Daşınmaz əmlak bazarındakı fırıldaqçılardan qorunun!-ARAŞDIRMA

Daşınmaz əmlak bazarında sükut davam edir. Son iki ildə ev alqı-satqısında canlanma müşahidə olunmur. Evlərin qiyməti ilə bağlı monitorinq apardıq ki, real vəziyyətin nə yerdə olduğunu öyrənə bilək.
Araşdırma zamanı məlum oldu ki, hazırda köhnə evlərdən daha aşağı qiymətə yeni tikilən binalardakı mənzillər təklif olunur. Məsələn "Yeni Yasamal"da "pod mayak" mənzillərin 1 kvadratmetri 350-400 manatadır. Həzi Aslanov metrostansiyasının yaxınlığında isə 1 kvadratmetrin qiyməti 500-700 manat arasındadır. Onu da öyrəndik ki, Əhmədli metrostansiyasının yaxınlığında hündürmərtəbəli binalarda ev tapmaq müşkülə çevrilib. Bu ərazidəki yeni tikililərin hamısı tutulub.
Təmirli yeni mənzillərdə isə qiymət 100 min dollardan başlayaraq bahalaşır. Məsələn \"N. Nərimanov\" metrosuna yaxın yeni tikili binada 16/12, 88 kv. m, superavrotəmirli, dizayner işi, parketi palıd ağacından, \"Avropa Qapıları\", 1 açıq eyvan, mənzərəsi şəhərə, olan mənzil 135 min dollara təklif olunur.
Torpaq sahəsinin qiymətləri də o qədər ucuz deyil. Şəhərin kənar hissələrində torpağın 1sotu 6 min dollar, mərkəzə tərəf ərazilərdə torpaq qıt olsa da qiymətlər 10 min dollardan başlayaraq bahalaşır.

Bu gün daşınmaz əmlak bazarında sənədi olmayan torpaq və evlərin təklif olunması halları da olduqca çoxdur. Bu cür elanlar daha çox internet vasitəsi ilə elan saytlarında yerləşdirilir. Binəqədi rayonu ərazisində 3 min 500 dollara, yola yaxın, bütün sənədləri ilə təklif olunan 2 sot torpaq daha çox diqqətimizi çəkdi. Bu rayonda torpağın qiyməti 5 mindən başlayaraq bahalaşdığı üçün torpağın daha ucuz qiymətə təklif olunması qəribə görünməyə bilməz. Bu faktla bağlı apardığımız araşdırma zamanı şübhələrimiz özünü doğrultdu. Elan verən qadınla torpaq ərazisinə baxmaq üçün həmin əraziyə yollandıq. Qadın torpağın ona məxsusluğunu və hər bir sənədin qaydasında olduğunu dedi. Qadın qiymətdə endirimin mümkünlüyünü də söylədi. Elə bu zaman bizə yaxınlaşan qonşu qadın torpaq sahəsinin ona məxsus olduğunu və torpağın bütün sənədlərinin onda olduğunu israrla təkrar etməyə başladı. Torpaq üstə getdikcə qızışan mübahisənin dava çevrildiyini görüb oradan uzaqlaşdıq.


Sənədlərin düzgünlüyünə əmin olmadan ev almayın!


\"MBA LTD\" Qiymətləndirmə və Konsaltinq Şirkətinin direktoru Nüsrət İbrahimov bu gün daşınmaz əmlak bazarında saxta və ya ümumiyyətlə sənədi olmayan evlərin sayının çox olduğunu dedi: "Bu kimi neqativ hallarla qarşılaşmamaq üçün daşınmaz əmlak almaq istəyənlərdən diqqətli olmaq tələb olunur. Mənzilin sənədlərinin tamamilə düz olduğuna əmin olmadan ev almaqla bağlı razılığa gəlmək yolverilməzdir. Bunun üstü vaxtında açılmazsa, ciddi problemlər yarana bilər".
N. İbrahimov daşınmaz əmlak bazarında qiymətlərin ötən ilki kimi qaldığını dedi: "2011-ci ilin ilk yarısından daşınmaz əmlak bazarında vəziyyətin dəyişəcəyi proqnozlaşdırılsa da bu belə olmadı. Ərzağın və ya digər sahələrdəki məhsulların qiyməti artsa da, mənzil bazarına bunun təsiri olmadı. İnsanlar son dövrlərdə gəlirlərini ərzağa xərcləyirlər. Daşınmaz əmlak bazarında qiymətlər düşməyə meyllidir. Ucuz olan evlərin qiymətləri stabildir. Bahalarda isə ucuzlaşma hiss olunur".



Bahalı mənzillərin istiqaməti dəyişib



N. İbrahimov paytaxtda bahalı mənzillərin istiqamətinin dəyişdiyini də dedi: "Əgər əvvəllər şəhərin tarixi mərkəzi olan İçərişəhər və Dənizkənarı parkın yaxın ətrafındakı binalar bazarda baha təklif olunurdusa, hazırda H.Cavid, Mətbuat, Atatürk, Bülbül prospektləri, Qutqaşınlı, Bakıxanov, Teymur Əliyev, N.Nərimanov, R.Behbudov küçələrindəki evlər satışa baha qiymətə çıxarılır. Bu ərazilərdə 1 kvadrat metr 2500-3000 dollar təşkil edib. Şəhərin kütləvi yaşayış sahələri olan Yeni Yasamal, Q.Qarayev prospekti, Əhmədli və Günəşli qəsəbələri, eləcə də mikrorayonlar ərazisində isə orta qiymətlər kvadrat metrə 970-1000 dollar ətrafında formalaşıb.

Mütəxəssisin ev almaq üçün qiymətlərin daha da enəcəyinə ümid edənlərin isə ümidlərinin doğrulmaya biləcəyini dedi: "Artıq tikinti şirkətləri qiymətləri kifayət qədər endiriblər. Son 2 ildə maliyyə böhranı ilə əlaqədar ev bazarında qiymətlər 2 dəfə düşüb. Böhrandan sonra qiymətlərin birdən-birə sürətlə qalxacağını proqnozlaşdırılsa da bu baş vermədi. Ucuzlaşmanın nə vaxta kimi davam edəcəyini demək çətindir. Ancaq evlərə tələbat böyük olduğundan ev bazarında qiymətlərin artımı mümkündür. Çünki bu gün hər 3 ailədən birinin evə ehtiyacı var. Çoxları isə köhnə evlərini yeniləşdirmək istəyirlər\".

Bütün xəbərlər Facebook səhifəmizdə