Bu arada Azərbaycan prezidenti NATO-nun Çikaqo sammiti çərçivəsində Türkiyə Respublikasının Prezidenti Abdullah Gül ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq bildirilib, bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar. Bundan başqa İlham Əliyev Gürcüstan prezidenti Mixeil Saakaşvili ilə görüşüb.

Çikaqoda Azərbaycan və Gürcüstan prezidentləri David Qareci monastır kompleksi haqda məsələni müzakirə ediblər. Bununla yanaşı, İlham Əliyev və Mixeil Saakaşvili iki ölkə arasında olan tərəfdaşlıq və dostluq münasibətləri ətafında da fikir mübadiləsi aparıblar. Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bildirib ki, Mixail Saakşvili ölkəsinə qayıtdıqdan sonra Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasına dair dövlətlərarası komissiyasının Gürcüstan hissəsi yaradılacaq və məsələ ilə bağlı işlər gücləndirilmiş rejmdə davam etdiriləcək.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə