Ermənistan: siyasi böhran başlandı - ANALIZ

Dünyanın aparıcı mətbuat orqanları Ermənistanda təhlükəli həddə çatmış sosial vəziyyətdən yazır. Erməni mətbuatı da ölkənin düşdüşü fəlakətli durumu konkret faktlarla ortaya qoymaqdadır. Sosial-iqtisadi böhran siyasi böhrana gətirib çıxarıb. Dünən Ermənistan hakimiyyətinin yüksək rütbəli məmurları istefa verib.


Emənistan hakimiyyətində istefalar dalğası davam edir


Hakim rejim ölkədəki sosial böhranı ört-basdır etmək üçün yenidən kadr dəyişikliyi etməyə hazırlaşır. Ermənistanda vəziyyəti sabitləşdirmək üçün hakim rejim yeganə çıxış yolunu yeni təyinatlarda görür. SİA-nın "Aykakan Jamanak" qəzetinə istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan hakim dairələrdə yeni kadr dəyişiklikləri etmək fikrindədir. Gündəlikdə duran məsələlərdən biri- Kotayk vilayətinin rəhbəri Şahqeldyan Kovalenkonun vəzifədən uzaqlaşdırılmasıdır.


Onun yerinə polis rəisinin müavini Saşik Afyanın keçəcəyi ehtimal olunur. Bundan başqa, polis rəisi Alik Sarkisyanın da vəzifəsindən azad edildi və bu rəhbər postuna isə İrəvan polis idarəsinin rəisi Nerses Nazaryan iddialıdır. Baş prokuror Aqvan Ovsepyannın da istefası gözlənilir. Onu Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın əvəzləyəcəyi ehtimal olunur. Baqdasaryanın yerinə isə Ermənistanın müdafiə naziri Seyran Ohanyanın keçəcəyi bildirilir. Öz növbəsində müdafiə naziri vəzifəsinə Ohanyanın müavini David Tonoyan iddia edir.


Bu arada isə Ermənistan parlamentinin spikeri Ovik Abramyan yenidən baş nazir postunu tutmaq üçün fəaliyyətə keçib. Prezident Serj Sarkisyan baş nazir Tiqran Sarkisyanı Abramyanla əvəzləməyin əleyhinə olsa da, spiker niyyətinə çatmaq üçün əlindən gələni edir. Məhz bu üzdən son zamanlar baş nazirlə onun arasında ziddiyyətlərin daha da dərinləşdiyi bildirilir.


Qəzet öz mənbəsinə istinadən yazır ki, spikerin baş nazir postuna gedən yolunu prezident Sarkisyanın kürəkəni, Prezident Administrasiyası rəhbərinin müavini Mikael Minasyan da bağlayır: "Minasyan Ermənistan parlamentini oliqarxlardan, hakim Respublika Partiyasının \"qocalarından\" təmizləməyə, oraya öz gənc kadrlarını yerləşdirməyə çalışır. Hakim partiyanın növbəti seçki üçün proporsional namizəd siyahısı da bu prinsiplə hazırlanır. Amma Abramyanın baş nazirliyə gedən yolunu bağlamaq üçün onun adı yeni siyahıya da salınıb".


İstefa dalğasının sahilə vurduğu sonuncu şəxs isə Ermənistan baş nazirinin müavini, ərazi idarə olunması üzrə nazir Armen Qevorkyan oldu.


"Bu dəyişikliklər Ermənistandakı böhranın üzdə görünən əlamətləridir"


Məsələyə münasibət bildirən Azərbaycan Milli Məclisinin deputatı, politoloq Aydın Mirzəzadə bildirib: "Son hadisələr bir daha sübut edir ki, Prezident Serj Sarkisyanın, nə ölkənin inkişafına dair konsepsiyası, nə idarəetmə təcrübəsi, nə komanda ilə işləmək bacarığı mövcuddur, nə də dövrün tələblərinə cavab verə bilir".


Politoloq hesab edir ki, söhbət kadr dəyişikliklərindən deyil, Ermənistan dövlətçiliyinin, milli ideologiyasının böhranından gedir. "Müstəqil dövlət yaradan erməni xalqının siyasi elitası, inkişafı qonşu dövlətlərə qarşı torpaq iddiasında görür. Bu isə heç zaman, heç bir dövlətə uğur gətirməyib, Ermənistana da gətirmədi", - A.Mirzəzadə qeyd edib.


Millət vəkili hesab edir ki, bu dəyişikliklər Ermənistan cəmiyyətində gedən böhranın üzdə görünən əlamətləridir. "Ölkədən əhalinin durmadan köçməsi, ölkə iqtisadiyyatının tənəzzülü, ölkənin regional iqtisadi layihələrdən kənarda qalması, iqtisadi, siyasi, hərbi, diplomatik sahədə uğursuzluqlar göz qarşısındadır", - o, deyib.


Aydın Mirzəzadənin fikrincə, Ermənistan hakimiyyəti hazırkı siyasətini davam etdirərsə, bundan sonra da bu cür böhran əlamətləri tez-tez görünəcək. Ermənistanda son günlər parlamentin sədri Ovik Abramyan, Yerevan şəhərinin meri Karen Karapetyan, ölkənin polis rəisi Alik Sarkisyan və digər yüksək vəzifəli şəxslər istefaya gediblər.


Azərbaycanın digər deputatı Zahid Oruc da hesab edir ki, Ermənistanda baş verən son hadisələr gələcəkdə böyüyəcək hakimiyyət böhranının elementləridir. "Baş verən istefalar Ermənistan cəmiyyətinə ölkə rəhbərinin siyasi-taktiki planları kimi təqdim olunur. Lakin Ermənistanda hakimiyyətin monolitliyindən, siyasi komandadan, yaxud dəqiq müəyyənləşmiş kursdan danışmaq mümkün deyil. Ermənistanda hakimiyyətin qrup halında fəaliyyəti mövcud deyil", - o Trend-ə açıqlamasında deyib.


Zahid Oruc bildirib ki, son istefalarla sübut olundu ki, Sarkisyanın bir dövlət başçısı kimi həmin şəxslər üzərində hər hansı bir mənəvi, siyasi hakimiyyəti mövcud deyil. \"Onun təşkilatçılıq səriştəsi mövcud ola bilər, amma başlıca məsələ, siyasi vəhdətdən, ideoloji baxımdan o insanları irəliyə aparmağı bacarmaq keyfiyyətidir ki, Sarkisyanda da bu yoxdur\", - millət vəkili deyib.


Zahid Oruc hesab edir ki, Sarkisyanın xarizması, sözünü cəmiyyətə çatdırmaq gücü mövcud deyil. "Onun elə bir fikri yoxdur ki, Ermənistan cəmiyyətində müzakirə obyekti olsun", - o deyib.


İşsizliyin tüğyan etdiyi ölkə sosial partlayışa doğru gedir


Miqrasiyanın geniş vüsət almasına təsir göstərən və ən əsas amillərdən biri kimi dəyərləndirilən işsizlik problemi də dərinləşməkdə davam edir. Rəsmi məlumatlara görə, Ermənistanda işsizlik faizi aşağı göstərilsə də, müstəqil ekspertlər, beynəlxalq qurumlar bunun reallıqdan çox uzaq olduğunu bəyan edirlər. Qeyd edilir ki, işsizlik müavinətləri çox aşağı olduğundan əksər işsizlər qeydiyyatdan keçmirlər.


Hesab olunur ki, Ermənistanda qalan əməkqabiliyyətli insanların yarıya qədəri işsizdir. Ermənistan Mərkəzi Bankının sabiq rəhbəri Baqrat Asatryanın fikrincə, qarşıdakı dövrdə ölkə əhalisini daha acınacaqlı vəziyyət gözləyir. Çünki Ermənistanın iqtisadi tənəzzülü artıq dönməz xarakter daşıyır, bunun qarşısını almaq üçün isə hökumət konkret proqram və sənədlərə malik deyil. Aparılan araşdırmalar onu da göstərir ki, ağır sosial-iqtisadi durum, yüksək işsizlik səviyyəsi Ermənistanda yoxsulluq həddində yaşayan insanların sayını əhəmiyyətli dərəcədə artırmaqda davam edir.


Sözügedən kontekstdə erməni mediası belə bir maraqlı məqama da diqqət çəkir ki, iqtisadi cəhətdən fəal olan əhalinin bir qismi çoxdan ölkəni tərk etsə də, dövlət onları hələ qeydiyyatda saxlamaqda davam edir. O da vurğulanır ki, ölkəni tərk edən fəal işçi qüvvələrinin sayı yüz minlərlədir və onların iqtisadi fəaliyyətinin Ermənistana heç bir aidiyyəti yoxdur. Elə buna əsasən də, müstəqil erməni ekspertlərinin apardığı hesablamalara əsasən, indi ölkədə iqtisadi cəhətdən fəal əhalinin sayı çox aşağıdır.


Qeyri-rəsmi məlumatlara görə isə, Ermənistanda işsizliyin səviyyəsi 30 faizə qədər yüksəlib. Rəsmi məlumatlara görə, işsizlərin 56 faizi 31-50 yaş həddində olanlar, 70 faizi isə qadınlardan ibarətdir.


Bütün bunlar Ermənistanda acınacaqlı vəziyyətin hökm sürdüyünün, ölkənin təkcə demoqrafik yox, həm də böyük sosial-iqtisadi tənəzzül içərisində olduğunu göstərir.


Beləliklə, təcavüzkar ölkə getdikcə böhran içərisində boğulur və özünün reabilitasiya imkanlarını itirir. Vəziyyətdən yeganə çıxış yolu isə işğalçı siyasətdən imtina və regionda sülhü qoruma təşəbbüslərinə yardım etməkdir.


İşğalçı ölkənin sabiq prezidenti Ter-Petrosyan və sabiq xarici işlər naziri Vardan Oskanyanın dediyi kimi, Ermənistanda hökm sürən vəziyyətdən yalnız Dağlıq Qarabağ məsələsi həll ediləndən sonra, Bakı-İrəvan münasibətlərinin normallaşması sayəsində çıxa bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə