Azərbaycan gəncləri bu il bayramlarını hansı uğurlar və ya problemlərlə qeyd etdilər? -ARAŞDIRMA

Bu həftə ərzində qeyd olunan 2 fevral – Gənclər Günü 1997-ci ildən ölkə gəncləri üçün önəm daşıyan tarixə çevrilib. SİA-nın xəbərinə görə, həmin il ümummili lider Heydər Əliyev tərəfindən 2 Fevral "Gənclər günü" elan edilməsi ilə bağlı qərar qəbul edilib. Bu qərar gənclərin ictimai-siyasi, iqtisadi və digər sahələrdə fəallığının artmasında böyük rol oynadı. Bu illər ərzində gənclərin problemlərinin aradan qaldırılması, işlə təmin edilmələri üçün müxtəlif qurumlar yaradılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49 faizi kişi, 51 faizi isə qadınlardır. Azərbaycanda doğulan körpələrin 82,3 faizi gənc ailələrdə dünyaya göz açıb. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təxminən 9 faiz artıb. Artıq 15 ildir qeyd etdiyimiz bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda "Gənclər günü" qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Onu da bildirək ki, dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.

Bu il də Gənclər gününün qeyd olunması istiqamətində həm Gənclər və İdman Nazirliyi, həm də müxtəlif gənclər təşkilatları tərəfindən müxtəlif tədbirlər həyata keçirilib.

Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin direktoru Qədəmşah Sadıqov gənclərin asudə vaxtlarının təşkili ilə bağlı ciddi problemlərin olduğunu deyib. Onun fikrincə, bunlara bütün bölgələrdə fəaliyyət göstərən gənclər evlərinin bəzi yerlərdə təyinatı üzrə işləməmsi, vahid mərkəzdən qidalanmaması və digər məsələlər daxildir. Son gənclər arasında intiharların sayının artdığını deyən direktor vurğulayıb ki, bu problemlərin əsas səbəbi iqtisadi, sosial məsələlərədn daha çox mənəviyyatdan, insanın sosial davranışından asılıdır.

"Son zamanlar assosial davranış bütün iunkişaf etmiş ölkələriun bəlasıdır. Gənclər uşaq yaşlarından komyuter, internet və ya virtual aləmə maraq göstərir. Bu da onları real aləmdən bir qədər uzaqlaşdırır. Insan bir var cəmiyyətdə olsun, insanlarla qaynayıb-qarışsın. Birdə var ki, tək-tənha kompyuter qabağında oturub kompyuterin qarşısında. Bu real aləmdən kənardır. O virtual aləmə qoşulduqca, real aləmdən bir o qədər kənarlaşır. Bu da təbiidir. İnsan sosial cəhətdən yetkin olmayanda müəyyən insanlarla əlaqədə olanda, ailə quranda, iş yerində müəyyən çətinliklər çəkir. Ona görə ki, o bu məsələlər alışmayıb. Bunun da əsasə əsas səbəbi belə hallardan qaynaqlanır", - deyə o əlavə edib.

Azərbaycan Respublikası Gənclət Təşkilatları Milli Şurasının sədri Fuad Muradov isə 1997-ci ildən ulu öndər Heydər Əliyev tərəfindən təsis edilən 2 Fevral-Gənclər Gününün keçirilməsi ilə Azərbaycan gənclərinin yaxın və uzaq perspektivləri, qayğılarının müzakirə edildiyini deyib. Onun sözlərinə görə, keçən il gənclərin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması məqəsdilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq olunub və Gənclər Fondu təsis edilib. Gənclər qarşısında çox böyük və önəmli bir məsələnin olduğunu deyən Fuad Muradov qeyd edib ki, bunlara Azərbaycanın ərazi bütövlüyünün bərpası, bundan sonra həmin ərazilərin təmizlənməsi, düzəlməsi və digərləri daxildir.

"İlk gənclər forumu ərəfəsində 2 fevral tarixindəki şəraitlə indiki şərait çox fərqlənir. Bu gün Azərbaycanın imkanları genişdir, ölkə gəncləri bütün dünyada təmsil olunur. Onların həm ictimai, həm də siyasi səviyyədə təmsilçiliyi çox yüksəkdir. Bu gün bir çox dövlət qurumlarında və digər təşkilatlarda Azərbaycan gəncləri kifayət qədər təmsil olunur. Təbii ki, Azərbaycan diplomatiyasında da çox savadlı və bilikli gənclər çalışır. Düzdür, bəzi istiqamətlər var ki, orada çox ciddi irəliləyişin olmasını istərdik. Azərbaycan parlamentində də ildən-ilə gənclərin sayı artır. Bu gün Azərbaycan gəncləri ictimai-siyasi vəziyyətdə yaxından iştirak edirlər. İnsanın bacarığı çox vaxt yaşından asılı deyil. Amma hər bir insanın aktiv dövrü və o daha çox gənclik dövrünə təsadüf edir. Bugünki gənclər öz biliklərini elmin, ölkənin inkişafına sərf edir ki, bu da çox vacib məsələdir" – deyə o əlavə edib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, gənclər təhsilindən, gücündən, cinsindən asılı olmayaraq daha çox biliklərə malik olmalı, mükəmməlliyə doğru çalışmalıdır. Onun fikrincə, ötən il prezident İlham Əliyev tərəfindən imzalanan \"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə\" Dövlət Proqramının icrası ilə bu sahədə mövcud problemlərin qismən də olsa həll olunmasına şərait yaradacaq. R.Abbasov qeyd edib ki, bu proqram fərdi Azərbaycan gəncliyinin təklifi əsasında hazırlandığından işlək olacaq.

"Əgər 2005-2009-cu illəri əhatə edən dövlət proqramı gəncliyin təşkilatlanması, yaranması və formalaşmasına yönəlmişdisə, 2011-2015-ci illəri əhatə edəcək Dövlət Proqramı təşkilatların ideyalarının həllinə, menecment və marketinqin yüksək səviyyədə qalxmasına, idarəçilikdə kreativ düşüncələr və yeni modellərin axtarışına, bəşəriyyətdə yenilikləri təhlil edərək Azərbaycan modelinə uyğunlaşdırmağa yönəlib. Əhalinin sayı artdıqca gənclərin təlabatı da artır. Onların məişət problemlərinin həlli, mənzil, iş təminatı məsələsini proqramın ayrı-ayrı qanadlarında, istiqamətlərində öz əksini tapıb. Bu gün Azərbaycan gəncliyi qarşısında ən əsas vəzifə onun özünüdərki, Azərbaycançılıq ideyasının təbliği, torpaqların azad olunmasında hər bir fərdin öz iş yerində əlindən gələni etməsidir", – deyə o bildirib.

Bu il proqram çərçivəsində konkret hansı işlər görüləcəyinə gəlincə, Raqif Abbasov vurğulayıb ki, ilk növbədə Gənclər Fondu yaradılacaq və bu, gənclər təşkilatlarının, QHT-lərin, tələbə hərəkatının fəaliyyətini maliyyələşdirəcək. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi 2 Fevral-Gənclər Günü ilə bağlı təbriklərini də çatdırıb.

"Gənclər günü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı ildən etibarən ölkəmizdə forumlar, 1997-ci ildə isə Gənclər Günü kimi qeyd olunur. Bu il gənclər gününü qeyd olunmasının 15 illiyidir. Bu tarix baxımından qısa bir zaman olmasına baxmayaraq, görülmüş işlər nöqteyi-nəzərdən yetərincə böyük bir dövrdür. Bu baxımdan Azərbaycan gəncliyində torpağa sevgi, vətəndaş olaraq öz üzərində çalışma, bilgilərin artırılması, sağlam olması, milli-mənəvi dəyərlərin qorunması, bizdən sonra gələn gənclərə daha xoşbəxt və firavan Azərbaycanın qoruyub saxlanılması və ötürülməsini arzulayıram", - deyə R.Abbasov qeyd edib.

Hər halda ölkənin gələcəyi hesab olunan gənclər bu gün dövlətin idman, mədəniyət, ictima-siyasi həyatında lazımi səviyyədə təmsil olunur və yüksək səviyyəli mükafatlar əldə edirlər. Onların sosial vəziyyətinin yaxşılaşdırılması, mövcud problemlərinin həlli bu gün hər kəsi düşündürməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə