“Türkdilli respublikaları müstəqilliklərinin 20-ci ilində” mövzusunda beynəlxalq toplantı öz işinə başlayıb

Oktyabrın 5-də Ankaradakı "Rixos" otelində Türkiyə Nazirlər Kabineti Xalq Diplomatiyası İdarəsi və Türkiyənin Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Türkdilli respublikaları müstəqilliklərinin 20-ci ilində" mövzusunda beynəlxalq toplantı öz işinə başlayıb.

SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov toplantının açılış mərasimində iştirak ediblər.


Türkiyə Prezidenti Abdullah Gül toplantının açılışında çıxış edərək Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanı müstəqilliklərinin 20-ci ildönümü münasibətilə təbrik edib, qardaş ölkələrin güclənməsi və inkişafından qürur duyduğunu deyib. Prezident Abdullah Gül 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilmiş türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə qəbul olunmuş tarixi qərarların əhəmiyyətini vurğulayıb, türkdilli ölkələrin əməkdaşlığının möhkəmlənməsində Baş Katibliyi İstanbulda yerləşən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və Baş Katibliyi Bakıda olan Türkdilli Ölkələrin Parlamentlər Assambleyası, habelə TÜRKSOY-un rolunu qeyd edib.


Türkiyə Prezidenti bildirmişdir ki, türkdilli xalqların daha da sıx birləşməsinə nail olmaq üçün yeni layihələr və proqramlar həyata keçirilməli, deputatlar, alimlər və universitetlər arasında əməkdaşlıq gücləndirilməlidir.


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da türkdilli ölkələrin dövlət müstəqilliklərinin əhəmiyyətindən danışmış, yeni qlobal dünyada öz layiqli yerini tutmaq üçün bu dövlətlərin əməkdaşlığının zəruri olduğunu qeyd edib. Türk dünyasının ərazi bütövlüyündən bəhs edən natiq, Dağlıq Qarabağın hələ də işğal altında olduğunu xatırladaraq buna tezliklə son qoyulacağını vurğulayıb.


Sonra Türkiyə Prezidenti Abdullah Gül və toplantı iştirakçıları türkdilli ölkələrin dövlət müstəqilliklərinə həsr olunmuş sərgi ilə tanış olublar.


Açılış mərasimindən sonra "Avrasiyadakı türk topluluqları: yeni sərhədlər və kimliklər", "Türk dövlətləri regional və qlobal siyasətlərin fonunda" bölmələrindəki müzakirələrdə türk dünyasında siyasi, iqtisadi, mədəni və elmi əlaqələrin qiymətləndirilməsi aparılıb.


Oktyabrın 6-dək davam edəcək beynəlxalq toplantıda Xoca Əhməd Yasəvi Universitetinin Orta Asiya bölgəsinə dair hesabatları dinləniləcək, Türkiyə Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət Mərkəzinin Avrasiya bölgəsindəki türk topluluqları ilə bağlı layihəsinin təqdimatı keçiriləcək.

Bundan başqa, toplantıda TRT televiziya kanalının hazırladığı sənədli film göstəriləcək, iştirakçılar Türk Tarix Qurumu və Türk Dil Qurumunun türk dünyası haqqında elmi tədqiqatları ilə tanış olacaqlar.


Toplantıda türkdilli ölkələrdən yüzdən çox alim və siyasətçi iştirak edir.


Bütün xəbərlər Facebook səhifəmizdə