Ermənistanda İran böhranı qorxusu-TƏHLİL

İran Ermənistanın dünyaya yeganə çıxış qapısıdır. Azərbaycan və Türkiyə sərhədlərindən istifadə edə bilməyən İrəvan İrana hərbi müdaxilələr ediləcəyi təqdirdə dünyadan tamamilə təcrid edilməkdən qorxur.

İrana qarşı sanksiyalar Ermənistana mənfi təsir göstərib

Ermənistanda İranla Qərb ölkələri arasında nüvə anlaşılmazlığı bağlı narahatlıq getdikcə böyüyür. Tehrana qarşı sərtləşdirilən sanksiyalardan narahat olan Ermənistan bölgədə hərbi əməliyyat təşkil ediləcəyi halda bundan ən çox təsirlənəcək ölkələrin önündə gəlir. Baş verə biləcək bir əməliyyat Ermənistan baxımından əvvəlcə həyati əhəmiyyət daşıyan enerji və nəqliyyat layihələrinə təsir edəcək.

İranşünas Sevak Saruxyan isə İrana qarşı sanksiyaların artıq Ermənistana mənfi təsir göstərdiyini bildirib. Belə ki, reallaşdırılmasına dair razılıq əldə olunmuş bir sıra İran-Ermənistan birgə iqtisadi layihələr təhlükə altına düşüb.

Belə bir vəziyyətdə Ermənistan üzərindən Bəsrə körfəzinə çəkilən dəmir yolu xətti layihəsinin həyata keçirilməsinin təhlükəyə girəcəyi ehtimal edilir. İran ilə birgə iqtisadi layihələrə böyük ümidlər bəsləyən Ermənistanın vəziyyəti acınacaqlı görünür. İlk növbədə İrandan Ermənistana elektrik enerjisi ötürülməsi üçün 800-900 meqavat gərginlikli 140 milyon dollar dəyəri olan üçüncü xəttin tikintisi, həmçinin, Araz çayı üzərində 500 milyon dollar dəyəri olan Cənubi Qafqazın ən iri Su Elektrik Stansiyasının (SES) inşasını göstərmək olar.

2012-ci ildə başlanması planlaşdırılan SES-in tikintisini İran şirkətləri həyata keçirməlidirlər. Bununla belə, inflyasiya və İran rialının ucuzlaşmasını nəzərə aldıqda, bu layihələrin başa çatdırılması sual altında qalır. Çünki, Avropa İttifaqının İrana qarşı sanksiyaları barədə xəbər açıqlandıqdan sonra bu ölkənin milli valyutası 10 faiz ucuzlaşıb. Eyni sözləri İran-Ermənistan neft kəməri barədə də demək olar. Xatırladaq ki, bu layihə üçün 160-180 milyon dollar vəsait tələb olunur. İlkin razılaşmaya görə, layihə ilə bağlı investisiyalar Ermənistanla İran arasında bərabər paylansa da, sonradan iranlılar bütün xərcləri özlərinin çəkəcəklərini bəyan ediblər. Bu xətt vasitəsilə Ermənistana neft məhsulları - dizel yanacağı və benzin daşınmalıdır. Eyni zamanda Ermənistan həmin marşrutla xam nefti Fars Körfəzindəki qiymətlərlə alacaq.

Bütün yollar İrana çıxır

Gürcüstan və Türkiyə ilə münasibətlərində ciddi problemlər yaşayan Ermənistan üçün cənubdakı qonşusu İran dünyaya açılan tək qapıdır. Türkiyə Dağlıq - Qarabağ münaqişəsindən dolayı Ermənistana sərhədlərini bağlı saxlayır.

Ermənistanın himayədarı, hərbi müttəfiqi Rusiya ilə birbaşa əlaqəsi yoxdur. Onların arasında isə Gürcüstan var. Ancaq şimalla əlaqəsi də Tiflis və Moskva arasındakı gərgin olan münasibətlər səbəbi ilə qismən bağlı vəziyyətdədir. Rusiya və Gürcüstan arasında çətinlik yaradan bölgə, Abxaziya üzərindən keçən dəmir yolu uzun zamandır istifadə olunmur. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən müharibədən sonra Tiflisin özünün bir parçası olaraq gördüyü Cənub Osetiya və Abxaziyanı Rusiya müstəqil dövlət olaraq tanımışdı.

Mühacir axını qorxusu

İranla Qərb arasında nüvə proqramı ilə bağlı anlaşılmazlığın müharibəyə çevrilməsi Ermənistana ictimai baxımdan da yük gətirə bilər. İrəvandakı müşahidəçilər baş verə biləcək bir müharibənin İrandan Ermənistana böyük bir mühacir axınına səbəb olmasından narahatlıq keçirir. Ermənistanın Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyanın fikrincə, hərbi əməliyyat başlayacağı təqdirdə, Ermənistanın xarici aləm ilə yeganə infrastruktur əlaqəsi kəsiləcək və ölkəyə çoxsaylı iranlı qaçqınlar gələcək.

Mütəxəssislər İrandan aralarında ermənilərin də olduğu 400 minə yaxın adamın Ermənistana qaçacağını ehtimal edir. İranda hələ də təxminən 300 min erməni yaşayır. Özünü birtəhər, yarıac dolandıran ermənilər üçün isə bu, böyük fəlakət ola bilər.

Ermənistandakı Sosioloqlar Birliyinin rəhbəri Qrevorq Poqosyan bu gün belə İrandan xeyli sayda insanın Ermənistana köç etdiyinə diqqət çəkərək "Xüsusilə İrandakı iş adamları və ziyalılar ölkədəki həssas vəziyyətə qarşı tədbirlər görür. Ailəliklə Ermənistana köç edənlər var\" deyir.

İrəvan iranlıların mərkəzi

Ermənistan rəsmilər, ermənilər iranlıların ölkələrində iş yeri açmasına ya da daşınmaz əmlak almasına qarşı çıxarmırlar. İrəvanda İran bankları, restoranları, bir məscid və bir mədəniyyət mərkəzi var. Xeyli sayda iranlı da İrəvanın mərkəzində daşınmaz əmlaka sahibidir. İrəvan Əmlak Birjasının direktoru Ardam Pribilski Ermənistandakı daşınmaz əmlak bazarında iranlı alıcıların artdığına işarə edərək \"İranda vəziyyət daha da gərginləşsə, o zaman buradakı əmlak qiymətləri də yüksələcək\" deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə