\"BMT Təhlükəsizlik Şurasına üzv olmağımız bizim tarixi qələbəmizdir\" - TƏHLİL
Əldə olunan nailiyyətlər, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu Azərbaycanı dünyanın sayılan dövlətləri sırasına qoşub. Xarici siyasət sahəsində qazanılan uğurlar Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir. Ölkə rəhbərliyinin həyata keçirdiyi məntiqli xarici siyasət Azərbaycanı beynəlxalq aləmdə söz sahibinə çevirib. 2011-ci ildə də xarici siyasətdə çox yaddaqalan və tarixi hadisələr baş verdi. Azərbaycan daha bir tarixi nailiyyət qazandı, BMT Təhlükəsizlik Şurasına Şərqi Avropadan qeyri-daimi üzv seçildi.
Bu, bizim böyük siyasi qələbəmizdir
Oktyabrın 25-də prezident İlham Əliyevin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanatında deyilirdi ki, müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsi doğrudan da tarixi nailiyyətdir: "Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir".
Qeyd edək ki, 90 ilə yaxın tarixi olan qardaş Türkiyə Cümhuriyyəti bu yerə sahib olmaq üçün 50 il gözləyib və buna da cəmi iki il əvvəl nail olub. Türkiyə o vaxt bunu diplomatiyasının çox ciddi uğuru kimi təqdim etmişdi. Gənc, müstəqil Azərbaycan dövləti isə bu uğura imza atmaqla indi dünya əhəmiyyətli qərarların qəbulunda iştirak edir.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı xarici siyasət sahəsində qazanılan uğurlara da toxunub. Ölkə Prezidenti 2011-ci ildə xarici siyasətdə çox yaddaqalan və tarixi hadisələr baş verdiyini diqqətə çatdırıb: "Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, bizim böyük siyasi qələbəmizdir. Bu qələbə müstəqilliyimizin 20 illik yubileyinə təsadüf etmişdir. Bu da rəmzi xarakter daşıyır. 20 il ərzində Azərbaycan dünya xəritəsində nəinki özünə layiq yerini tuta bilmişdir, dünya birliyinin mütləq əksəriyyətinin rəğbətini, hörmətini, inamını qazana bilmişdir. Əks təqdirdə heç vaxt 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləməzdi. 155 ölkənin etimadını, inamını qazanmaq çox çətin və eyni zamanda, məsuliyyətli işdir. Azərbaycanın uğurlu siyasəti, müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, etibarlı tərəfdaş kimi özümüzü təqdimetmə imkanlarımız bax, bu vəziyyətə gətirib çıxarmışdır. Biz bu qələbəni rəqabət şəraitində əldə edə bilmişik və növbəti iki il ərzində dünyanın bir nömrəli, ən mötəbər təşkilatında üzv kimi öz prinsipial mövqeyimizi göstərəcəyik".
Azərbaycan müzakirələrdə fəal iştirak edir
Yanvarın 4-də isə Nyu-York vaxtı ilə səhər saat 10.00-da BMT-nin baş qərargahında Azərbaycan Təhlükəsizlik Şurasının ilk iclasında qeyri-daimi üzv yerini tutub. Yeni üzv olmasına baxmayaraq Azərbaycan müzakirələrdə fəal iştirak edir. Azərbaycanın məsələlərə öz yanaşması var. Öz maraqlarına uyğun xarici siyasət həyata keçirir. Azərbaycan üçün beynəlxalq sülh və təhlükəsizlik prioritetdir və Azərbaycan BMT Nizamnaməsində göstərilən prinsiplərə söykənərək fəaliyyət göstərir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da BMT Təhlükəsizlik Şurası çərçivəsində keçirilən tədbirlərdə iştirak edib. E.Məmmədyarov 11 yanvar 2012-ci il tarixində Cənubi Afrika Respublikasının xarici işlər nazirinin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının brifinqinə və 12 yanvar 2012-ci il tarixində Cənubi Afrika Respublikasının prezidenti Yakob Zumanın sədrliyi ilə Təhlükəsizlik Şurasında keçirilən müzakirələrə qatılıb və çıxışlar edib.Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Aqşin Mehdiyev Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı iclasındakı çıxış zamanı İsrailin işğal altındakı Fələstin torpaqlarında qanunsuz məskunlaşdırma siyasətini kəskin şəkildə pisləyib.
BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin hərəsinə bir ay sədrlik etmək imkanı verilir. Ölkəmiz isə bu mötəbər quruma sədrliyi may ayında edəcək və bunun üçün xüsusi gündəlik tərtib olunacaq. Gündəlikdə hansı məsələlərin yer alacağı hələ məlum deyil.
BMT-dəki daimi nümayəndə Aqşin Mehdiyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qərarların hazırlanması və qəbulunda, işçi komitələrin və qrupların fəaliyyətində fəal iştirak edəcəklərini deyib. Azərbaycanın BMT-dəki tərəfdarlarına əsas qlobal problemlərin həllində konstruktiv rol oynayacağını bildirənAqşin Mehdiyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vaxtilə qəbul edilən qətnamələrin də yerinə yetirilməsinə çalışacaqlarını vurğulayıb. Mehdiyev bəyan edib ki,rəsmi Bakı BMT-nin münaqişə ilə bağlı qəbul olunmuş qətnamələrinin icrasında israr edəcək.
Biz bu qurumda ilk növbədə ədaləti müdafiə edəcəyik
Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin məlum iclasında da xüsusi vurğulayıb ki, biz bu qurumda ilk növbədə ədaləti müdafiə edəcəyik: "Buna böyük ehtiyac vardır. Ədalət bəzi hallarda pozulur, beynəlxalq hüquq normalarına hörmətsizlik edilir, onlara riayət edilmir. Azərbaycan öz imkanları daxilində ədaləti və beynəlxalq hüququ bu mötəbər təşkilatda müdafiə edəcək, əlbəttə ki, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də daim gündəlikdə saxlayacaqdır".
Sözsüz ki, Azərbaycanın bu yeni statusu Ermənistanı narahat edir. Hətta Ermənistanın keçmiş xarici işlər naziri və bu ölkənin BMT-dəki keçmiş nümayəndəsi Aleksandr Arzumanyan deyib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi erməni diplomatiyası üçün möhkəm başağrısı olacaq. Yaxın iki ildə Ermənistana ciddi meydan oxuma halları baş verəcək.
"Bir daha demək istəyirəm ki, BMT Təhlükəsizlik Şurasına üzv olmağımız bizim tarixi qələbəmizdir. Biz haqlı olaraq fəxr edirik ki, bu qələbəyə nail ola bilmişik. Eyni zamanda, bu qələbə bizim məsuliyyətimizi də artırır və biz bu məsuliyyətə hazırıq". Dövlət başçısının səsləndirdiyi bu fikirlər onu deməyə əsas verir ki, artıq Azərbaycan siyasi arenada öz sözünü deyir, proseslərə təsir etmək gücü qazanıb. Bu gün xarici siyasətin möhkəmləndirilməsi üçün atılan addımlar, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində aparılan müzakirələr, danışıqlarda hətta müharibə variantının da gündəmə gətirilməsi xarici siyasətin möhkəm olmasından, eyni zamanda uğurlarından xəbər verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB