"Ermənistan-Azərbaycan münaqişəsi bizim xarici siyasətimizin əsas istiqamətidir. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqeyindən əl çəkməyəcəkdir"-deyən Prezident İlham Əliyev bir daha bəyan edir ki, bu gün qarşıda duran əsas məqsəd bütün beynəlxalq təşkilatlarda öz siyasi və diplomatik fəaliyyətimizi daha da gücləndirmək və məsələnin tezliklə həllinə nail olmaqdır.
Azərbaycanın mövqeyi konstruktivdir
Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarında Dağlıq Qarabağ probleminin müzakirəyə çıxarılmasına, bu məsələ ilə bağlı qərar və qətnamələrin qəbuluna nail olması aparılan uğurlu xarici siyasətin nəticəsidir. Lakin əsas məqsəd bu qərarların həyata keçirilməsi istiqamətində səyləri artırmaqdır. Son 8 ildə Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi xarici siyasətin nəticəsi olaraq ölkəmizin beynəlxalq mövqeləri xeyli möhkəmlənib.
Azərbaycanın qəbul etdiyi "Madrid prinsipləri"nə görə, əvvəlcə məcburi köçkünlər öz yurd-yuvalarına qayıdır, kommunikasiya bərpa olunur. Avropa İttifaqı kommunikasiyanın bərpası üçün donor-konfrans keçirə bilər. Ondan sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında kontaktları intensivləşdirmək lazım gələcək. Sonda isə status müəyyənləşdiriləcək. Rəsmi Bakı Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək status verilməsinə razıdır.
Təbii ki, sülhün yaranması, kommunikasiyaların açılması, bölgədə gedən proseslərə müsbət təsir göstərəcək. Lakin görünür, bəzi qüvvələrə bu, sərf etmir və hər vəchlə danışıqlar prosesini pozmağa çalışırlar.
Xarici siyasətində iki və çoxtərəfli səviyyələrdə münasibətlərin qurulmasına xüsusi önəm verən dövlətimizin düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın digər ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaradıb.
Azərbaycan dünya dövlətlərinin əməkdaşlıq etdiyi məkana çevrilib. Bu gün xalqımızın mənafeləri beynəlxalq aləmdə yüksək səviyyədə qorunur, ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. Azərbaycanın artan imkanları, nüfuzu, dünya üçün önəmli ölkəyə çevrilməsi mövqeyini daha da möhkəmləndirir.
Bu gün Azərbaycanın iştirakı olmadan regionda hansısa bir iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü müstəqil dövlətimizin əsl söz sahibi olduğunu təsdiqləyir.
Prezident İlham Əliyev bildirir: "Biz bundan sonra da Ermənistanı bütün regional və qlobal layihələrdən təcrid etmək üçün öz siyasətimizi davam etdirəcəyik, o vaxta qədər ki, torpaqlarımız azad olunacaq".
Regional və beynəlxalq əməkdaşlığın təmin edilməsi üçün ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması rəsmi Bakı tərəfindən ən vacib şərt kimi önə çəkilir.
Danışıqlarda ölkəmizin mövqeyi dəyişməyib
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində son illərdə Ermənistan və Azərbaycan prezidentlərinin, xarici işlər nazirlərinin xeyli görüşləri olub. Danışıqların əsas mövzusu işğal altında olan bütün torpaqlarımızın qaytarılması, soydaşlarımızın öz doğma-yurd yuvalarına qayıtmasıdır. Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bəyan edən Prezident İlham Əliyevin sərt bəyanatları təbii ki, işğalçı Ermənistanı, ona havadarlıq edən dövlətləri və təşkilatları ciddi düşündürməlidir- Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz.
Keçirilən hər bir görüşdə cənab İlham Əliyev Azərbaycanın dəyişməz mövqeyini diqqətə çatdıraraq, danışıqlar xatirinə danışıq aparmağın gərəkli olmadığını bildirir. Rəsmi Bakı qarşı tərəfdən qeyri-konstruktiv mövqeyindən əl çəkməyi, düzgün mövqe nümayiş etdirməyi tələb edir.
Prezident İlham Əliyev öz mövqeyini belə bəyan edib: "Bunu hamı bilsin: Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcəkdir.
Mən bilirəm ki, Azərbaycanın mövqeyi heç kim üçün sirr deyildir. Biz bunu dəfələrlə rəsmi və qeyri-rəsmi formatda bildirmişik, öz prinsipial mövqeyimizi ifadə etmişik və izah etməyə çalışmışıq ki, Azərbaycanın iştirakı olmadan bölgədə heç bir məsələ öz həllini tapa bilməz: nə siyasi, nə diplomatik, nə iqtisadi, nə enerji, nə nəqliyyat, nə hansısa başqa məsələ. Bu, reallıqdır. Bu, kiminsə xoşuna gələ bilər, kiminsə xoşuna gəlməyə bilər. Amma bu, reallıqdır və bu reallıqları biz yaratmışıq.
Bu reallıqları öz işimizlə, öz məqsədyönlü fəaliyyətimizlə, Azərbaycanı gücləndirərək, iqtisadi və siyasi potensialımızı gücləndirərək, enerji siyasətimizi uğurla və ağılla apararaq biz yaratmışıq. Vaxt keçdikcə bizim bölgədə olan mövqeyimiz daha da güclənəcək, təsir imkanlarımız daha da güclənəcək, iqtisadi, siyasi, diplomatik, hərbi gücümüz daha da güclənəcəkdir və hamı bununla hesablaşmalıdır".
ATƏT-nin missiyası səmərəsizdir
Son vaxtlar mətbuatda ATƏT-in Minsk Qrupunun mövcud olduğu müddət ərzində konkret nəticəyə nail ola bilməməsi tənqid edilir. Xatırladaq ki, 1994-ci ildə Dağlıq Qarabağ probleminin nizamlanması missiyasını yerinə yetirmək məqsədilə ATƏT-in Minsk qrupu yaradıldı. Həmin vaxtdan 17 il keçir.
Həmsədrlərin bölgəyə səfərləri, münaqişəli tərəflərin dövlət başçılarının görüşlərinin təşkil olunmasında göstərdikləri səylər, öz aralarında müzakirələr aparmaları və s. məlum olan olaylardır. Amma bu gün xalqımızı maraqlandıran konkret nəticədir.
"Mən hesab edirəm ki, bizim atdığımız addımlar həm danışıqlar prosesində mövqeyimizin möhkəmlənməsinə, həm də bu məsələlərlə məşğul olan tərəflərin fəallaşmasına gətirib çıxarıb. Bu gün dünyada açıq-aydın dərk edilir ki, bu bölgənin uğurlu inkişafı üçün dondurulmuş münaqişələr öz həllini tapmalıdır. Bu həll ancaq və ancaq beynəlxalq hüquq normaları və prinsipləri əsasında ola bilər, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır"-Azərbaycan Prezidenti bəyan edir.
Bölgədə status-kvonun dəyişməsini ən çox istəyən ölkə Azərbaycandır. Çünki bu status-kvo bizim torpaqlarımızı 20 ilə yaxındır ki, işğal altında saxlayır. Ancaq bu status-kvo mənfi tərəfə yox, müsbət tərəfə dəyişməlidir.
Əgər status-kvo Azərbaycanın maraqları hesabına dəyişəcəksə, biz buna imkan verməyəcəyik- deyən İlham Əliyev bildirib: "Birinci məsələ həll olunmalıdır- Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. Ondan sonra bölgədə sülh, əməkdaşlıq yarana bilər və Azərbaycan o təqdirdə bu işlərdə fəal iştirak edəcəkdir. Hələ ki, Ermənistan-Azərbaycan münaqişəsi öz həllini tapmayıb. Əgər kimsə bunu dondurmaq istəyirsə, kimsə bu məsələni arxa plana qoyub başqa məsələni həll etmək istəyirsə, biz buna heç vaxt razı olmayacağıq və əlimizdə olan bütün imkanlarla bu hərəkətlərə qarşı mübarizə aparacağıq".
Sülh yolu baş tutmayanda ümid güc yoluna qalır
Ərazisi işğal olunmuş, vətəndaşları soyqırıma və deportasiyaya məruz qalmış hər hansı bir ölkənin problemi sülh yolu ilə həlli mümkün olmayanda, əl atdığı başqa tədbirlər də var. Bu antiterror əməliyyatı, başqa sözlə, hərbi yoldur. Azərbaycan bu imkandan istifadə etmək üçün yetərli iqtisadi, hərbi və texniki imkanlara malikdir. Lakin burada siyasi amilin də mühüm rolu var. Bu da dünya birliyinin mövqeyidir.
Azərbaycan sülh prosesinin artıq tükəndiyini görsə, müharibə yoluna üstünlük versə, yenə də beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini dəstəkləmiş olacaq. Çünki BMT-nin Nizamnaməsinin 51-ci maddəsində açıq-aydın göstərilir ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün hüquqlara malikdir.
Bunun üçün ölkəmizin qüdrətli ordusu, anti-terror əməliyyatını aparmaq üçün maddi-texniki, maliyyə imkanları, güclü potensialı var. Lakin bu sözləri zəif, gücsüz duruma düşmüş işğalçı dövlət haqda demək mümkün deyil.
Prezident İlham Əliyev qeyd edir ki, ərazi bütövlüyümüzün təmin olunmasına yönəlmiş diplomatik səylər daha da gücləndiriləcək, Silahlı Qüvvələrin daha çevik idarə edilməsi və texniki təchizatının modernləşdirilməsi sahəsində görülən işlər davam etdiriləcək, ordunun gücü və döyüş qabiliyyəti ardıcıl olaraq artırılacaq, əhalinin, xüsusilə də gənclərin vətənpərvərlik tərbiyəsi gücləndiriləcək. Güclü ordu potensialı yaradılmaqla Ermənistan-Azərbaycan münaqişəsinin həlli yaxınlaşdırılır.
İqtisadi qüdrətini artıran Azərbaycanın maliyyə imkanlarının genişlənməsi digər sahələrin inkişafına da öz müsbət təsirini göstərir. Hərbi büdcəmizin ildən-ilə artması dövlətimizin iqtisadi imkanlarının artmasından irəli gəlir.
"Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumilikdə büdcəsi qədər olmalıdır" deyən və qısa müddətdə bu sözünə əməl edən Prezident İlham Əliyev işğalçı, xarici ianələrdən asılı olan Ermənistanın qüdrətli iqtisadiyyata malik Azərbaycanla rəqabət aparmaq imkanında olmadığını bəyan edir: "Siyasi potensialımız, iqtisadi gücümüz, ordu potensialımız və beynəlxalq haqq-ədalət prinsipləri bizim mövqelərimizi gücləndirir və mən əminəm ki, bütün bu amillər, bizim fəal və hücüm siyasətimiz nəticədə torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxaracaqdır".
Göründüyü kimi, bölgədə yaranmış siyasi, iqtisadi durum, hərbi güc balansı Ermənistanın ziyanınadır. Azərbaycan artıq bütün cəbhələrdə düşməni dalana dirəyib. Bu durum isə, yaxın zamanda münaqişənin Azərbaycanın xeyrinə həll olunacağına böyük inam yaradır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsini indi daha çox dövlət dəstəkləyir. Gec ya tez ədalət öz yerini tapacaq. Azərbaycan Prezidenti bunun qansız baş verməsi üçün çalışır, lakin bu plan baş tutmasa, ondan bütün dünya qəhrəman Azərbaycan əsgərinin nəyə qadir olduğunu görəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB