BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi təmsilçisi Kofi Annan 13 martda Ankarada Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşdü. Bundan başqa Kofi Annan Ankarada Suriya müxalifəti ilə də görüşərək müzakirələr apardı. Annan Suriya prezidenti Bəşər Əsəddən cavab gözlədiklərini vurğulayıb -"bu cavabı aldığımızda necə bir reaksiya verəcəyimizi də müəyyən etmiş olacağıq" fikrini ifadə etdi. Ankaradakı hökumət isə öz növbəsində beynəlxalq ictimaiyyətin bu məsələyə dərhal cavab verməsi için Annandan səylərinin artırmasını istədi. Keçmiş BMT Baş katibi Kofi Annan Şamda Suriya prezidenti Bəşər Əsədə təqdim etdiyi yol xəritəsinin beş maddəlik olduğunu da açıqladı:
1- Atəşkəsin elan olunması və bunun BMT təhlükəsizlik şurasından çıxacaq qərarlara bağlanması. BMT və Ərəb Liqası müşahidəçilərinin atəşkəsə nəzarət etməsi.
2. Humanitar yardımın çatdırılması.
3. Suriya Milli Şurası üzvlərinin də daxil olduğu birlik hökumətinin qurulması.
4. Seçkilər qanunun hazırlanması.
5. BMT və Ərəb Liqası nəzarəti altında məclis və prezident seçkilərinin keçirilməsi.
Türkiyə Respublikası Baş naziri R.T.Ərdoğan isə 2 apreldə "Suriyanın Dostları" forumunun ikincisinin İstanbulda təşkil olunacağını xəbər verdi. Xarici işlər naziri Əhməd Davudoğlu da öz növbəsində Suriyada olan bir neçə Türkiyəli jurnalistlərin tapılması üçün lazımi tədbirlərin görüldüyünü bildirdi. Bütün bunlar Türkiyənin Suriyaya dair aktiv siyasi strategiya yürütdüyünü göstərməkdədir.
Ankaranın reaksiyası
Rusiyanın diplomatik və böyük ehtimalla hərbi dəstəyi ilə Çinin diplomatik dəstəyini alan Suriya hökuməti hal-hazırda beynəlxalq ictimaiyyətin reaksiyalarına müsbət cavab verməməkdədir. Bu baxımdan Türkiyə hökuməti Suriya hökumətini sərt tənqid edərkən digər tərəfdən xarici qüvvələrin Suriyaya müdaxiləsini qəbul etmək istəmir. Bu mənada Türkiyə öz milli təhlükəsizliyini və maraqlarını nəzərə alaraq Suriyaya hərbi müdaxilədə iştirak etməmək üçün səy göstərir. Əlbəttə ki, belə bir strategiyanın bir neçə səbəbi vardır. Suriya ilə tarixi bağlar, məzhəb təəssübkeşliyinin olması və ən nəhayət qonşu ölkə olması etibarilə Türkiyənin belə bir hərbi müdaxilədə iştirak etməsi Türkiyə üçün mənfi nəticələrə gətirib çıxara bilər. Hal-hazırda Türkiyənin Suriya məsələsində siyasi strategiyası bundan ibarətdir deyə bilərik. Ancaq proses daha da çətinləşər və hərbi müdaxilədən başqa bir yolun qalmadığı qətiləşər isə Türkiyənin Suriyaya hərbi müdaxiləni təsdiq edəcəyi ehtimalı öz aktuallığını da qorumaqdadır. Hal hazırda isə Türkiyə daha çox Suriyaya humanitar yardım etmə səylərinin artırmaqdadır. Son 1 həftədə 3 minə yaxın Suriyalı Türkiyə sərhədlərini keçərək Hatay şəhərində təşkil olunan çadırlarda yerləşdirilmişdir. Beləliklə Suriyalıların çadır şəhərciyindəki sayı 13 mindən çoxu təşkil edir.
Digər tərəfdən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Suriyada baş verən hadisələrə görə ən çox zərər çəkənin Ərəb ölkələri və Türkiyə olduğunu bildirməsi Türkiyənin siyasi strategiyasına da təsir edən amillərdəndir.
Xarici müdaxilə
Ümumiyyətlə yaxın və orta şərqi, xüsusilə ərəb baharı adı altında baş verən hadisələri lokal və qlobal aspektlərdən təhlil etmək lazımdır. Belə ki, bu regionun özünə məxsusluğunu, buradakı ərəb qəbilələrinin və ya hakimiyyətdə təmsil olunan tayfaların daxili dinamikasını, onların xarici qüvvələrlə olan münasibətlərini dəqiq bilmədən ciddi analizlər etmək mümkün deyil.
Türkiyənin birbaşa Suriyaya müdaxilə etməyəcəyi ehtimal xaricində olduğu üçün Suriya müxalifətinin qərbli müttəfiqlərin müdaxiləsinə ümid etdikləri görünməkdədir. Məhz Rusiya və Çin kimi xarici qüvvələrin də hal-hazırkı Suriya hökumətini dəstəklədikləri, xarici müdaxilə balansını ortaya qoymaqdadır.
Digər tərəfdən Suriya ilə bağlı hadisələrdə böyük güclər sistemə tam olaraq hakim olmaq üçün mübarizə aparır. Məhz Suriya məsələsi üzərindən Ərəb Baharı yenidən böyük güclərin nüfuz məsələsinə çevrildi. Bu gün Suriyada birinci problem rejimin gedib-qalmağından daha çox Suriyada Rusiyanın, Qərbin və İranın təsirinin nə qədər olacağı ətrafında dönür. Bu mənada Rusiya və İran Şamdakı rejim dəyişikliyinin onlara qarşı bir siyasi həmlə olduğunu düşünürlər.
Yuxarıda qeyd olunan arqumentlər əsasında deyə bilərik ki, Türkiyə hökuməti Suriya ilə bağlı başından etibarən meydana gələn hadisələri ciddi şəkildə izləməkdə və təhlil etməkdədir. Xarici işlər naziri Əhməd Davudoğlunun qonşularla \"sıfır problem\" siyasi ideyası təəssüf ki, Suriya ilə olan əlaqələrdə özünü doğrultmadı. Hal-hazırda Türkiyə hökuməti Suriya xalqına humanitar yardımı genişləndirərək beynəlxalq ictimaiyyəti bu problemin həll olunmasında təcili şəkildə adekvat addımlar atmağa çağırmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB