Strateji tərəfdaşlar kimi beynəlxalq təhlükəsizliyə töhfə verən iki dövlət arasında uzunmüddətli perspektivə hesablanmış əlaqələr qurulub
Azərbaycan Respublikası ilə ABŞ arasında münasibətlərin 20 ili tamam olur. Azərbaycan-ABŞ əlaqələrinin tarixinə nəzər saldıqda, geridə qalan 20 ilin ikitərəfli əməkdaşlıq baxımından səmərəli və məhsuldar keçdiyini söyləmək mümkündür. Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında möhkəm siyasi əlaqələr mövcuddur. Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci il tarixində tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il fevralın 28-də qurulub. 1992-ci ilin martında ABŞ-ın Azərbaycanda səfirliyi, 1992-ci ilin noyabr ayında isə Azərbaycanın bu ölkədə səfirliyi yaradılıb. Bu günə kimi iki ölkə arasında yüzə yaxın sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza formalaşdırılıb.
İki ölkə əlaqələrinin inkişafı isə məhz Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Xatırladaq ki, Ulu Öndər Heydər Əliyev Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərini 1997-ci ilin avqust ayında edib. O zaman Ümummilli Liderimiz bu səfərin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdı: "Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın əlaqələrinin əhəmiyyəti ondan ibarətdir ki, ümumiyyətlə, Qərb demokratiyasını, mədəniyyətini, Qərbdə həm iqtisadiyyat, həm siyasət sahəsində, həm də ictimai sahədə əldə olunmuş nailiyyətləri öyrənmək, onlardan bəhrələnmək, istifadə etmək, bu təcrübəni Azərbaycanda tətbiq etmək müstəqil dövlət kimi tutduğumuz yolda çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Amerika Birləşmiş Ştatları xüsusi yer tutur. Qərb texnologiyasını, Amerika texnologiyasını, Amerikanın iqtisadiyyatında inkişaf etmiş təcrübəni, prinsipləri, nailiyyətləri öyrənmək və onları Azərbaycana gətirmək, hesab edirəm ki, Azərbaycanın gələcəyi üçün çox lazımdır, zəruridir. Bunlarla yanaşı, şübhəsiz ki, Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etmək və bu əməkdaşlığı bütün sahələrə yaymaq da bizim həm dövlət quruculuğumuz üçün, həm də beynəlxalq aləmdə özümüzə layiq yer tutmaq üçün, Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün çox əhəmiyyətlidir və çox vacibdir".
Azərbaycan və ABŞ rəhbərlərinin, mütəmadi olaraq, baş tutan görüşlərində regional təhlükəsizlik məsələləri, o cümlədən, ABŞ-Azərbaycan iqtisadi əlaqələri, ölkəmizin antiterror koalisiyasında iştirakı, ən başlıcası isə, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ problemi ən çox müzakirə olunan mövzular sırasında yer alır. Azərbaycanla Birləşmiş Ştatlar strateji tərəfdaşlıq səviyyəsində münasibətlərə malikdir və Cənubi Qafqaz bölgəsində ölkəmizin lider dövlət olması səbəbindən Azərbaycan Birləşmiş Ştatlar üçün ən vacib və əhəmiyyətli tərəfdaşlardan biridir.
Eyni zamanda, Azərbaycan da ABŞ-la ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verir. Bərabərhüquqlu səviyyədə qurulan əlaqələr Azərbaycanın Qərb ölkələri ilə münasibətlərinin daha da genişləndirilməsinə xidmət edir. Bölgədə müəyyən iqtisadi maraqlarını gerçəkləşdirməyə çalışan ABŞ-la münasibətlər xarici investisiyaların cəlb edilməsi, dünya iqtisadiyyatına inteqrasiya, qlobal əhəmiyyətli regional layihələrin reallaşdırılması, ölkənin maliyyə gəlirlərinin artırılması və digər bu kimi hədəflərə yönələn Azərbaycanın mənafelərinə uyğundur.
Rəsmi Bakı ilə rəsmi Vaşinqton arasında münasibətlərin müsbət yöndə inkişafını göstərən cəhətlərdən biri isə hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu, Birləşmiş Ştatlar Konqresində isə "Azərbaycan üzrə İşçi Qrupu" fəaliyyət göstərir. Parlamentlərarası münasibətlərdə prioritet istiqamətlər kimi Azadlığa Dəstək Aktına "907-ci düzəliş"in tam ləğvi və "Cekson-Venik düzəlişi"nin Azərbaycana münasibətdə aradan qaldırılması məsələlərini göstərmək olar.
Azərbaycan və ABŞ hökumətləri arasında əməkdaşlığın dinamik inkişafı və ölkəmizin Birləşmiş Ştatların regionda vacib tərəfdaşı olduğu nəzərə alınaraq, ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələr tərəfdaşlıq səviyyəsinə yüksəldilib. Bu xüsusda, iki ölkə arasında yaradılmış birgə iqtisadi komissiyanı - Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasını, xüsusilə, qeyd etmək lazımdır. Komissiyanın ilk iclası 2007-ci ilin fevralında Bakıda, ikinci iclası isə 14 noyabr 2008-ci ildə Vaşinqtonda keçirilib.
Məlum olduğu kimi, Azərbaycan Birləşmiş Ştatlarla geniş iqtisadi əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlığın əsas istiqamətlərini isə Azərbaycanda neft və qaz sektorunun inkişafı, yeni boru kəmərlərinin tikintisi və istismarı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsi və s. təşkil edir. O da bəllidir ki, Birləşmiş Ştatlar Azərbaycanın enerji sahəsinə daha böyük maraq göstərir. Xüsusilə də, 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə ABŞ-ın bir sıra neft şirkətləri Xəzər dənizinin Azərbaycan sularında neft və qazın hasilatına cəlb olunub. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz layihələrinin uğurla reallaşmasında Amerika Birləşmiş Ştatlarının dəstəyinin böyük rolunun olması danılmazdır.
Bu gün həm Azərbaycan, həm də ABŞ rəhbərliyinin ikitərəfli münasibətlərə böyük önəm verməsi qarşılıqlı iqtisadi əməkdaşlığın bundan sonra da davam edəcəyini deməyə əsas verir. Bu isə hər iki ölkənin maraqlarına cavab verməklə bərabər, regionda təhlükəsizliyin və stabilliyin təmin olunmasına töhfədir.
Beləliklə, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq əlaqələri mövcuddur. ABŞ regionda enerji layihələrinin reallaşmasına böyük maraq göstərir və bu ölkə şirkətləri bölgədəki layihələrin gerçəkləşməsinə investisiyalar yatırırlar. Ümumiyyətlə, Avropa ilə Asiya arasında mühüm enerji dəhlizi rolunu oynayan Azərbaycanla bu sahədə əlaqələrə Birləşmiş Ştatlar hər zaman xüsusi önəm verib. Bildiyimiz kimi, Azərbaycanın iştirakı və razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə gerçəkləşdirilə bilməz. İki ölkə arasında beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində də yaxın əməkdaşlıq mövcuddur. Azərbaycan bu ölkənin terrora qarşı apardığı mübarizədə yaxından iştirak edir. Eyni zamanda, respublikamız NATO ilə də sıx əlaqələrə malikdir. Bu səbəbdən, Azərbaycan ABŞ üçün çox vacib regional tərəfdaşdır. Onu da qeyd edək ki, bu tərəfdaşlıq münasibətlərinin qorunub saxlanması və möhkəmlənməsi müəyyən dərəcədə Vaşinqtonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqedən asılıdır.
Qloballaşma proseslərinin sürətləndiyi və geniş vüsət aldığı müasir dövrdə dövlətlər arasında möhkəm əməkdaşlıq əlaqələrinin qurulması inkişaf və təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır. Məhz qarşılıqlı etimad və maraqlar əsasında qurulan Azərbaycan-ABŞ əlaqələri hər iki tərəfin mənafeyinə cavab verməklə yanaşı, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına da töhfədir. Hazırda dünyada gedən siyasi proseslər, müxtəlif ölkələr daxilində yaranan gərginlik, beynəlxalq cinayətkar qruplaşmaların, terrorçu təşkilatların fəaliyyətlərini genişləndirməsi təhlükəsizlik sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığının əhəmiyyətini dəfələrlə artırıb.
Qeyd olunduğu kimi, Azərbaycanla ABŞ arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkə rəsmiləri əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını dəfələrlə nümayiş etdirib və hazırda bütün sahələrdə əməkdaşlıq həyata keçirilməkdədir.
Bildiyimiz kimi, Azərbaycan-ABŞ münasibətlərinin mühüm istiqamətlərindən birini hərbi-siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq təşkil edir. Buraya Təhdidlərin Birgə Azaldılması proqramı və ABŞ-ın İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi proqramı, NATO çərçivəsində, eləcə də, beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylər, Azərbaycan sərhədlərinin, xüsusən də, dəniz sərhədlərinin möhkəmləndirilməsi, ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi və Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi sahəsində əməkdaşlıq və digər məsələlər daxildir.
Dünyanı narahat edən bir çox məsələlərdə Azərbaycanla ABŞ-ın mövqelərinin üst-üstə düşməsi uzunmüddətli strateji əməkdaşlığa imkan verən başlıca faktorlardandır. Belə ki, hər iki ölkə dünyada sülh və təhlükəsizliyin, əmin-amanlığın tərəfdarı kimi çıxış edir. Bu baxımdan, Azərbaycanla ABŞ arasında terrorçuluqla mübarizə sahəsində əməkdaşlığı xüsusi vurğulamaq lazımdır. Bildiyimiz kimi, son onilliklərdə dünyanı narahat edən başlıca problemlərdən birinə çevrilən terrorizmə qarşı mübarizə məsələsində ABŞ-da baş verən 2001-ci il 11 sentyabr faciəsindən sonra yeni mərhələnin başlanğıcı qoyulub. ABŞ-ın dünyada həyata keçirdiyi genişmiqyaslı antiterror əməliyyatlarına qoşulan ilk ölkələrdən biri də məhz Azərbaycandır. Bu vaxtadək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosovoda, İraqda, Əfqanıstanda gerçəkləşdirilən sülhyaratma əməliyyatlarında uğurla iştirak edərək, bu mübarizəyə öz töhfələrini verib. Hazırda isə Azərbaycan Əfqanıstandakı antiterror əməliyyatlarına hərbi heyətlə yanaşı, quru və hava məkanından yüklərin daşınması üçün istifadə olunmasına imkan verməklə də yardım göstərir. Birləşmiş Ştatlarla ikitərəfli əlaqələr və NATO ilə tərəfdaşlıq çərçivəsində görülən bu işlər ABŞ rəhbərliyi tərəfindən hər zaman müsbət qarşılanıb. ABŞ prezidenti və digər rəsmi şəxslər Azərbaycanın bu ölkənin Cənubi Qafqazdakı mühüm strateji tərəfdaşı olduğunu dəfələrlə vurğulayıblar.
Azərbaycanın antiterror əməliyyatlarında bu qədər fəal iştirak etməsi isə heç də təsadüfi deyil. Ermənistan tərəfindən dövlət terroru ilə üzləşən ölkəmiz əsasən dinc əhaliyə, qadın və uşaqlara qarşı yönələn bu cinayət fəaliyyətinin insanlıq üçün nə demək olduğunu yaxşı bilir. Doğrudur, bu gün Əfqanıstanda və digər regionlarda terrorizmə qarşı bir çox dövlətlərin iştirakı ilə fəal mübarizə aparılır. Lakin nəzərə almaq lazımdır ki, terrorçuluq problemi Cənubi Qafqazda da mövcuddur və bu bəladan əsasən Azərbaycan, ölkəmizin sakinləri, xüsusən də, uşaqlar zərər çəkir. Belə olan təqdirdə, Azərbaycan tərəfi haqlı olaraq terrorçuluğa qarşı mübarizədə ABŞ-dan ciddi dəstək gözləyir.
Lakin təəssüf ki, aşkar surətdə törətdiyi terror əməllərinə görə Ermənistan nə ABŞ-dan, nə də beynəlxalq ictimaiyyətdən hər hansı ciddi təpki almayıb. Halbuki regiondakı qeyri-stabilliyin və terror təhlükəsinin başlıca mənbəyi məhz işğalçı Ermənistandır. Bu ölkənin terrorçuluq fəaliyyəti də məhz onun işğal siyasətindən və mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyindən irəli gəlir. Doğrudur, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə fəallıq nümayiş etdirən ölkələrdən biridir. Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olan ABŞ problemin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həlli naminə öz səylərini əsirgəmir. Lakin çoxillik cəhdlərin uğurla nəticələnməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Ermənistana təzyiqlər artırılmalı, onun işğalçılıq və terrorçuluq əməllərinə son qoyması tələb olunmalıdır.
Qeyd etdiyimiz kimi, Azərbaycan-ABŞ münasibətlərində vacib məqamlardan biri bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olmasıdır. Digər tərəfdən, ABŞ həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bildiyimiz kimi, Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarılmasını tələb edən dörd qətnaməsi mövcuddur. Aprel ayının 30-da 822 saylı qətnamənin qəbul edilməsinin 19-cu ildönümü tamam oldu. Lakin təəssüf ki, digər həmsədr ölkələr də daxil olmaqla, ABŞ-ın münaqişənin həlli istiqamətindəki fəaliyyəti, hələ ki, arzuolunan nəticəyə gətirib çıxarmayıb.
Dünyada haqqın, ədalətin müdafiəçisi kimi tanınan bir ölkənin 20 ilə yaxın bir müddətdə davam edən işğal faktına yetərincə diqqət göstərməməsi, işğalçı ölkə ilə işğala məruz qalan ölkəyə eyni münasibət göstərilməsi Ermənistanın təcavüzkar siyasətini davam etdirməsi üçün imkanlar açmış olur. Nəhəng güc mərkəzi olan ABŞ-ın beynəlxalq aləmdə formalaşmış imicini və nüfuzunu nəzərə alsaq, qeyd edə bilərik ki, bu ölkənin münaqişənin həllinə və münaqişə tərəflərinə olan münasibəti danışıqların gedişatına əhəmiyyətli dərəcədə təsir göstərmək iqtidarındadır. Azərbaycan haqlı olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə çalışır. Ölkəmizin ədalətli mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır ki, bu da ABŞ və digər həmsədr ölkələrə işğalçı Ermənistana təcavüzkar siyasətdən əl çəkməsi üçün təzyiq göstərməyə tam əsas verir. Digər tərəfdən, Azərbaycanın 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü olması ölkəmizə TŞ-nin daimi üzvləri olan və ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrlə daha sıx əlaqələr çərçivəsində problemin həllinə səy göstərməsinə imkan verir.
Məlumdur ki, həmsədr ölkələrin rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini dəfələrlə bəyan ediblər. Eyni zamanda, bu ölkələrin mövqeyini təmsil edən həmsədrlərin hazırladığı Madrid təklifləri Azərbaycan tərəfindən qəbul edilib. Lakin işğalçı Ermənistan münaqişənin ədalətli həllinə apara biləcək istənilən addımdan imtina etdiyi kimi, bu təklifi də qəbul etməyib. Üstəlik, işğalçı ölkə ABŞ-ın daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasından da boyun qaçırır. Beynəlxalq nüfuzu olmayan, "oyuncaq" bir dövlətin, ABŞ da daxil olmaqla həmsədr ölkələrin çağırış və qərarlarını heçə sayaraq, işğal siyasətini davam etdirməsi ABŞ-ın regiondakı nüfuzuna xələl gətirir. Buna baxmayaraq, münaqişənin sülh yolu ilə nizamlanması məsələsində Azərbaycan dünyada söz sahibi olan ABŞ-ın beynəlxalq hüququn tələblərinə uyğun ədalətli mövqe sərgiləməsində, Ermənistana qarşı beynəlxalq təzyiq vasitələrini işə salmasında, Minsk Qrupunun fəaliyyətinin səmərəliliyinin artırılması üçün əməli addımlar atmasında maraqlıdır. Bu səbəbdən də, rəsmi Bakı rəsmi Vaşinqtonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki roluna böyük önəm verir.
Göründüyü kimi, Azərbaycanla ABŞ arasındakı münasibətlər strateji əhəmiyyətlidir və uzunmüddətli perspektivə hesablanıb.
"Səs" Analitik qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB