Ermənistanda sosial-iqtisadi sferada böyük tənəzzülün yaşanması artıq müxtəlif beynəlxalq araşdırma mərkəzlərinin hazırladığı hesabat və digər sənədlərdən, verilən ekspert rəylərindən də aydın görmək mümkündür. Məsələn, Beynəlxalq Valyuta Fondunun dünya ölkələrinin 2012-ci ildəki iqtisadiyyatına dair proqnozu; ölkələr üzrə iqtisadi vəziyyətin analizi. Bütün bu göstəricilər üzrə aparılan dəyərləndirmələr nəticəsində "Forbes"in ekspertləri bu qənaətə gəliblər ki, dünyanın ən qeyri-səmərəli və etibarsız iqtisadiyyata malik ilk iki ölkəsindən biri məhz Ermənistandır. Dünya iqtisadiyyatının antilideri olaraq dəyərləndirilən Ermənistanda bu sahədə vəziyyətin daha da pisləşməsi istisna edilmir. Bunu şərtləndirən əsas amillərdən biri Ermənistanın 2009-cu ildə özünün zirvə nöqtəsinə çatan qlobal maliyyə böhranının fəsadlarından hələ də xilas ola bilməməsidir. İş yerlərinin ixtisarı, qiymətlərin sürətlə qalxması, iqtisadi tənəzzülün dərinləşməsi də Ermənistana daha böyük problemlər vəd edir.
Əhalinin maddi gəlirlərinin inflyasiya göstəricələrinə uyğun olmaması sosial çətinliklərin miqyasının genişlənməsinə, hakimiyyətdən duyulan narazılığın daha da dərinləşməsinə yol açır. MDB Statistika Komitəsi də yüksək inflyasiya göstəriciləri baxımından Ermənistanın MDB üzvləri arasında ilk beşlikdə yer aldığını bildirir. Yeri gəlmişkən qeyd edək ki, sözügedən Statistika Komitəsinin məlumatına görə, MDB ölkələri arasında ən aşağı inflyasiya isə məhz Azərbaycanda qeydə alınıb.
İrəvanda insan qalmadı
Ermənistanda mövcud ağır iqtisadi durumun sosial gərginliyi daha da gücləndirəcəyi, hətta Serj Sarkisyan iqtidarının vaxtından əvvəl hakimiyyətlə xudahafizləşməsinə yol açacağını düşünənlərin sayı da artır. Hələlik Ermənistan iqtidarı əhalinin sosial və digər zəminli etirazlarının qarşısını repressiv metodlar hesabına almağa çalışır. Yaranan vəziyyətdə Ermənistanda qalan əhalinin böyük əksəriyyəti vəziyyətdən ən yaxşı çıxış yolunu yenə ölkəni tərk etməkdə, müxtəlif xarici dövlətlərdə məskunlaşmaqda görür. Bu hal isə miqrasiya ilə bağlı elə erməni ziyalılarının özləri tərəfindən daha ciddi həyəcan təbili çalınması ilə müşayiət olunur. Artıq ölkədən əmək qabiliyyətli insanların misilsiz və davamlı xarakter alan miqrasiyasının fəlakət həddinə çatdığını etiraf edən bir qrup erməni ziyalısı hətta vəziyyətə müdaxilə etmək üçün parlamentin spikeri Ovik Abramyana və baş nazir Tiqran Sarkisyana müraciət edib. Ümumiyyətlə, aparılan tədqiqatlar göstərir ki, bu gün faktiki olaraq Ermənistan regionlarının bir çoxu sakinsiz qalıb. Əhalinin böyük əksəriyyəti isə paytaxt Yerevana cəmləşsə də, burada işsizliyin, ağır sosial-iqtisadi durumun hökm sürdüyü səbəbindən son illərdə sözügedən şəhərdən də insanların xaricə köç etdiyi vurğulanır.
Evsizlər çoxalır, sığınacaqda yer yox
Ermənistanda 2006-cı ilə kimi evsizlər üçün sığınacaq olmayıb. Hazırda isə iki belə sığınacaq var və hər ikisi paytaxtdadır. Onlardan biri Əmək və Əhalinin Müdafiəsi Nazirliyi nəzdindədir və 60 nəfər üçün nəzərdə tutulub. Digər sığınacaq isə ötən ilin dekabrından şəhər merinin dəstəyi ilə fəaliyyət göstərir və burada bu ilin martınadək evsizlər qəbul ediləcək. Burada da yerlər məhduddur, yalnız 40 nəfər qala bilər. Belə çıxır ki, hətta paytaxtda da evsizlərin yarısının bu şaxtalı qış günlərində sığınmağa isti ocağı yoxdur. Hazırda heç kim dəqiq deyə bilməz ki, Ermənistanda müəyyən yaşayış yeri olmayan vətəndaşların sayı nə qədərdir. Bu istiqamətdə heç bir araşdırma aparılmayıb. Amma onların sayının durmadan artdığını Əhalinin əmək və sosial müdafiəsi nazirliyinin əməkdaşı Anait Qevorkyan da təsdiqləyir. Onun dediyinə görə, təkcə İrəvanda bu gün 200-ə yaxın adam evsizdir və onlardan yarısı küçədə yaşamağa, gecələməyə məhkumdurlar:
"Bu gün bizim nazirlik və hökumətimiz üçün belə bir faktı dərk etmək çox çətindir. Ermənistanda heç vaxt bu qədər evsiz olmayıb. Sosial vəziyyət və yoxsulluq gətirib belə bir vəziyyətə çıxarıb. Mən hər kəsə, o cümlədən ictimai təşkilatlara və biznesmenlərə üz tuturam ki, bizə evsizlərə yardım proqramını həyata keçirməkdə kömək etsinlər".
"Son iki həftədə təkcə İrəvanda əl-ayaqlarını don vurma diaqnozu ilə 3 nəfər evsiz xəstəxanaya düşüb, onlardan biri hamilə qadındır". Bunu isə paytaxtdakı xəstəxanalardan birinin şöbə rəhbəri Norayr Davidyan deyib: "Qadını artıq xəstəxanadan çıxarmışıq və sığınacağa yollamışıq. Kişilərdən biri - təxminən 40 yaşında olanın vəziyyəti isə çox ağırdır". Norayr Davidyan bildirib ki, bu cür insanların əksəriyyəti xəstəxanadan buraxılan kimi, hələ tam sağalmamış yenidən küçələrdə qalırlar. Hazırda Ermənistanın paytaxtında quraşdırılmış iki sığınacaq doludur.
Evsizlər üçün sığınacaqlara rəhbərlik edən Ayk Poqosyan deyir ki, hər həftə azı 1-2 evsizə "rədd" cavabı verməyə məcburdurlar: "Qış aylarında həddən artıq çox adam bizə müraciət edir. Bu yaxınlarda 66 nəfəri yerləşdirmişik, halbuki bizim sığınacaq 60 adam üçün nəzərdə tutulub. Bu gün çox adam var ki, öz kökündən ayrılıb, heç nəyi yoxdur. Elələri də var ki, qohum-əqrəbası olsa da, onlarla əlaqəsi yoxdur. Mən artıq il yarımdır ki, burada işləyirəm və deyə bilərəm ki, evsizlərin sayı durmadan artır".
Sığınacağa sığınan bu insanlardan hər birinin bir taleyi var, paytaxt və bölgələrdən gəliblər. Sığınacağın direktoru Armen Qurjinyan deyir ki, dövlət büdcəsindən onlara ayrılan maliyyə artırılmır ki artırılmır: "2011-ci ildən 2012-ci ilə heç nə dəyişmədi. 60 evsizə il ərzində dövlət büdcəsindən 150 min dollar pul ayrılır".
Armen Qurjinyan onu da deyir ki, biznesmen və xeyriyyə təşkilatlarından yalnız qocalar evinə yardımlar edilir, evsizlər üçün sığınacaqlara yox: "Yalnız qocalara kömək edirlər, evsizlərə yox, onlar üçün yardım almamışıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB