ABŞ və İsrail İranla müharibə astanasında

Son zamanlar regionda mövcud durum dəyişməkdə davam edir. Cənub qonşumuz olan İran beynəlxalq təzyiqlərə qarşı öz hərbi gücünü nümayiş etdirir. Bu zəmində Birləşmiş Ştatlarla İsrail molla rejiminin addımına cavab olaraq iki ölkə tarixində ilk dəfə birgə raket təlimi keçirəcək.

İran - pas atan silah

İran yaxın vaxtlarda Birləşmiş Ştatlarla İsrailə cavab olaraq hərbi təlimlər keçirməyi planlaşdırır. Ölkənin müdafiə naziri Əhməd Vahidi deyib ki, bu, İran İnqilabi Keşikçilər Qvardiyası, yəni faktiki olaraq İran silahlı qüvvələri və İslam rejminin dayağı olan qüvvələrin təlimləri olacaq. Belə ki, İran Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün əlindən gələni edəcək. Onun sözlərinə görə, regiona aid olmayan qüvvələrin boğazda olması lazımsız və zərərlidir.

Eyni zamanda İran cari ilin ilk günlərində ikinci uzaq mənzilli raketi sınaqdan keçirib. İranın rəsmi kütləvi informasiya vasitələrinin məlumatına görə, "Nur" adlı "yer-yer" tipli raketin sınağı uğurla baş tutub. İran həmçinin Fars körfəzində hərbi-dəniz qüvvələrinin təlimləri çərçivəsində daha bir uzaq radiuslu raket sınaqdan keçirib. "Qadir" adlı "quru-dəniz" raketinin sınağı uğurla baş tutub. Sınaq zamanı Fars körfəzindəki hədəflər dəqiqliklə vurulub. Bundan başqa, radar əleyhinə orta radiuslu \"yer-hava\" tipli "Mehrab\" raketi sınaqdan keçirilib.

Həmçinin rəsmi Tehran Hörmüz boğazında "Vilayət -90" adı altında 10 günlük təlimlərə başladı. Manevrlər zonası Hörmüz boğazından Oman körfəzinədək olan beynəlxalq sularda 2 min kvadrat kilometr ərazini əhatə edirdi. Təlimlər Qərb və Tehran arasında İranın nüvə fəaliyyəti ilə bağlı gərginliyin artdığı bir vaxtda keçirildi. Belə ki, Qərb ölkələrinin İranın neft və maliyyə sektorlarına növbəti sanksiyaların tətbiqinə Tehran qəzəblə cavab verib. İran Fars körfəzini və onun ətrafındakı neft hasil edən ölkələri Hind okeanı ilə əlaqələndirən Hörmüz boğazını bağlayacağı ilə hədələyb. Bu bəyanat isə beynəlxalq arenada gərginliyə səbəb olub. Fars körfəzindən neft və qazın daşınması üçün istifadə olunur. İran parlamentinin milli təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Pərviz Sərvəri təlimlərlə əlaqədar Hörmüz boğazının gəmilərin keçidi üçün bağlanacağı barədə bəyanatı beynəlxalq bazarda neftin qiymətinin bahalaşmasına səbəb olub. Daha sonra İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib ki, boğazda gəmilərin keçidi üçün heç bir problem yaradılmayacaq.

Xatırladaq ki, Dekabrın 27-də İranın vitse-prezidenti Məhəmməd Pza Rəhimi bildirib ki, əgər Qərb ölkələri İrandan neft idxalına sanksiya tətbiq etsələr, İran Hörmüz boğazını gəmilərin keçidi üçün bağlı elan edəcək. Bəhreyndə dislokasiya olunmuş ABŞ Hərbi Dəniz Qüvvələrinin beşinci donanmasının komandanlığı isə bəyan edib ki, Hörmüz boğazında gəmilərin hərəkəti üçün hər hansı maneə yaradılmasına imkan verilməyəcək.

ABŞ - İsrail dostluğunun hədəfindəki İran

Birləşmiş Ştatlarla İsrail ilk dəfə birgə raket təlimi keçirəcək. Təlimlə bağlı minlərlə ABŞ hərbçisi İsrail torpaqlarına yerləşdiriləcək. Bu məqsədlə ABŞ Hərbi Hava Qüvvələrinin generalı Frank Gorenc Almaniyadakı ABŞ hərbi bazasından İsrailə gedib və ortaq raket təliminə hazırlıqlara başlayıb. Gorenc Birləşmiş Ştatların keçiriləcək birgə hərbi təlimlə bağlı İsraildə, İsrail isə Almaniyadakı ABŞ hərbi bazasında qərargah quracaq. Təlim Orta Şərqdə geniş miqyaslı hərbi əməliyyat keçirilərsə ortaq qüvvə formalaşdırmaqdır. ABŞ İsrailə THAAD raket hücumundan müdafiə sistemlərini və gəmilərdə istifadə olunan "Aegis" balistik raket sistemlərini də gətirəcək. Bu, İsrailə yönəlik raket hücumu təhdidlərinə qarşı testdən keçiriləcək. ABŞ-ın quracağı sistemlər İsrailin raket hücumundan müdafiə sistemləri – "Arrow", "Patriot" və "Dəmir Künbəz" ilə koordinasiyalı şəkildə çalışacaq. Bütün bu addımlar bir daha bu təlimin İrana mesaj xarakteri daşıdığını ortaya qoyur.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə