Azərbaycana qarşı “Qəbələ RLS-i kartı”-TƏHLİL

Siyavuş Novruzov: "Ermənistanda RLS-in tikilməsi sadəcə mətbuatın informasiyasıdır"

Qəbələ Radiolokasiya Stansiyasının (RLS) Rusiyaya icarəyə verilməsi, icarə müddətinin artırılması ilə bağlı danışıqların getdiyi bir vaxtda İsrailin xüsusi xidmət və hərbi çevrələrinə bağlılığı ilə tanınan "DEBKA" saytı Rusiyanın Ermənistanla gizli işbirliyi planları barədə sensasiyalı yazılar dərc edib.

Rusiya Azərbaycanla anlaşa bilməsə...

Materialda Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana və Azərbaycana son səfərinin pərdəarxası məqamları ilə bağlı maraqlı məlumatlar yer alıb. Qeyd olunub ki, Rusiya Ermənistan ərazisində radar kompleksi yerləşdirib, buradan İsrailin İrana qarşı hərbi əməliyyatlarının qarşısını almaq üçün tədbirlər görür. Xatırladaq ki, Qəbələ RLS-in icarəsi ilə bağlı razılaşma bu il başa çatacaq. Lakin Azərbaycan tərəfinin icarə haqqını qaldırması Rusiyanın yeni RLS axtarışına çıxmaq istəyinə təkan verib. Qəbələ RLS-in icarəsinə dair Rusiya ilə danışıqlarda mürəkkəb vəziyyət ortaya çıxıb. Rəsmi Bakı hərbi obyektin icarəsi üçün ildə 300 milyon dollar tələb edir. Rusiya isə bu məbləğlə razı deyil. Lavrovun səfəri zamanı bu məsələ ilə bağlı danışıqlar olsa da tərəflərin mövqeləri dəyişməyib. Ardınca Ermənistanın baş naziri Tiqran Sərkisyan bildirib ki, Rusiya Azərbaycanla anlaşa bilməsə onun ölkəsində radar yerləşdirə bilər. Ekspertlər bunu Rusiyanın Azərbaycana qarşı erməni kartını işə salması kimi dəyərləndiriblər.

RLS elə bir nöqtədə inşa olunmalıdır ki...

Radio Lakasiya Stansiyalarının (RLS) tikilməsi üçün mühit, şərait olmasının zəruriliyini qeyd edən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Siyavuş Novruzov bildirib ki, Ermənistanda bu şərait yoxdur: "Əgər bu olsaydı, o zaman vaxtında Ermənistanda tikərdilər. RLS elə bir nöqtədə inşa olunmalıdır ki, relyef, mühit ona imkan versin və oradan əldə ediləcək informasiyaları, təhdidləri, digər hücumları tamamilə şəffaf, açıq şəkildə göstərə bilsin. Əvvəllər belə bir stansiya Pribaltikada yerləşdirilmişdi və əsasən Avropanı əhatə edirdi. Yaxın Şərqi müşahidə etmək üçün isə Qəbələ RLS tikilmişdi. Bu günə qədər də Rusiya stansiya ilə müqavilənin müddətini uzadır. Bizim icarə haqqının miqdarının artırılması ilə bağlı əlavə təkliflərimiz var".

Millət vəkili informasiya alınması baxımından Qəbələ RLS-nin çox vacib və zəruri bir obyekt olduğuna diqqət çəkib: "Modul tipli kiçik RLS-lər var, özü hərəkət edən qurğular mövcuddur. Amma onların effekti, radiusu Qəbələ qədər deyil. O baxımdan da Ermənistanda onun tikilməsi sadəcə mətbuatın informasiyasıdır. Bu cür stansiya Ermənistanda heç vaxt tikilə bilməz. Əgər bu mümkün olsaydı, Azərbaycanda deyil, vaxtilə Gürcüstanda, Ermənistanda inşa olunardı".

Torpağın altındakı canlını belə qeydə alır

Siyasi elmlər doktoru Cümşüd Nuriyev Ermənistanda belə bir stansiya qurulmağına inanmadığını deyib: "Bu, Azərbaycanı şantaj etmək üçün Rusiya KİV-lərinə kəşfiyyat orqanları tərəfindən ötürülmüş bir məlumatdır. Sırf siyasi təzyiq xarakteri daşıyır. Əvvəla bu tip layihəni həyata keçirməkdən ötrü ən azı bir neçə il lazımdır. Rusiya bu qədər güclüdürsə, elə Krosnayarskdakı və Krasnodardakı stansiyaları tam tikib istifadəyə versin. Çünki Krasnodarla Ermənistanın o qədər də fərqi yoxdur. Amma Ermənistan ərazisində Qəbələ kimi coğrafi, strateji cəhətdən əlverişli bir yer yoxdur".

Siyasi ekspertin sözlərinə görə, bütün hallarda Azərbaycan Qəbələ RLS-in daha çox siyasi həlli ilə məşğul olmalıdır: "Onun qiymətinin birdən-birə 7 milyondan 300 milyona qaldırılmasının heç bir iqtisadi əsası yoxdur. Qəbələ RLS daha çox metrlik dalğalara əsaslana bir sistemdir. Bunu troposferə göndərirlər. Həmin dalğa yayılır, yerdəki əksi qayıdır. Bir saniyədə Qəbələ RLS-də 120 min məlumat emal olunur. Stansiya nəzarət etdiyi bölgələrdə torpağın on santimetr dərinliyindəki soxulcanın hərəkətini belə qeydə alır. Hətta hərəkət edən canlı və ya cansız, yəni maşın, təyyarə, hər bir şeyi qeydə alır. Şəkilləri və dəqiq koordinatı göstərilir".

Eyni zamanda Cümşüd Nuriyev onu da bildirib ki, stansiyanın Azərbaycanın təhlükəsizliyinə bir təminatı olduğu da nəzərə alınmalıdır: "Çünki onun xüsusi özünümüdafiə raket sistemi var. O istiqamətə hər hansı bir raket göndərilsə, onu mütləq vuracaqlar. Nəzərə alsaq ki, Azərbaycanın orada böyük bir su anbarı var və anbar ölkənin 14 rayonunu təhdid altında saxlaya bilər. Qəbələ RLS həmin su anbarının qorumaq üçün bir vasitədir. Bunun təkcə Azərbaycana gətirəcəyi iqtisadi deyil, daha çox hərbi və siyasi dividentləri nəzərə alsaq, stansiya ilə bağlı razılıq əldə edilsə, yaxşı olar".

Bütün xəbərlər Facebook səhifəmizdə