Naxçıvan görüşü nə vəd edir? - TƏHLİL

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün tarixi açıqlanıb. Görüş martın 7-də Naxçıvanda baş tutacaq. Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehi üç ölkənin ortaq maraqlarına aid məsələləri müzakirə edəcəklər. Müzakirə mövzuları arasında terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik qaçaqmalçılığı və insan alverinə qarşı mübarizə də var.

Uğursuz bəyanat

Görüş yanvarın 17-ə planlaşdırılsa da, Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın dəfn mərasimi səbəbi ilə fevralın 21-ə təxirə salınıb. Lakin fevralın 21-də də görüş xarici işlər nazirlərinin iş qrafikinin uyğun gəlməməsi səbəbi ilə baş tutmayıb. Xatırladaq ki, nazirlər son olaraq ötən il aprelin 16-da İranın Urmiya şəhərində bir araya gəlmişdilər.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu görüşün nəticələrinə dair müsahibəsində bildirmişdi ki, hər üç ölkənin əməkdaşlığı regionda sülhün və sabitliyin bərqərar olmasına töhfə verəcəkdir.Hətta bu görüşdə Urmiya Bəyannaməsi qəbul olundu. Bəyannamədə qeyd olunurdu ki, üç ölkə arasında münasibətlərin inkişafının daha da qənaətbəxş olması və üç ölkənin xalqlarına, o cümlədən regionun digər millətlərinə firavanlıq gətirə biləcək sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni yollar araşdırılacaq. Üç ölkənin təhlükəsizlik təşkilatları terrorizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq, silah, narkotik maddələr, insan qaçaqmalçılığı və həmçinin mühacirlərin qeyri-qanuni keçirilməsinə qarşı mübarizənin aparılması məqsədilə birgə tədbirlər görəcəklər.

Üçtərəfli görüş gərginləşən münasibətləri yumşaldacaq

Bütün bunların əksinə olaraq İran hakimiyyəti Azərbaycana qarşı siyasətini daha sərtləşdirdi. Görünür rəsmi Tehran hücuma məruz qalacağı halda Azərbaycanın Qərbin yanında yer alacağını düşünür və ya Azərbaycanın İsraillə münasibətlərindən narahatdır. Tehran eyni zamanda Azərbaycanın inkişafından və bununla İranda yaşayan azərbaycanlıların azadlıq istəklərinin gündəmə gələcəyindən qorxur.

Ekspertlər növbəti üçtərəfli görüşün İranla Azərbaycan arasında gərginləşən münasibətlərə yumşaqlıq gətirəcəyini bildirirlər. Hər nə qədər rəsmi səviyyədə iki dövlətin nümayəndələri münasibətlərin normal olduğu haqda fikirlər səsləndirsələr də, baş verən olaylar deyilənləri təkzib edir.

Azərbaycan MTN-in İranın Bakıda terror aktı hazırlamasına dair yaydığı məlumatlar, jurnalist Rafiq Tağının qətlini İranla əlaqələndirilməsi, bir müddət öncə İranın Azərbaycana ard-arda verdiyi notalar da münasibətlər korlanmasında öz rolunu oynadı. İran isə Azərbaycanı təhdid etməkdə davam edir.

Türkiyə ilə İran arasında hazırkı münasibətlər əla olmasa da, hər iki ölkə arasında əlaqələri qənaətbəxş hesab etmək olar. Bu baxımdan görüşdə Türkiyənin daha çox tərəf kimi yox, vasitəçi qismində iştirakı fikirləri səsləndirilir. Hər halda İran-Azərbaycan münasibətlərinin normallaşması üçün vasitəçi ola bilən bəlkə də yeganə ölkə Türkiyədir.

Azərbaycan İrana düşmən mövqeyi bəsləmir

Politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, görüşlər mövqelərin yaxınlaşması və münasibətlərin normallaşdırılması baxımından əhəmiyyətlidir: "Qeyd etmək lazımdır ki, həm Azərbaycan, həm də Türkiyə regionda sabitliyin və davamlı inkişafın tərəfdarıdır. Bu baxımdan region ölkəsi kimi İranla Azərbaycan və ya İranla Türkiyə arasında hərtərəfli əlaqələrin mövcud olması və inkişaf etdirilməsi hər üç dövlət üçün olduqca önəmlidir. Son zamanlarda yaşanan gərginlik fonunda 3 dövlətin xarici işlər nazirlərinin görüşü böyük əhəmiyyət kəsb edir. Hər şeydən öncə İranda yəqin ki, müəyyən bir əminlik yaranacaq ki, Azərbaycan İrana düşmən mövqeyi bəsləmir və hərtərəfli əlaqələrin qurulmasında da maraqlıdır".

Politoloq bu prosesdə Türkiyənin iştirakının da İran üçün əminlik yaradacağını deyib: "Çünki İranda Türkiyə və Azərbaycana qarşı müəyyən şübhələr və inamsızlıqlar mövcuddur. İran tərəfi Türkiyə və Azərbaycanın beynəlxalq aləmdə İrana qarşı tətbiq edilən sanksiyalarda hansısa formada iştirak etdiyini düşünür. Ona görə də belə şübhələrin aradan qaldırılması və gələcəkdə münasibətlərin yaxşılaşdırılması üçün zəmin yaradılmasında bu cür görüşlərin əhəmiyyəti böyükdür".

Bütün xəbərlər Facebook səhifəmizdə