Həmsədr yoxsa həmsəbir? - ANALİZ

ATƏT-in Minsk qrupunun yaradılmasının 20 illiyi - Qarabağ Azərbaycan həsrətində


Biz 20 ildir səbir edirik ki, nə vaxtsa torpaqlarımız düşmən tapdağından azad olacaq. Nə qədər xalqımız soyqırımlara və faciələrə məruz qalmasına baxmayaraq biz yenə də səbir edirik. Humanizm prinsiplərinə əsaslanaraq gözləyirik ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemini sülh şəraitində qan tökülmədən həll edəcəklər. Ancaq bu mövqedə müsbət heç bir addım atılmadı. 20 il ərzində dəyişilən təkcə həmsədrlərin tərkibi oldu. Ancaq Azərbaycan xalqı yenə səbir etdi və bu cür addım atması bir daha nə qədər dözümlü və demokratik, suveren dövlət olmasını bir daha sübut edir. Ancaq səbrin də bir həddi var. O hədd o zaman pozulur ki, bizim ümid bəslədiyimiz həmsədrlərdən və bəzi dövlətlərdən problemin sülh şəraitində həlli üçün heç bir müsbət addım atmırlar. Yalnız din faktorunu əsas götürən həmsədrlər ermənilərin nə qədər günahı olursa olsun mövqeyini müdafiə etməklə atəşkəsin vaxtını uzadıb Ermənistanın işğalçı siyasətinə dəstək verirlər. Lakin Azərbaycan dövləti erməni torpaqlarını işğal etsəydi onda əminliklə demək olardı ki, xalqımıza qarşı amansız təzyiqlər olardı və tez zamanda bu problem öz həllini tapardı. Yenə də xristianlıq amili bu məsələnin həllində açıq-aşkar özünü göstərərdi. ATƏT-in Minsk Qrupunun yaradılmasından 20 ili ərzində biz yalnız bunun şahidi olduq.

İndi dünyada gedən proseslərə baxanda, dünya birliyi üçün nələrin önəm kəsb etdiyini demək çox çətindir. Bir də görürsən, hansısa münaqişə ocağı haqqında bir saata qərar qəbul edilir, amma daha böyük münaqişələr, daha böyük itkilər yaşayan konfliktlər onillərlə öz həllini gözləyir. Balkanlar və bir sıra başqa münaqişələr istisna olmaqla, etnik münaqişələrin, demək olar, böyük hissəsi bu vaxta qədər həll edilməyib.

Bütün bunlara baxmayaraq Azərbaycan Prezidenti İlham Əliyev daima beynəlxalq konfranslarda çıxışında bildirib ki, Azərbaycan ərazi bütövlüyü suverenliyi bərpa olunmalıdır. Bu münaqişənin həllinin yolu ancaq beynəlxalq hüquq normaları əsasında qəbul edilməlidir. Azərbaycan dünya birliyi tərəfindən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. İşğalçı qüvvələr torpağımızdan çıxarılmalıdır. Azərbaycan vətəndaşları öz ata-baba torpaqlarına qayıtmalıdır. Bu gün iqtisadi sahədə, hərbi sahədə, bütün başqa sahələrdə Azərbaycanın potensialı Ermənistandan bir neçə dəfə üstündür. Sülh danışıqlarının tam səmərəsiz başa çatması artıq işğal olunmuş ərazilərimizin güc yolu ilə azad edilməsini şərtləndirəcək. Bunun reallaşması üçün Azərbaycanın kifayət qədər güclü ordusu var. Bu ordu istənilən an antiterror əməliyyatı keçirərək işğal olunmuş torpaqlarımızı azad etmək qüdrətindədir.

Bizdə inanırıq ki, tez bir zamanda işğal olunmuş torpaqlarımız azğınlaşmış erməni terrorçularından azad olunacaq. Həmsədrlərin fəaliyyətsiz fəaliyyətinə də ehtiyac qalmayacaq.


Mamed Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə