Mehriban Əliyeva: "Bakı Olimpiada-2020-ni keçirmək şərəfinə layiq görülərsə, biz bu olimpiadanı sülh, insaniyyət və dostluq naminə ədalətli yarış ruhunda keçirəcəyik"
Azərbaycanda idmanın inkişafı gün keçdikcə geniş vüsət alır, bu isə daha böyük uğurlara vəsilə olur. Artıq Azərbaycan ali, mötəbər idman tədbirlərinə ev sahibliyi edir. Bütün bunlar ölkəmizin idman sahəsindəki uğurlarının, dövlətin bu sahəyə qayğısının nəticəsidir.
Azərbaycan necə ucalırsa, Azərbaycan Olimpiya hərəkatı da elə ucalır
Beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan da yüksək şərait və imkan var. Bunu dünya idman təşkilatları təsdiqləyir və bu səbəbdən də bu yarışlar reallaşır. Avropa Olimpiya Komitəsinin vitse-prezidenti və Milli Olimpiya Komitələri Assosiasiyasının üzvü Aleksandr Kozlovski Olimpiya hərəkatının inkişafında Azərbaycanın uğurlarını qiymətləndirərkən belə deyib: "Olimpiya hərəkatı ölkə həyatının bir hissəsidir. Ölkə necə yaşayırsa, Olimpiya hərəkatı da belə yaşayır. Mən 40 il əvvəlki Bakını xatırlayıram, mən 15 il əvvəlki Bakını xatırlayıram, il yarım əvvəlki, bir həftə əvvəlki Bakını və ən əsası insanların simasındakı müxtəlif ifadələri xatırlayıram. Deyə bilərəm ki, Azərbaycan necə ucalırsa, Azərbaycan Olimpiya hərəkatı da elə ucalır. Azərbaycanın Olimpiya Komitəsi bütün Olimpiya birliyinin böyük rəğbətini qazanmışdır".
Bu gün bir sıra ölkələr dövlətimizin idman sahəsinə qoyduğu yatırımlara, dəstəyinə qibtə edirlər. Bu isə ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam gələcəyinin inkişafına kömək edir. Müqayisə üçün qeyd edək ki, əgər 2009-cu ildə Azərbaycan idmançıları iştirak etdiyi beynəlxalq yarışlarda, qeyri-olimpiya və olimpiya növlərində 550 medal qazanmışdılarsa, 2010-cu ildə bu rəqəm 675 medal olub. 2011-ci ildə isə müxtəlif yarışlarda 705 medal qazanılıb.
2020-ci ilin Olimpiya Oyunlarını Bakıda keçirmək arzusundayıq
Olimpiya Komitələri Assosiasiyasının XVIII Baş Assambleyası tarixdə ilk dəfə olaraq dünyanın bütün qitələrində olimpiya hərəkatını təmsil edən mindən çox lider bir araya gətirib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva başda olmaqla Azərbaycanın nüfuzlu nümayəndə heyəti də Milli Olimpiya Komitələri Assosiasiyasının XVIII Baş Assambleyasının iclasına qatılıb.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbərləri, müxtəlif ölkələrin milli olimpiya komitələrinin (MOK) rəhbərləri, idman nazirləri, o cümlədən 2020-ci il olimpiadasına ev sahibliyinə namizəd olan 5 şəhərin – Madrid, Tokio, İstanbul, Qətərin paytaxtı Doha və Bakının idman rəhbərlərinin iştirak etdiyi Assambleya çərçivəsində Olimpiada-2020-nin keçirilməsinə Bakının namizədliyinin təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən Mehriban xanım Əliyeva bildirib ki, Azərbaycan 2020-ci ilin Olimpiya Oyunlarını Bakıda keçirmək arzusundadır və ölkə əhalisinin 95 faizi bu təşəbbüsü dəstəkləyir: "Biz bütün dünyadan gələn milyonlarla tamaşaçı və idmançını Xəzər dənizi sahillərində salamlamağa və qəbul etməyə hazırıq. Bizim paytaxtımız olduqca izdihamlı, tolerant şəhərdir, burada köhnəliklə yenilik üzvi şəkildə birləşir. Bizim çox zəngin tarixi irsimiz vardır. Məhz burada şərq ilə qərb görüşür, müxtəliflik və millətlərarası dözümlülük ab-havası bizim identikliyimizin özəyinə çevrilmişdir".
Azərbaycanda idman sektoru böyük inkişaf dövrünü yaşayır
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın söylədiyi kimi, Azərbaycan müstəqil ölkə kimi Olimpiya Oyunlarında nisbətən yaxın vaxtlarda iştirak etməyə başladığına baxmayaraq çox fəal ölkədir. Azərbaycan idmançıları ölkəmiz müstəqillik əldə etdikdən bu günə qədər müxtəlif səviyyəli beynəlxalq yarışlarda 5 mindən artıq medal əldə edib, Olimpiya oyunlarında 4 qızıl, 3 gümüş və 9 bürünc medal qazanıb. Təkcə ötən 2011-ci ildə müxtəlif beynəlxalq yarışlarda qazanılmış 705 medalın 270-i qızıl, 193-ü gümüş, 242-si isə bürünc əyarlıdır. Olimpiya idman növləri üzrə qazanılan medalların sayı 276-dır. Gənclərin asudə vaxtının səmərəli təşkili və idmanın kütləviliyini təmin etmək üçün respublikamızda 33 olimpiya-idman kompleksi istifadəyə verilib. 2012-2013-cü illərdə 10 idman qurğusunun idmansevərlərin ixtiyarına verilməsi nəzərdə tutulub. Hazırda paytaxtımızda bədii gimnastika və boks mərkəzləri, hovuz kompleksi, Olimpiya stadionunun inşası davam edir. Cari ildə güləş və cüdo mərkəzlərinin təməlqoyma mərasimləri keçiriləcək. Eyni zamanda, şahmatçılarımız dünya şahmatının liderləri ilə mübarizə aparırlar. Voleybol komandalarımız "Rabitə", "Azərreyl" və "İqtisadçı" isə qitə miqyaslı nüfuzlu turnirlərdə öndə gedirlər.
İdmançılarımızın qazandıqları bu qələbələr, əslində, möhkəm təmələ əsaslanır. Yəni, onların dünyanın idman arenalarında əldə etdikləri bu qələbələrin arxasında güclü Azərbaycan dövləti dayanır. Təbii ki, Azərbaycanın digər sahələri kimi, idman sektoru da böyük inkişaf dövrünü yaşayır. Dövlətin inkişafı, iqtisadiyyatın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayır.
Bakı Olimpiada-2020-ni keçirmək şərəfinə layiq görülərsə...
Mehriban Əliyeva çıxışının sonunda bildirib ki, Azərbaycanda biz bütün bu dəyərləri tamamilə dəstəkləyirik və əgər Bakı Olimpiada-2020-ni keçirmək şərəfinə layiq görülərsə, biz bu olimpiadanı sülh, insaniyyət və dostluq naminə ədalətli yarış ruhunda keçirəcəyik: "Bizim qədim şəhərin rəmzi əbədi məşəldir və əgər olimpiya məşəli Bakıda yandırılarsa, bizim işimiz və bu ideyaya sədaqətimiz sayəsində arzularımız reallığa çevriləcəkdir".
Avropa Olimpiya Komitəsinin vitse-prezidenti və Milli Olimpiya Komitələri Assosiasiyasının üzvü Aleksandr Kozlovski 2020-ci il Olimpiya oyunlarına ev sahibliyi uğrunda mübarizədə Azərbaycanın qalib gəlməsini çox istədiyini deyib. Aleksandr Kozlovskinin sözlərinə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakı haqqında məruzəsini çox ciddiyyətlə və gözəl təqdim edib: "Bu, gözəl və sanballı çıxış idi. Təqdimatınızın müşayiəti, çox peşəkarlıqla, çox gözəl çəkilmiş videosıra olduqca xoşuma gəldi. Azərbaycan məsləhətçilərinin hazırladığı çarx özlərini çox yaxşı təqdim etmiş ispanların qəşəng milli sırası ilə müqayisə edilə bilər".
Son qərar Buenos-Ayresdə veriləcək
Qeyd edək ki, namizəd şəhərlərin birinci təqdimat mərasimi fevral ayında keçirilib. İki mərhələdən ibarət seçimdən sonra 2013-cü il sentyabrın 7-də Beynəlxalq Olimpiya Komitəsi Olimpiadanın hansı şəhərdə keçiriləcəyini Argentinanın paytaxtı Buenos-Ayresdə elan edəcəkdir.
Onu da xatırladaq ki, iddiaçı şəhərlər arasında ən böyük ictimai dəstək alan məhz Bakı olub. Respublikamızın ərazisində Bakının namizədliyini dəstəkləyən imza toplanması kampaniyasında bu günə qədər 494 min imza toplanıb, bu imzaların 111 mini Bakının payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB