2012-ci ildə də ölkəmizi yalnız və yalnız uğurlar gözləyir - TƏHLİL
Ötən il Azərbaycan üçün uğurlu il kimi yadda qalıb. 2011-ci ildə ölkə qarşısında duran əsas vəzifələr öz həllini tapıb və uğurlu iqtisadi inkişafı təmin olunub. Diqqətçəkən məqam ondan ibarətdir ki, ötən il ölkə iqtisadiyyatının qeyri-neft sektorunda böyük templi artım qeydə alınıb. Qeyri-neft sektoru 10 faizdən çox artıb. Bütün bunlar isə əvvəlki illərdə aparılan uğurlu iqtisadi islahatların nəticəsidir.
Azərbaycan bölgədə öz mövqelərini möhkəmləndirir
Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində Azərbaycanda böyük quruculuq-abadlıq işləri aparıldığını, iqtisadiyyatın bütün sahələri inkişaf etdiyini vurğulayıb: "Azərbaycan bölgədə öz mövqelərini möhkəmləndirir. İqtisadi inkişafı göstərən bütün statistik göstəricilər çox müsbətdir. Ölkəmizin valyuta ehtiyatları artır. Artıq bizim 40 milyard dollardan çox valyuta ehtiyatlarımız vardır. Ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya qoyulur və bu proses davam edir. İldən-ilə investisiya qoyuluşu daha da artır".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Xalid Mikayılovun sözlərinə görə, 2011-ci ildə qlobal böhranın Azərbaycan iqtisadiyyatına təsirləri minimum olub. Böhran dövründə ölkədəki makroiqtisadi sabitlik qorunub saxlanıb, manatın məzənnəsi digər valyutalara nisbətən möhkəmlənib, dünya bazarında qiymətlərin artması fonunda Mərkəzi Bank inflyasiyanı optimal səviyyədə saxlaya bilib, maliyyə sektorunda sabitlik təmin olunub. Bəzi zəif bankları çıxmaq şərti ilə ölkədə bank sistemində artım baş verib. Bankların məcmu kapitalı 2010-cu ilin 10 ayında ilin əvvəli ilə müqayisədə 8,2 faiz artıb. Bank filiallarının və şöbələrinin sayı çoxaldılıb. Bankların iqtisadiyyata kredit qoyuluşlarının həcmi (ilin 9 ayının nəticlərinə görə) 5,1 faiz artıb.
Yeni layihələr və sərmayələr yeni üfüqlər açır
Davosda Azərbaycana həsr olunan interaktiv sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, enerji sektoru iqtisadiyyatımızda üstünlük təşkil etməkdə davam edəcəkdir. Bu, təbiidir, çünki neft istehsalı təqribən 50 milyon ton təşkil edir: "Qaz istehsalı isə bu il 30 milyard kubmetrə yaxın olacaqdır. Yeni layihələr və sərmayələrlə bu rəqəm 50 milyarda da çata bilər. Beləliklə, qeyri-enerji iqtisadiyyatımızda nə qədər artım əldə etməyə çalışmağımıza baxmayaraq, enerji həmişə ümumi daxili məhsulda üstünlük təşkil edəcəkdir. Lakin bu, təbii haldır və yeni üfüqlər açır. Çünki indi Azərbaycanın iqtisadi və enerji siyasəti, həmçinin ölkənin siyasi çəkisinə transformasiya olunur."
Dövlət başçısı qeyd edib ki, neft və qazı hasil edən ölkə kimi biz həmişə ümumi daxili məhsula qeyri-enerji və enerji ümumi daxili məhsulu nöqteyi- nəzərindən baxırıq: "Beləliklə, keçən il qeyri-neft sənayesi 11 faiz, qeyri-neft sektoru isə 9 faiz artıb. Bu gün qarşıda duran məqsədimiz ölkənin müasirləşdirilməsi, şaxələndirilməsi və növbəti 10-12 il ərzində sürətli inkişafıdır"
Neft ümumi daxili məhsulu (ÜDM) ilə müqayisədə qeyri-neft ÜDM-in yüksək sürətlə artmasını ilin ən uğurlu iqtisadi hadisəsi hesab etmək olar. Rəsmi məlumatlara əsasən, qeyri-neft ÜDM-in artım sürəti 9,5 faiz təşkil edib. Ötən ilin 11 ayı ərzində ümumilikdə 45,5 milyard manatlıq ÜDM istehsal olunub ki, bunun da təqribən 21,5 milyard manatı və ya 47 faizi qeyri-neft ÜDM-in payına düşüb. Rəsmi rəqəmlərə əsaslanaraq demək olar ki, son illərdə qeyri-neft sektorunda istehsal olunan ÜDM-in həcmi ilə neft sektorundakı ÜDM arasında tarazlıq yaranıb.
Cari ilin ilk ayında pərakəndə ticarət dövriyyəsi artıb
2011-ci ildə xarici ticarət dövriyyəsi 3,9 faiz artıb, büdcə profisiti 306 milyon manat təşkil edib. Hesabat dövründə ixrac 26 570,9 milyon dollar, büdcə gəlirləri isə 15700,7 milyon manata bərabər olub.
Ötən il xarici ticarət dövriyyəsi 2010-cu illə müqayisədə 3,9 faiz artaraq 36326,9 milyon dollar təşkil edib. İxracın ümumi həcmi 26570,9 milyon dollara (-11,3%), idxal isə 9756 milyon dollara (+45,3 faiz) bərabər olub.
Dövlət büdcəsinin gəlirləri 1 il əvvəlki dövrlə müqayisədə 37,7 faiz artaraq 15700, 7 milyon manat təşkil edib. Xərclər isə 15394,7 milyon manata (+30,8 faizi) bərabər olub. Beləliklə, dövlət büdcəsinin profisiti 306 milyon manat təşkil edib. Hesabat dövründə pərakəndə ticarət dövriyyəsi 1 360,3 milyon manat, əhalinin gəlirləri 2 062,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, cari ilin birinci ayında pərakəndə ticarət dövriyyəsi 2011-ci ilin yanvarı ilə müqayisədə 9,4% artıb və 1360,3 milyon manata bərabər olub.
Hesabat dövründə əhalinin gəlirləri 2062,4 milyon manat (+14,8 faiz təşkil edib. Adambaşına düşən gəlirlər 226,1 manat (+13,2 faiz) olub. Yanvar ayında əhaliyə göstərilən pullu xidmətlər ötən ilin ilk ayı ilə müqayisədə 10,3 faiz artıb və 478,3 milyon manata bərabər olub.
Ölkə prezidenti İlham Əliyev bütün uğurlara və əldə olunmuş nailiyyətlərə baxmayaraq bu ilin də uğurla davam etdirilməsinin vacibliyini xüsusilə vurğulayıb: "2012-ci ildə də ölkəmizi yalnız və yalnız uğurlar gözləyir. Bizim gördüyümüz bütün işlərin məqsədində, bir daha demək istəyirəm ki, Azərbaycan vətəndaşı, Azərbaycan ailəsi dayanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB