İsraildən Azərbaycana yüksək səviyyəli səfərlərin statistikası
İsrailin baş nazirinin müavini, ölkənin xarici işlər naziri Aviqdor Liberman Azərbaycanda səfərdədir. Ölkəmizlə İsrail arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş səfər çərçivəsində qonağın Azərbaycan Dillər Universitetində İsrail Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimində iştirakı, yəhudi icmasının üzvləri ilə görüşü nəzərdə tutulur.
Son dövrlər Azərbaycanla İsrail arasındakı xüsusən hərbi əməkdaşlığın artan məcraya qədəm qoyduğunu nəzərə alsaq, Libermanın gəlişinin siyasi əhəmiyyəti ön plandadır. Rəsmi Tel-Əvivin ikitərəfli münasibətlərin 20 illiyinə böyük önəm verməsi müşahidəçilərin də diqqətindən yayınmır.
İsrail Azərbaycanın dövlət mustəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. İki olkə arasındakı diplomatik munasibətlər isə bir il sonra aprelin 6-da qurulub. 1997-ci ildə İsrailin Azərbaycandakı səfiri Arkadi Mil-Manın dəvəti ilə ölkənin "Maqal" şirkətinin marketinq uzrə vitse-prezidenti Dani Payzen Bakıda olub. Müasir hərbi və mülki təhlükəsizlik sistemlərinin tədqiqatı və istehsalı ilə məşğul olan "Maqal"ın rəhbəri Azərbaycanın Müdafiə Naziri ilə görüşüb. Göruş zamanı ölkəmizin hərbi ehtiyacları ücün müasir müəyyənləşdirmə və qoruma sistemlərinin alınması ilə əlaqədar məsələlər müzakirə olunub.
1997-ci ildə İsrail XİN-nin MDB və Şərqi Avropa ölkələri ilə əlaqələr üzrə idarəsinin baş direktorunun müavini Natan Meronun və İsrail XİN-nin 3-cu Şərqi Avropa İdarəsinin Rəisi, İsrailin Turkmənistandakı fovqəladə və səlahiyyətli səfiri Şmuel Meyromun Azərbaycana səfəri gerçəkləşib.
1999-cu il yanvar ayının 11-12 tarixlərində Azərbaycan-İsrail əməkdaşlığının daha da genişləndirilməsi və bu əməkdaşlığın yeni mərhələyə qaldırılması sahəsində böyük əhəmiyyət kəsb edən hadisə kimi Bakıda Azərbaycan və İsrail XİN-ləri arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfinə xarici işlər nazirinin müavini Xələf Xələfov, İsrail tərəfinə isə İsrail XİN MDB, Mərkəzi və Şərqi Avropa ölkələri idarəsi baş direktorunun müavini Ş.Ştayn başçılıq edib. İsrail nümayəndə heyətinə həmçinin İsrail XİN-nin MDB ölkələri şöbəsinin müdiri Ş.Meyrom və İsrailin Bakıdakı Səfiri A.Mil-Man daxil idi.
1999-cu ildə həmçinin R.Brofmanın başçılıq etdiyi İsrail Knessetinin nümayəndə heyəti Bakıda Milli Məclisinin sədri və baş nazir Artur Rəsizadə ilə görüşüb. Nümayəndə heyəti həmçinin Qubada yaşayan yəhudi icmasını ziyarət edib.
Yəhudilərin bayramı olan Hanuka mərasimində iştirak üçün İsrailin müdafiə nazirinin muavini, Azərbaycan-İsrail-ABŞ üçtərəfli Parlamentlərarası Komissiyanın İsrail tərəfindən sədri E.Snenin başcılığı altında nümayəndə heyəti 3-5 dekabr 1999-cu il tarixlərində Azərbaycanda səfərdə olub.
10-13 aprel 2000-ci il tarixlərində İsrail XİN-in İqtisadi məsələlər üzrə Baş Direktorunun müavini Viktor Harelin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub.
2001-ci ilin 23-26 dekabr tarixlərində İsrail XİN idarəsinin baş direktorunun müavini David Peleqin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər edib.
2002-ci ildə İsrail Knessetinin deputatı Roman Brofmanın ölkəmizə səfəri baş tutub. Həmin il Knessetin digər deputatı Amnon Kohenin, həmçinin İsrail XİN-in Beynəlxalq Əlaqələr Mərkəzinin direktoru David Kohenin və qurumun ekspertləri Maya Qlassermanın, Uzi İsrailin və Miki Qurelikin ölkəmizə səfərləri gerçəkləşib. İsrail XİN-in nümayəndə heyətinin ölkəmizə növbəti səfəri 3 il sonra baş tutub. Belə ki, 2005-ci ildə nazirliyin Avrasiya İdarəsinin rəisi Anna Azari Azərbaycanda olub.
2006-ci ilin 29-30 oktyabr tarixlərində İsrail Mudafiə Nazirliyinin hərbi siyasi idarəsinin rəhbəri general Amos Qiladın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Səfər zamanı heyət Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyevlə, müdafiə naziri Səfər Əbiyevlə və müdafiə sənayesi naziri Yavər Camalovla görüşlər keçirib. Bir il sonra İsrailin Müdafiə Nazirinin müavini Efraim Snehin Azərbaycana səfəri reallaşıb. Həmin il İsrail parlamenti spikerinin müavinləri – Amnon Kohen, Qideon Saar və bir qrup deputat, habelə İsrail XİN-in rəsmisi Yossi Qal Azərbaycanda olub. Maraqlıdır ki, bu gün XİN rəhbəri olan Aviqdor Liberman ilk dəfə 2007-ci ildə ölkəmizə Strateji Məsələlər Naziri kimi gəlib.
2008-ci ildə İsrailin Kənd Təsərrufatı və Kənd İnkişafı Naziri Şalom Simhon Azərbaycana səfər edib.
2009-cu il Azərbaycan-İsrail münasibətləri baxımdan ən uğurlu zaman kəsiyi sayıla bilər. Həmin il İsrail XİN-in Təhlükəsizlik Məsələləri İdarəsinin direktoru Andras Zer Azərbaycanda olub. Ən əsası isə İsrail prezidenti Şimon Peresin ölkəmizə səfəri gerçəkləşib. Səfər cərcivəsində iki sənəd imzalanıb:
1. "Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş"
2. "Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"
2009-cu ildə həmçinin İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Robert İlatov, İsrail Müdafiə Nazirliyinin rəsmisi Yehud Şani və nazirliyin Mərkəzi və Şərqi Avropa uzrə Ərazi Direktorunun müavini Dmitri Qolub, ölkə XİN-in baş direktorunun müavini səfir Pinxas Avivi, İxraca Nəzarət İdarəsinin rəisi Roey Gilad, İkinci Avrasiya İdarəsinin Mərkəzi Asiya və Qafqaz şöbəsinin müdiri Yuval Fucs Azərbaycanda olublar.
2010-cu ilin 12-14 yanvar tarixlərində İsrailin Müdafiə Nazirliyinin nümayəndə heyətinin ölkəmizə səfəri gerçəkləşib. Nümayəndə heyəti Müdafiə Nazirliyinin Təhlükəsizlik Direktorunun müavini Nir ben Moşedən, Şərqi Avropa Departamentinin rəhbəri və Azərbaycanda akkreditə olunmuş Hərbi attaşesi Dmitri Qolubdan, XİN-in attaşesi Ronen Elmaliahdan ibarət olub.
2010-cu ildə A.Libermanın Azərbaycana ikinci səfəri baş tutub. Bu dəfə o, ölkəmizə XİN rəhbəri kimi gəlib. Səfər çərçivəsində prezident İlham Əliyevlə, Milli Məclisin sədri Oqtay Əsədovla, ölkəmizin xarici işlər naziri Elmar Məmmədyarovla, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla, Diasporla iş uzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşüb, Səngəcal neft terminalını ziyarət edib və Bakıdakı yəhudi icmasının nümayəndələri ilə söhbətləşib. Səfər çərçivəsində ikitərəfli siyasi, iqtisadi, humanitar, mədəni, enerji, səhiyyə, təhsil və s. sahələrdə müzakirələr aparılıb.
2010-cu ilin müxtəlif aylarında İsrailin Müdafiə Nazirliyinin iki nümayəndə heyətinin Azərbaycana səfəri reallaşıb. Həmin il prezident İlham Əliyev ölkəmizdə səfərdə olan yəhudi icmasının nümayəndələrini qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB