Azərbaycanın ali məktəblərində erməni dilinin tədrisi - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, bu günlərdə İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin türkologiya kafedrası tərəfindən Azərbaycan dilində ilk tədris vəsaitinin təqdimatı keçirilib. Vəsaitlə erməni jurnalistlərini İDU-nun şərqşünaslıq fakultəsinin dekan müavini Ruben Melkonyan tanış edib. "Azərbaycanşünaslıq türkologiyanın ayrılmaz tərkib hissəsidir. Ermənistanın müstəqilliyini əldə etməsindən sonra isə mövcud elmi istiqamət strateji əhəmiyyət daşımağa başlayıb. Məncə, Azərbaycan dilinin öyrənilməsinin zəruriliyi barədə əlavə danışmağa ehtiyac yoxdur. Azərbaycan bizim qonşumuzdur, düşmənimizdir və onun dilinin öyrənilməsi bizim üçün həm elmi, həm də siyasi cəhətdən lazımlıdır", - deyə o vurğulayıb.


168.az Azərbaycanda erməni dilinin tədrisi sahəsindəki vəziyyətlə maraqlanmaq üçün müəyyən araşdırma aparıb. Araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, ölkəmizdə erməni dili Bakı Dövlət Universitetinin tarix və Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakultələrində sistemli şəkildə tədris olunur.


BDU-nun Tarix fakultənin dekanı, tarix elmləri doktoru, professor Azad Rzayev saytımıza açıqlamasında əvvəllər fakultədə Türk və Qafqaz xalqları kafedrasının fəaliyyət göstərdiyini bildirib. 2012-ci ilin əvvəlindən isə Qafqaz xalqları tarixi ayrıca kafedra kimi təşkil olunub. Burada Qafqazda yaşayan xalqların (Azərbaycanlılar istisna olmaqla. "Azərbaycan tarixi" müstəqil fənn kimi tədris olunur) qədim dövrlərdən günümüzə qədər etnik, dövlətçilik tarixi, mədəniyyəti, həmçinin müasir dünyada Qafqazın yeri məsələləri və s. tədris olunur. Eyni zamanda regionşünaslıq (qafqazşünas) fənni çərçivəsində Gürcustanın, Dağıstanın və ermənilərin etnik və dövlətçilik tarixinin, mədənəniyyətinin öyrədilməsinə geniş yer verilir.


Tarix fakultəsində "Qafqaz tarixi"nin müstəqil fənn kimi 1992-ci ildən tədris olunduğunu deyən A.Rzayev ayrıca kafedranın yaradılmasını regionun daha geniş elmi tədqiqinə duyulan ehtiyacla əsaslandırıb. Konkret erməni dilinin tədrisinə gəlincə, dekan mövcud istiqamətdəki fəaliyyətin də bir neçə il öncədən başlandığını diqqətə çatdırıb. O, hazırda erməni dilində ayrıca dərs vəsaitinin və tədris proqramının olduğunu və təkcə erməni deyil, gürcü dilində də elmi monoqrafiyaların yazıldığını bildirib.


Azad müəllim fakultədə ermənişünaslıq laboratoriyasının fəaliyyət göstərdiyini də vurğulayıb. Laboratoriyanın da hazırda tarix elmləri doktoru, professor İradə Hüseynovanın rəhbərlik etdiyi Qafqaz xalqları tarixi kafedrasının tərkibində olduğunu bildirib. Kafedranın kadr potensialı barədə məlumat verən A.Rzayev orada erməni və gürcü dillərini bilən mütəxəssislərin olduğunu, onların sırasına yenilərinin qoşulması istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirildiyini vurğulayıb.


Azərbaycan Dillər Universitetinin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova 168.az-a açıqlamasında bildirib ki, erməni dili universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər fakultəsində Qafqazşünaslıq ixtisası üzrə tədris olunur. O, burada tələbələrə təkcə erməni dilinin deyil, eyni zamanda siyasi sisteminin, ədəbiyyatının və sair sahələrin də öyrədildiyini vurğulayıb. Fakultədə ermənişünaslıqla yanaşı, gürcüşünaslığa da böyük diqqət yetirildiyini deyən Z.Kazımova erməni dilinin 2010-2011-ci dərs ilindən başlayaraq tədris olunduğunu vurğulayıb.


Qeyd edək ki, erməni mətbuatı Azərbaycanda erməni dilinin tədrisinin olmadığını bildirərək bu meylin Azərbaycanın qonşuluq siyasətinin mənfi təzahürü kimi dəyərləndirib. Bu kontekstdə Azərbaycan rəsmilərinin işğal başa çatdıqdan sonra Dağlıq Qarabağ ermənilərinin dil, adət-ənənə azadlıqlarına hörmətlə yanaşılacağına dair fikirləri şübhə altına alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə