Karib böhranı gündəliyi və ya bəşəriyyətin xilaskarı Arxipov - MARAQLI

"Vasili Arxipov adlı insan yerdə həyatı xilas etdi". ABŞ-ın Milli Təhlükəsizlik Arxivinin direktoru Tomas Blenton 1962-ci ilin Karib böhranı zamanı sovet hərbi donanmasının adı tanış olmayan zabitinin misilsiz rolunu yalnız belə dəyərləndirməyin vacibliyini vurğulayır. Bəşəriyyət isə həmin böhranla bağlı onu bilir ki, SSRİ ilə ABŞ-ın qarşıdurması nəticəsində dünya az qala nüvə müharibəsinə sürüklənəcəkdi. Amma çox az adam məlumatlıdır ki, məhz Arxipov soyadlı şəxsin qərarı ilə üçüncü cahan savaşı başlamadı, bəlkə də insanlığın tamamilə məhvinin qarşısı alındı.


Ötən əsrin 60-cı illərinin mühüm olayına ekskurs edən T.Blenton bildirir ki, Arxipov SSRİ-nin mühüm zərbə qabiliyyətinə malik sualtı "B-59" qayığının yüksək rütbəli üç zabitindən biri idi. Qayıq 1962-ci ilin oktyabrının son günlərində digər 4 gəmi ilə birgə Kuba istiqamətinə doğru irəliləyirdi.


Həmin vaxtadək Sovet İttifaqının hərbçiləri gizlincə cəmi bir neçə dəqiqəyə ABŞ ərazisinə yetişməsi mümkün olan nüvə başlıqlı raket qurğularını Kuba ərazisinə yeritməyə müvəffəq olmuşdular. Bu, Moskvanı cəmi dörd saat müddətinə yer üzündən silmək potensialına malik ABŞ raketlərinin Türkiyədə yerləşdirilməsinə cavab tədbiri əhəmiyyəti daşıyırdı. Təbii ki, SSRİ dairələri belə bir addıma layiqli cavab verməli idilər və verdilər də.


Dünya dövlətlərinin iki nəhəngin Karib dənizində bir-biri ilə toqquşmasına maneçilik törətməyə çalışdaqları vaxtda Kubaya doğru 69 sovet hərbi dəniz briqadası yollanır ki, "B-59" sualtı qayığı da məhz onların içərisində yer alır.


Nüvə başlıqlı torpedalarla silahlanmış "B-59"un vəzifəsinə adanın Birləşmiş Ştatların hərbi dəniz qüvvələri tərəfindən davam etdirilən blokadasını yarmaq, Pentaqona məxsus sualtı qayıqların bazasını Kubanın şimal sahilindəki Mariel buxtasına sıxışdırmaq daxil idi. T.Blenton bütün bunların böyük itkilərə gətirəcəyini vurğulayaraq təhlükənin anbaan yaxınlaşdığını bildirir. Bunadək vəziyyətin məcradan çıxdığını təsdiqləyən bir neçə hadisə də baş vermişdi. Belə ki, Kuba ərazisində ABŞ-ın kəşfiyyatçı "U-2" qırıcısı vurulmuşdu. Eyni zamanda MiQ-lərdən ibarət sovet hərbi təyyarələrinin qrupu Sibir üzərində yenə də kəşfiyyatçı uçuş aparan Birləşmiş Ştatlar qırıcısını məhv etmişdi.


Kapitan Moskvadan əmr gözləmədən başlamaq qərarı verir


Pentaqonda SSRİ-nin təsir dairəsində olan Fidel Kastro Kubasına həlledici zərbənin endirilməsi planının hazırlandığı vaxtda ABŞ-ın hərbi dəniz donanmasının gəmiləri və Mərkəzi Kəşfiyyat İdarəsinin təyyarələri adaya nüvə silahını gətirəcək sovet hərbi gəmilərinin axtarışına çıxmışdılar. Bu vəzifə ilə bağlı ABŞ-ın müdafiə naziri Robert Maknamarın fəaliyyət planı dəqiq olduğu qədər də təhlükəli idi: istənilən yad hərbi sualtı qayığı üzə çıxmağa vadar etmək, adaya yaxınlaşmasını əngəlləmək. Belə qayqlardan biri olan "B-59"un kapitanı Vitali Saviçki idi. Arxipov isə kapitannın siyasi işlər üzrə köməkçisi vəzifəsini tuturdu.


Sovet sualtı qayıqlarına hücum


T.Blenton vurğulayır ki, 1962-ci ilin 27 oktyabr tarixinədək hadisələr sürətlə inkişaf etməyə başlamışdı. Belə bir məqamda Amerika hərbçilərinə "B-59"u aşkarlamaq müəssər olur. Məhz bu qayığın atom bombası daşıdığından xəbərsiz olan amerikalılar onun qərarlaşdığı əraziyə bir-birinin ardınca bombalar yağdırmağa başlayırlar ki, qayıq üzə çıxmağa məcbur olsun. Mövcud vəziyyətdə Arxipovun qayığı daxilində çaş-baş vəziyyət yaranır. Ümumən durumun gərginliyi nəzərə alındığından, SSRİ rəhbərliyi zərurət yarandığı halda yalnız üç yüksək rütbəli zabitə nüvə torpedalarını buraxmaq səlahiyyəti verir. Blentonun sözlərinə görə, SSRİ rəhbərliyi ilə əlaqəsi olmayan iki nəhəng güc arasındakı ziddiyyətlərin o an üçün konkret vəziyyətindən xəbərsiz olan Karib dənizindəki atom bombalı dənizçilər qrupu bəşəriyyətin gələcək taleyini həll etmək məcburiyyətində qalmışdılar. Həmin vaxt bütün dünyada televizorlar önündə əyləşən insanlar isə SSRİ rəhbəri Nikita Xruşşov və ABŞ prezidenti Con Kennedinin hansı qərar verəcəyini böyük həyəcanla gözləyirdilər.


"B-59"un içərisində olan rabitə zabiti Vladimir Orlov 50 il əvvəlki dramatik anı xatırlayarkən bildirir ki, sualtı rejimdə uzun okean keçidindən sonra kapitan Saviçki və onun komandası əldən düşmüş halda idi. Onun sözlərinə görə,ABŞ qırıcılarından atılan dərinlik bombaları sualtı qayığın cəmi bir neçə metrliyində partlayırdı. Bu cür çətin şəraitdə kapitan Saviçki Moskva ilə danışmaq üçün sonuncu uğursuz cəhdlərindən birini edir. Nəhayət, heyətin cavab addımı atmaq arzusunu və başqa çıxış yolunun olmadığını nəzərə alan kapitan özünün və komandasının da məhv ola biləcəyini anlayaraq ölüm torpedasının işə salınması ilə bağlı qərar verir. "Özümüz də həlak olacağıq. Amma onların bütün gəmiləri məhv olacaq", - deyən Saviçki qərarının icrasına keçməzdən öncə iki müavinini yanına çağırır ki, onların da razılığını alsın. Beləcə Karib dənizində üç yüz metr dərinlikdə yan-yöyrədə bombaların partladığı bir vaxtda üç sovet zabiti toplantı keçirir və həmin an özləri də xüsusi fərqinə varmadan bəşəriyyətin taleyini həll edirlər. Adı çəkilməyən müavinlərindən biri Saviçkinin fikrini dəstəkləyir. Söz Arxipova veriləndə o, qərarın əleyhinə çıxır. Beləcə məsələyə olduqca soyuqqanlı və təmkinli tərzdə yanaşır.


Dünyanı xilas edən insan


Arxipov Saviçkini fikrindən daşındırmağa müvəffəq olur. Beləcə "B-59" üzə çıxaraq hərəkətə başlayır. Sualtı qayıq Moskvadan əmr gözləyir, eyni zamanda ABŞ hərbi gəmiləri ilə də konfliktdən uzaq durur. Cəmi bir neçə saat sonra isə Xruşşov və Kennedi insanlığın rahat nəfəs almasına səbəb olacaq razılığa gəlirlər, təhlükə sovuşur.


Əlbəttə, həmin vaxt "B-59"da baş verənlər, o cümlədən Arxipovun hərəkəti haqqında heç kəs heç nə bilməmişdi. Ən azından məsələ haqqında heç yerdə heç nə deyilməmişdi. Dünya baş verənlər barədə yalnız 2002-ci ildə ötəri xəbər tutdu. Kubanın paytaxtı Havanada reallaşdırılan konfransda çıxış edən ABŞ-ın o zamankı müdafiə naziri Maknamar məxfi materiallara istinadən 40 il əvvəlin Karib böhranı zamanı dünyanın atom təhlükəsinə daha yaxın olduğunu açıqladı. Tomas Blentonun sözlərinə görə, sabiq müdafiə naziri məlum olaydan danışarkən dünyanın bir nəfərin soyuqqanlı hərəkəti nəticəsində xilas olduğunu bilirdi. Əlbəttə, Blenton Maknamarın bunu necə müəyyənləşdirdiyindən söhbət açmır. Vasili Arxipova gəldikdə isə, bəşəriyyətin xilaskarı artıq 13 ildir, həyatda yoxdur. 168.az

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...