Dünya Azərbaycanlı Gəncliyi və Qlobal İnteqrasiya - TƏHLİL

Prezident İlham Əliyev: Hər bir Azərbaycanlı gənc öz doğma Vətəni ilə qürur duyur…


Məlum olduğu kimi Martın 12-də Bakıda, Gülüstan sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilib. Cənab Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı məktubda vurğuladığı: "Bu mötəbər məclisin keçirildiyi gün Azərbaycan gənclər hərəkatının tarixinə əlamətdar hadisə kimi daxil olacaqdır", - düşüncəsi həqiqətən də qurultayın tarixi əhəmiyyətini əks etdirir.

Ümumiyyətlə, Azərbaycan gəncliyinin inkişaf dinamikası istiqamətində ümummilli lider Heydər Əliyevin 1995-ci ilin martında ölkə gəncləri ilə görüşərək onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bildirməsini xatırlamaq vacibdir. Belə ki, 2 fevral 1996-cı ildən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu gənclər siyasətinə dair siyasi kursun nəticələrindəndir.

Məhz 2007-ci ildə Prezident İlham Əliyev tərəfindən "Azərbaycan gənclərinin xaricdə təhsili 2007-2015", 2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramları qəbul olundu. Bundan əlavə gənclərə ipoteka verilməsinin şərtlərinin asanlaşdırılması, gənclər mərkəzlərinin tikilməsi, gənclərlə bağlı tədbirlərin Bakıda keçirilməsi kimi sərəncamlar qeyd etdiyimiz funksional siyasi kursun uğurlarındandır. Bununla yanaşı 2011-ci il oktyabrın 21-də \"Hilton Baku\" otelində Heydər Əliyev Fondu ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında \"2012-ci ildə keçiriləcək Rio+20 konfransına hazırlıq məqsədilə Azərbaycan gənclərinin səfərbər edilməsi\" adlı Anlaşma Memorandumu imzalanması da gənclərə dair uğurlu siyasi strategiyanın kontekstində başa düşülməlidir.


Azərbaycanın milli maraqları dünya Azərbaycanlı gənclərinin prioritet məqsədi olmalıdır


Qloballaşma sayəsində kapitalizm, modernizm və universalizm bəşər tarixində bənzəri olmayan bir inkişaf mərhələsinə, yəni zirvə nöqtəsinə çatmışdır. Qlobal terror, yoxsulluq, ekoloji fəlakət və AIDS təhlükəsi kimi qlobal problemlər qlobal əməkdaşlıq və qlobal mübarizənin konkret nümunələrinə çevrilir. Bu mənada milli (local) dəyərlərin qlobal arenaya transformasiyası aktual məsələlər qrupuna daxildir. Məhz qlobal inteqrasiya prosesində müasir dünyada beynəlxalq münasibətlərin həyata keçirilməsi ilə bağlı iki aparıcı yanaşma tərzi mövcuddur: "sərt güc"(hard power) və "yumşaq güc"(soft power).

Politoloq-alim Josef Nye "sərt güc" və "yumşaq gücü" bir-birindən belə fərqləndirir: "yumşaq güc mədəniyyət, dəyərlər və ideyalar vasitəsilə yola gətirmək qabiliyyətidir, sərt güc isə hərbi qüvvə vasitəsi ilə fəth etmək və ya məcbur etməkdir". Burada məqsəd həm milli maraqların təbliği, həm münasibətlərin qurulması və həm də anlaşmaya nail olmaqdır. Qeyd olunan fikirlər kontekstində dövlət başçımızın dünya Azərbaycanlı gənclər qurultayına ünvanladığı təbrik məktubunda deyildiyi kimi: "Azərbaycanın gələcəyi gənclərimizin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi və milli-mənəvi dəyərlərə sədaqətindən asılıdır. Odur ki, gənclərin hərtərəfli inkişafı, sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin başlıca istiqamətlərindəndir ".

Digər cəhətdən 29 noyabr 2011-ci ildə Prezident İlham Əliyev "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar sərəncam imzalamışdır. Sərəncamın məzmun və məqsədi bir çox cəhətdən, xüsusilə gənclər siyasətinə dair aktual problemlərin həllini özündə ehtiva etdiyinə görə çox böyük əhəmiyyət kəsb edir. Prezidentin vaxtaşırı olaraq dövlətin gənclərə dair siyasətinin funksional mahiyyət daşıdığını qeyd etməsi və bu sahədə lazımi tədbirlərin hər an görülməkdə olduğunu ifadə etməsi dövlətimizin gənclər siyasətinin dolğun şəkildə həyata keçirildiyini göstərməkdədir: "Vacib məsələlərdən biri də ondan ibarətdir ki, biz keçən il Azərbaycan Gəncliyi Proqramını qəbul etmişik. Bu, çox konkret proqramdır. Yəni, bu, sadəcə olaraq formal xarakter daşımır. Proqramın bütün müddəaları konkret nəticələrə gətirib çıxaracaqdır. Gənclər Fondu yaradılıbdır. İndi orada təşkilatlanma prosesi gedir. Bu proses başa çatan kimi dövlət tərəfindən Gənclər Fonduna ilkin vəsaiti ayıracağıq ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin, maksimum sayda gənclərimiz müxtəlif layihələrə cəlb olunsunlar. Bu fond qrantlar verəcək, müxtəlif proqramlar üzrə vəsait ayıracaqdır. Əlbəttə ki, bu fondun fəaliyyəti haqqında danışmaq bəlkə bir qədər tezdir. Ancaq əlbəttə, biz bilirik ki, əsas istiqamətlər hansılar olmalıdır. Bu fondun hesabına və əlbəttə ki, dövlət vəsaiti hesabına biz daha da böyük sayda gəncləri quruculuq işlərinə cəlb etməliyik. Gənclərdə çox böyük potensial, böyük enerji vardır, vətənpərvərlik hissləri çox yüksəkdir. Hər bir vətəndaş kimi, onlar da istəyirlər ki, ölkə üçün yaxşı işlər görsünlər. Bu fondun və digər formatların hesabına biz gəncləri quruculuq işlərinə daha da fəal cəlb edəcəyik. Qeyd etməliyəm ki, hazırda fəaliyyət göstərən Elmin İnkişaf Fondunun təcrübəsi də çox müsbətdir. Yəni, bu fondun xətti ilə müxtəlif proqramların icrasında, o cümlədən gənclər, gənc alimlər də çox fəal iştirak edirlər. Gənclər Fondu da fəaliyyətini bu səpkidə, yəni, bu istiqamətdə aparmalıdır\".

Prezident İlham Əliyevin yuxarıda qeyd olunan fikirləri kontekstində Dünya Azərbaycanlı gənclərin təsis qurultayının keçirilməsi gənclərin vahid qurum şəklində fəaliyyət göstərməsi və bu qurumun müxtəlif təşəbbüslər, layihələr həyata keçirməsi gələcəkdə Azərbaycan diasporunun güclənməsinə, həqiqətlərimizin dünya birliyinə çatdırılmasına, əsasən də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında müxtəlif ölkələrə məlumatların çatdırılmasına imkan verəcəkdir.


Dünya Azərbaycanlı gənclərinin fəaliyyət strategiyası


Konfransın həyata keçirilməsi eyni zamanda dünya Azərbaycanlı gənclərinin gələcəkdə fəaliyyət strategiyalarının da müəyyən olunması baxımından əlamətdar əhəmiyyət daşıyır. Bu mənada Azərbaycan milli dəyərlərinin dünya arenasında layiqincə təmsil edilməsi Azərbaycanlı gənclərin əsas vəzifəsi olmalıdır. Ümumiyyətlə keçirilən bu qurultay dünya Azərbaycanlı gənclərinin vahid Azərbaycançılıq ideyası ətrafında bir daha şüurlu şəkildə birləşmələrinə təkan verəcəkdir. Belə ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qurultayda çıxışı zamanı haqlı olaraq Azərbaycan gəncliyinin həm ölkə daxilində, həm də qlobal dünyada ciddi bir amilə çevrildiyini bildirməsi çox böyük əhəmiyyət kəsb edir: \"Xocalı soyqırımı ilə bağlı dünyada Azərbaycan hakimiyyətinin, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış \"Xocalıya ədalət\" kampaniyası çərçivəsində Azərbaycan gəncliyinin fəallığının hamımız şahidi olduq. Dünyanın 70-dək ölkəsində keçirilən aksiyalar, konfranslardan tutmuş İstanbulun Taksim meydanındakı izdihamlı yürüş, müxtəlif ölkələrin parlamentləri qarşısındakı etiraz aksiyaları, Xocalıda yaşanan dəhşətli faciənin şəkillərinin nümayiş olunması və s. tədbirlər Azərbaycan gəncliyinin fəallığının sübutu idi\".

Nəticə olaraq belə bir qurultayın keçirilməsi həm tarixi, həm də müasir qlobal inteqrasiya baxımından Azərbaycan üçün əlamətdar olmuşdur. Dünya Azərbaycanlı gəncləri, dünyanın istənilən yerində olmasından asılı olmayaraq milli maraqları təbliğ və təmsil etməklə Azərbaycanın gələcəyi üçün böyük işlər görmüş olacaqdır.


Rəşad İlyasov,

fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə