Qlobal inteqrasiya və ictimai-mədəni diplomatiyamızın uğurları - ANALİZ

Prezident İlham Əliyev: \"Azərbaycan İpək yolunun üstündə, Avropa ilə Asiyanın kəsişməsində çox əlverişli məkanda yerləşir...\"


Beynəlxalq münasibətlərdə dövlətlərarası əlaqələrdən başqa "ictimai diplomatiyaya" istinad edən əlaqələr silsiləsi günbəgün əhəmiyyət qazanır. İngilis dilində bu "Public Diplomacy" termini adı altında verilir. İlkin olaraq ifadə etməliyik ki, Azərbaycanda bunun "xalq diplomatiyas" olaraq tərcümə edilərək istifadə olunmasının ciddi elmi əsası yoxdur. Məhz qeyd edəcəyimiz tərifdən də göründüyü kimi bu termin doğma dilimizdə "ictimai diplomatiya" olaraq adlandırılmalıdır": "İctimai diplomatiya dövlətdən dövlətə deyil, dövlətdən ictimaiyyətə, vətəndaş cəmiyyətlərindən dövlətlərə, gizli qapılar arxasında deyil açıq və cəmiyyətin hər bir təbəqəsinin iştirak etdiyi bir diplomatiya növüdür". Bu mənada "ictimai diplomatiya" termini "xalq diplomatiyası"-na nisbətən siyasi cəhətdən daha əhatəli və ədəbi dil qaydalarına daha müvafiqdir. Mədəniyyət diplomatiyası da ictimai diplomatiyanın bir hissəsi olaraq beynəlxalq münasibətlərdə özünə məxsus funksional rola malikdir. Belə ki, elmi ədəbiyyatdan da məlum olduğu kimi qlobal inteqrasiya prosesində müasir dünyada beynəlxalq münasibətlərin həyata keçirilməsi ilə bağlı iki aparıcı yanaşma tərzi mövcuddur: "sərt güc"(hard power) və "yumşaq güc"(soft power). Politoloq-alim Josef Nye "sərt güc" və "yumşaq gücü" bir-birindən belə fərqləndirir: "yumşaq güc mədəniyyət, dəyərlər və ideyalar vasitəsilə yola gətirmək qabiliyyətidir, sərt güc isə hərbi qüvvə vasitəsi ilə fəth etmək və ya məcbur etməkdir." Bütün bu elmi arqumentlərə istinad edərək ifadə edə bilərik ki, Azərbaycan, Cənab Prezident İlham Əliyevin siyasi strategiyası sayəsində ictimai-mədəni diplomatiya sahəsində uğurlar əldə etməyə davam edir. Biz bu qısa məqalə çərçivəsində mövzu ilə bağlı bəzi ciddi nüanslara toxunacağıq.


Siyasi kursun uğurlu ictimai-mədəni strateji xətti


Ümumiyyətlə son aylarda Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzu artdığı kimi ictimai-mədəni sahədə də həyata keçirdiyi və keçirəcəyi layihələr də böyük əhəmiyyət daşıyır. Belə ki, Cənab Prezident İlham Əliyevin həm daxildəki, həm də xaricdəki çıxışlarına nəzər saldığımızda belə bir strateji xəttin analitik təhlillərinə rast gəlirik. Cənab Prezident yüksək analitik təhlil qabiliyyəti ilə dəfələrlə qloballaşma kontekstində tarixi yaddaşımızı da qiymətləndirərək Azərbaycanın Avrasiyanın gələcəyində oynadığı yerə işarə edir, Azərbaycan Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirən zəngin mədəni irsə malik olduğunu vurğulayır və bu zəngin irsin qorunması üçün isə dövlətin üzərinə çox böyük məsuliyyət düşdüyünü diqqətə çatdırır.

Əlbəttə ki, xalqımızın ictimai-mədəni həyatında ilkin olaraq zəngin tarixi və mənəvi irsimizə daxil olan ədəbi-bədii incilərin təbliğ edilməsinin böyük önəmi vardır. Məhz bu sahəyə dövlət başçımız hər zaman öz ciddi qayğısını göstərməklə lazımı tədbirlərin həyata keçirilməsinə müvəffəq olmaqdadır. Belə ki, son günlərdə məşhur xalq qəhrəmanımız Koroğlunun Bakının mərkəzi yerlərindən birində heykəlinin qoyulması da bunun bariz nümunələrindən biridir. Heykəlin açılış mərasimində cənab Prezident İlham Əliyevin söylədiyi nitq ictimai-mədəni diplomatiyamızın strateji təhlili baxımından son dərəcə əhəmiyyətli bir çıxışdır: "Koroğlu bizim xalq qəhrəmanımızdır. Koroğlu vətənpərvərlik, igidlik rəmzidir. Azərbaycan xalqının qəlbində Koroğlu daim yaşamışdır. Bütün dövrlərdə Koroğlunun xalq qarşısında etdiyi xidmətlər Azərbaycan xalqının xatirəsində yaşamışdır və bu gün də yaşayır. Koroğlu obrazı vətənpərvərlik, igidlik, mərdlik, şücaət obrazıdır. Koroğlu Azərbaycan xalqına xas olan bütün gözəl xüsusiyyətləri özündə əks etdirir. Vətənpərvərlik kimi bu gün də çox vacib olan amil Koroğlu obrazında bariz şəkildə özünü göstərir...Koroğlu da haqq-ədalətin tərəfində idi. Koroğlu kasıbların tərəfində idi. Koroğlu ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət, sərkərdə, gözəl vətəndaş idi. Biz, bir daha demək istəyirəm ki, gənc nəsli bu müsbət nümunələr əsasında tərbiyə etməliyik. Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar, Vətəni sevirlər. Bizim vətəndaşlar haqlı olaraq qürur hissi keçirirlər ki, biz hamımız Azərbaycan vətəndaşıyıq\".

Yuxarıda qeyd olunan çıxış mətnində dövlət başçımız yüksək analitik təhlil qabiliyyəti ilə tarixi yaddaşımıza nəzər salır və müasir dövrdə Koroğlu vasitəsilə gənclərimizin vətənpərvərlik ruhda tərbiyə olunmalarına istiqaməti yönəldir. Belə bir baxış tərzi, ictimai-mədəni diplomatiyanın strateji xətti baxımından tariximiz və müasir dövrümüz arasında əlaqələrin qurulmasına daha da təkan verməkdədir.


Heydər Əliyev Fondu ictimai-mədəni diplomatiya strategiyasını uğurla həyata keçirir.

Heydər Əliyev Fondu qısa müddət ərzində mədəniyyət diplomatiyasına və mədəniyyətlərarası dialoqa töhfələr verən və Qafqazda və keçmiş sovet məkanında analoqu olmayan uğurlu layihələr həyata keçirməkdədir. Heç şübhəsiz ki, böyük peşəkarlıq və ciddi təşkilatçılıqla reallaşdırılan həmin proqram və layihələr, ümumilikdə Fondun bütün fəaliyyətindəki və xüsusilə də mədəniyyət diplomatiyası sahəsindəki uğurları Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci Xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili və ictimai-siyasi xadim Mehriban xanım Əliyevanın müstəsna və möhtəşəm xidmətləri sayəsində nail olunur.

Məhz son vaxtlarda Heydər Əliyev Fondunun dəstəyi ilə "Nizami" Kino Mərkəzində "Qafqazda sülh" beynəlxalq layihəsi çərçivəsində Avropa kinematoqrafçılarının birgə istehsalı olan "Sonu olmayan dəhliz" adlı sənədli filmin təqdimatının keçirilməsi ictimai-mədəni diplomatiya sahəsində uğurlu addımlardandır. Belə ki, təqdimat "Xocalıya ədalət" Beynəlxalq məlumat kompaniyası çərçivəsində keçirilmiş və Xocalı faciəsinin 20 illiyinə həsr olunmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tədbirdəki çıxışı da qeyd olunan istiqamətdə aparılan real strategiyanı əks etdirir: "Bu film Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaqdır. Xocalı soyqırımı nəinki Azərbaycan xalqının, eləcə də bu faciə haqqında heç olmasa bir dəfə məlumat almış və onun nəticələrini görmüş hər bir vicdanlı insanın ağrısıdır".

İctimai-mədəni diplomatiyamızın son uğurlarından Mehriban xanım Əliyevaya təqdim olunan xüsusilə iki mükafatın əhəmiyyəti daha da böyükdür. Bunlardan birincisi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rəhbərliyinin Azərbaycanın birinci xanımı Mehriban Arif qızı Əliyevanın xüsusi xidmətlərinin etirafı əlaməti və onun səhiyyə, ətraf mühitin, sülhün və humanizmin qorunması ilə bağlı qlobal problemlərin həllinə sanballı töhfəsinə görə ona İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adı verilməsi haqqındakı qərarı və ikincisi isə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın "Türk Dünyası Sənətçilər və Yazarlar Vakfı"nın təsis etdiyi "Türk Dünyasına xidmət" mükafatını Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya təqdim etməsidir.

Son günlərdə isə Paytaxt Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində möhtəşəm açılışı ilə yadda qalan \"Fransa inciləri\" mövzusundakı sərgi də məhz Heydər Əliyev Fondunun humanist fəaliyyətə əsaslanan təşəbbüslərindən biri kimi mədəniyyət tarixinə yazıldı. Sərginin açılış mərasimində qeyd edildiyi kimi, bu önəmli hadisənin gerçəkləşməsində Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Mədəniyyət və Turizm Nazirliyinin, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın dəstəyi xüsusi əhəmiyyət daşıyır.

Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın sərginin açılışında ifadə etdiyi fikirlər ictimai-mədəni diplomatiyanın dövlətlərarası əlaqələrin güclənməsi və inkişaf etməsi baxımından son dərəcə ciddi olduğunu bir daha göstərməkdədir:\"...mən hətta bu sərgini nəinki \"Fransa inciləri\", həmçinin \"Azərbaycan inciləri\" adlandırardım. Bu, məhz onunla bağlıdır ki, Azərbaycan tərəfi bu cür tədbirlərə xüsusi önəm verir. Əslində, Sizin bu işə göstərdiyiniz böyük maraq çox əhəmiyyətlidir. Fransada, ümumiyyətlə, bu cür mədəni tədbirlər xüsusi nüfuza malikdir və bu baxımdan biz hesab edirik ki, əgər Azərbaycan tərəfi, azərbaycanlılar Fransa mədəniyyətinə bu cür maraq nümayiş etdirirlərsə bu, o deməkdir ki, Fransada Azərbaycanı tanıyanların sayı çoxalır. Xüsusən də, Sizin Fransada mövcud ictimai rəyə təsiriniz artır və kütləvi informasiya vasitələri ilə ölkənizi tanıtmağa imkanlarınız genişlənir\".

Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranının yuxarıda qeyd olunan fikirlərini şərh edərək deyə bilərik ki, həqiqətən də ictimai-mədəni diplomatiya sahəsində həyata keçirilən tədbirlər diaektik mahiyyət daşımaqla həm qarşı ölkənin və həm də Azərbaycanın maraqlarını təmsil edir. Məhz Cənab Prezident İlham Əliyevin çox şaxəli siyasi strateji kursu və Heydər Əliyev Fondu Prezidenti Mehriban xanım Əliyevanın ictimai-mədəni diplomatiya sahəsindəki uğurları sayəsində Azərbaycan qlobal inteqrasiya prosesini müvəffəqiyyətlə həyata keçirəcəkdir.


Rəşad İlyasov

Fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə