Son vaxtlar İranın təbliğat maşınının Azərbaycana qarşı yürütdüyü siyasət, İran mətbuatında Azərbaycana əleyhinə aparılan təbliğat, Ayətullahların təhdidləri sözdən əmələ keçib. Azərbaycana qarşı təbliğat kampaniyasında yeni variantlar, metodlar tətbiq olunmağa başlanıb. İranın Azərbaycan dövlətçiliyinə qarşı ortalığa qoyduğu yeni bir variant da kiber hücumları oldu.
İran Azərbaycanın inkişafını özünün ərazi bütövlüyünə təhlükə hesab edir
Yanvarın 17-də İrandan Azərbaycanın dövlət və ictimai saytlarına təşkil edilən haker hücumu nəticəsində ölkənin nüfuzlu dövlət qurumları, xəbər agentliklərinin də aralarında olduğu 25 sayt zərər çəkib. İranın bu kimi addımlar atmasının əsas səbəblərindən biri odur ki, İran qüdrətlənən, bölgədə söz sahibinə çevrilən Azərbaycanın inkişafını həzm edə bilmir. İran Azərbaycanın uğurlu xarici və daxili siyasətini, iqtisadi uğurlarını özünün ərazi bütövlüyünə təhlükə hesab edir. Fars rejimini idarə edənlər düşünürlər ki, Azərbaycanın bu cür inkişafı, dünyada artan nüfuzu, gec-tez Cənubi Azərbaycanda yaşayan soydaşlarımız üçün də cəlbedici olacaq və onların Azərbaycana rəğbətlərini artıracaq. Bütün bunları diqqətə alan İran həmişə çalışıb ki, Azərbaycanla bağlı problemlər olsun, dövlətçilik inkişaf etməsin. İran Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən belə öz məqsədləri üçün istifadə edir. Tehranın Azərbaycan üzərində basqılarını artırmaq, Azərbaycan adlı dövlətin inkişafı üçün əngəllərin uzunmüddətliliyini təmin etmək üçün Ermənistanla münasibətləri daim inkişaf etdirir, iqtisadi, hərbi, mədəni və təhlükəsizlik sahələrində münasibətləri daha da gücləndirir.
İranın "din" təxribatı baş tutmadı
İran əvvəllər də hicab və ya digər dini ayinlərlə bağlı məsələni ortalığa atsa da bunlar nəticə vermədi. Dini planda bu siyasətin yürüdülməsi daha çox sosial təbəqələrin sırf mənəvi ehtiyacları müqabilində İslamın siyasiləşdirilmiş və farslaşdırılmış bir formatda təqdimində özünü göstərdi. Azərbaycanda "İmdad-Xomeyni" kimi qurumlar vasitəsilə xeyriyyəçiliyi "siyasi sədəqə" formasına salan İranın müvafiq qurumlarının bu fəaliyyəti özünün siyasi məqsədləri üçün sosial dayaqlar hazırlamağa yönəlib. Ölkəmizdə fəaliyyət göstərən dini şiə qurumları, eləcə də siyasi partiyalar İran tərəfindən müəyyən mənada özünün Azərbaycanın siyasi səhnəsində pərdə arxasından iştirakını təmin etmək üçün istifadə edilir. Dini çalarlı siyasi fəaliyyət təkcə bununla məhdudlaşmır. Azərbaycanda ənənəvi dini qurumlar çərçivəsində deyil, İrandan ixrac olunan şablon-qəliblər əsasında formalaşdırılan, İranın dini hövzələri və ya çeşidli ali məktəblərində yetişdirilmiş şəxslər vasitəsilə idarə edilən dini-siyasi qurumların fəaliyyəti də Azərbaycanda Tehranın siyasi nüfuzunu genişləndirmək üçün sosial bazanın formalaşdırılması kimi strateji məqsədlərə xidmət edir.
Bizi sındırmaq istəyirlər, amma öz dişləri sınır
İran, Azərbaycanın dövlət siyasəti tərcihlərinin Qərb dəyərləri və təhlükəsizlik sisteminə inteqrasiyadan kənarlaşdırmaqda maraqlıdır. Bunu təmin etmək məqsədi ilə İran Azərbaycanın iqtisadi və tam siyasi müstəqillik qazanmasına qarşı maneələr yaratmağa çalışır. İran Qərb qüvvələrinin regiondan uzaqlaşdırılmasında maraqlı olduğu üçün Azərbaycanın beynəlxalq güclərlə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi ortaq layihələrə qarşı sabotaja yönəlmiş aktiv addımlar planlaşdırır, ölkə daxilində terror aktları törətməkdən belə çəkinmir. Ötən həftə Bakıda üstü açılan terror cəhdi də bunlardan biri idi. Hədəfləri isə "Şabad Or Avner" yəhudi məktəbinin iki işçisi olub. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi xarici ictimai xadimləri qətlə yetirmək cəhdi ittihamı ilə ölkə vətəndaşları Rasim Əliyev və Əli Hüseynovu saxlayıb. Bu şəxslərin isə İrandan gələn təlimat əsasında hərəkət etdikləri bildirilib. Hətta bunun üçün İrandan silah-sursat da gətirilib.
Politoloq Vəfa Quluzadə bu haqda belə deyib: "İranın Azərbaycanda terror aktı törətməsi onun bizə qarşı düşmən mövqedə olmasını göstərir. Bizi sındırmaq istəyirlər amma öz dişləri sınır. İran və onun Ayətullahları sonlarının çatdıqlarını başa düşərək qonşu dövlətləri qorxutmaq niyyəti güdürlər. Əgər onlar belə əməllərini davam etdirsələr buna qarşı biz cavab verməli olacağıq. Nəinki, biz həmçinin bizim Qərb müttəfiqlərimiz".
İran əli şiə müsəlmanlarının qanına batmış ermənilərə hərtərəfli yardım, dəstək göstərməklə İslam dininə xidmət etmədiyini bir daha sübut edir. Əksinə İslam dininə xidmət adı altında dini İran dövlətinin yaşaması üçün vasitəyə çevirib. Bu ölkədə yaşayan xalqların, həmçinin 40 milyon soydaşımızın da hüquqları din pərdəsi altında tapdanır, onların milli kimliyi əlindən alınır. Edamlar, ibtidai məfkurə, milli zülm, söz azadlığına qadağa, bütün bunlar İranın həqiqətləridir. İran İslam dövləti olsa da ətrafındakılara hədə-qorxu gəlir, terrora dəstək verir, ərazisində yaşayan millətlərin mədəniyyət tarixini bilərəkdən məhv edir. Bu İranın ana siyasəti, fars rejiminin iç üzüdür. Əsl İslam isə sülhü, azadlığı, insanlara sevgini özündə ehtiva edir. Bəs Fars rejimi hansı dinə xidmət edir?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB