İlham Əliyev: "Ən ali məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir"
Məlum olduğu üzrə beynəlxalq iqtisadi siyasət eyni zamanda regional və təhlükəsizlik problemlərini də əhatə etməkdədir. Bu baxımdan Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olduğunu müxtəlif beynəlxalq tribunalardakı çıxışlarında vurğulayan Prezident İlham Əliyev, bu gün respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində fəal iştirak etdiyini və bu sahədə böyük nailiyyətlər qazanıldığını, həmçinin əlverişli coğrafi-siyasi məkanda yerləşən ölkəmizin beynəlxalq aləmdə regional əməkdaşlığa mühüm töhfələr verdiyini də haqlı olaraq ifadə etməkdədir. Məhz 29 Noyabr 2011-ci ildə Cənab Prezident İlham Əliyevin "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar sərəncam imzalaması da bu kontekstdə qiymətləndirilən praqmatik addımlardan biridir. Bu baxımdan sərəncamda da qeyd olunduğu kimi Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çox şaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
Bu sərəncama müvafiq olaraq və ümumiyyətlə dövlət başçımızın uğurlu iqtisadi-siyasi kursu nəticəsində Bakı daha bir möhtəşəm beynəlxalq foruma ev sahibliyi etməkdədir. Bu, Aprelin 10-da "Hilton Baku" hotelində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təşəbbüsü ilə neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) forumunun keçirilməsidir.
Forumun məqsədi
Qeyd olunduğu kimi 10 apreldə Bakıda yeni neft-qaz emalı və neft-kimya kompleksinin yaradılması layihəsinin təqdimatına və müzakirəsinə həsr olunmuş forum işə başlamışdır. Forumda da ifadə edildiyi kimi Azərbaycan bu gün öz tarixinin sosial-iqtisadi yüksəliş dövrünü yaşayır. Bunun təməlində ümummilli lider Heydər Əliyev tərəfindən işlənilmiş neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində əldə olunan nailiyyətlər dayanır. Azərbaycan qarşıdakı uzun müddət üçün öz enerji təhlükəsizliyini təmin etmiş, regional və beynəlxalq enerji təhlükəsizliyinin qorunmasına isə mühüm töhfələr vermişdir. Karbohidrogenlərin hasilatı və nəqli üzrə keçirilən genişmiqyaslı layihələr və əldə olunan uğurlar, yeni yataqların kəşfi Azərbaycanın rolunu daha da artırır. Məhz bu kontekstdə Prezident İlham Əliyevən forum iştirakçılarına ünvanladığı məktub da ölkəmizin neft strategiyası və forumun keçirilməsi ilə bağlı analitik mahiyyət daşıyır: " Bilindiyi kimi on səkkiz il bundan əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın yeni neft strategiyasının bünövrəsi qoyulmuş və respublikamızın uzunmüddətli inkişaf perspektivləri müəyyənləşdirilmişdir. Məhz ötən dövr ərzində ölkəmiz dünyada enerji daşıyıcılarının etibarlı təchizatçısı kimi tanınmışdır. Neft sahəsində nüfuzlu şirkətlərlə bağlanan sazişlər, tərəfdaşlıq müqavilələri və neft-qaz layihələrinə yatırılan sərmayələr öz bəhrəsini vermiş, qeyri-neft sektorunun inkişafına əlverişli zəmin hazırlamışdır. Neft-qaz əməliyyatlarından əldə edilən gəlirlərin saxlanılması və səmərəli idarə olunması üçün ölkəmizdə Dövlət Neft Fondu yaradılmışdır. Uzun illərdən bəri tam şəffaf şəkildə fəaliyyət göstərən fondun vəsaitləri xalqımızın rifah halının daha da yüksəldilməsi naminə ən zəruri layihələrin gerçəkləşdirilməsinə yönəldilir. Neft strategiyasının hasilatı və nəqletmə sahələrində qazanılan nailiyyətlərin məntiqi davamı olaraq, bu gün əsas məqsədlərimizdən biri Azərbaycanda rəqabətə dayanıqlı, müasir standartlara cavab verən neft və neft-kimya məhsulları istehsal edəcək yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşa edilib istismara verilməsidir".
Çox Şaxəli Neft Strategiyası
Azərbaycanın uğurlu neft-qaz strategiyası haqqinda ciddi təsəvvürə malik olmaq üçün Cənab Prezident İlham Əliyevin son zamanlarda beynəlxalq konfranslardakı mövzu ilə bağlı çıxışlarına nəzər salmaq lazımdır. Dövlət başçımız bu beynəlxalq konfranslarda qlobal siyasi kurs nəticəsində 1990-cı illərin ortalarından etibarən ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələrin faktiki olaraq Qafqaz və Xəzər regionları və Avropanın da enerji xəritəsini dəyişmişdiyini ifadə etmişdir. Cənab Prezident bu ilin fevral ayinda Münxendə keçirilən konfransda mövzu ilə bağlı fikirlərini belə açıqlamışdır: "Biz şaxələndirmə və enerji təhlükəsizliyi ilə bağlı çox danışırıq. Bu iki məsələ bir-biri ilə birbaşa bağlıdır. Amma biz avropalı istehlakçılar üçün şaxələndirmə və enerji təhlükəsizliyindən bəhs edəndə, mən belə düşünürəm ki, ilk növbədə, eyni mənbəli marşrutların şaxələndirilməsindən daha çox mənbələrin şaxələndirilməsindən danışmalıyıq. Baxmayaraq ki, marşrutların şaxələndirilməsi də əhəmiyyətlidir. Belə ki, Azərbaycan avropalı istehlakçılar üçün yeni mənbədir, böyük mənbədir, yaxındır, dostdur. Əgər biz, güclü "Cənub" dəhlizinin inşasında planlarımızın həyata keçirilməsinə müvəffəq olsaq, gələcək onilliklərdə enerji sahəsində çox məhsuldar və qarşılıqlı faydalı əməkdaşlıq mərhələsinə daxil olacağıq. Buna görə də, enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin önəmli bir məsələsinə çevrilib. Biz istehsalçı kimi bunu başa düşürük və istəyirik ki, bütün tərəfdaşlarımız da məsələyə bu cür yanaşsınlar. Enerji təhlükəsizliyi və proqnozlaşdırma olmadan heç bir ölkə gələcək inkişafı ilə bağlı planlar qura bilməz. Biz, xüsusilə də, Fukusimadakı elektrik stansiyasında baş verən faciədən sonra müxtəlif enerji mənbələrinə münasibətdə dəyişikliklər və yanaşmalar haqqında bilirik. Beləliklə, tam aydındır ki, təbii qaza tələbat artacaqdır".
Digər tərəfdən, Azərbaycanın ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) simasında Türkiyədə investisiyaların həcminə müvafiq olaraq birinci yeri tutması da inkişaf edən neft-qaz strategiyamızın uğurlu nəticələrindəndir.
Nəticədə dövlət başçımızın da müxtəlif çıxışlarında vurğuladığı kimi həyata keçirilən neft-qaz strategiyası, neft-qaz gəlirlərinin qeyri neft sektoruna, xüsusilə insan kapitalına çevrilməsi üçün lazımı tədbirlərin görüldüyünü və durmadan görüləcəyini bəyan etməkdədir. Əlbəttə ki, belə bir iqtisadi siyasət kursu ölkə vətəndaşlarının daha da yüksək səviyyədə həyat sürmələrinə səbəb olacaqdır.
Rəşad İlyasov, Fəlsəfə doktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB