Dünya bazarında qızılın qiymətinin kəskin artması Azərbaycanda da təsirsiz ötüşməyib. Dünya bazarında Azərbaycan qızılının 1 tr. unsiyası 1 896,5 ABŞ dollarına satılıb. Bu, ilin əvvəlindəki qiymətdən 35% artıqdır. Ekspertlər bahalaşmanın səbəbini dünya iqtisadiyyatındakı qeyri-sabitliklə əlaqədar investorların öz vəsaitlərini qorumaq üçün qızıla yatırması ilə əlaqələndirirlər.
Toy edənlər qızıl ala bilmir
Yerli qızıl bazarında da qızılın qiymətlər kəskin artıb. Sentyabr ayında qızılın qramının 2 - 3 dollara yaxın artması müşahidə olunur. Azərbaycanlıların qızıla xüsusi marağı var və qiymət artımı narazılığa səbəb olub.
Vəziyyəti öyrənmək məqsədilə qızıl məmulatları satılan mağazaları nəzərdən keçirdik. Qızıl satışı mağazaları daha çox olan "Laçın" univermağının vitrinləri qarşısında xeyli adam vardı. Ancaq həm alıcılar, həm də satıcılar arasında narahatlıq diqqətdən qaçmır. Qiymətlərin bahalaşması xüsusilə toy etməyə hazırlaşanların kefini pozub.
Zəminə Novruzova adlı Bakı sakini paytaxt ərazisində olan bütün qızıl mağazalara baş çəkdiyini ancaq qiymətlərin son bir necə gündə kəskin bahalaşması səbəbindən zərgərlik məmulatı ala bilmədiyini dedi: "Oğlum üçün toya hazırlaşırıq. Bir müddət əvvəl nişan üzüyü almışdıq. Onda qiymətlər bu qədər baha deyildi. Ancaq indi hər yerdə kəskin artım var. Bilmirik ki, neyləyək".
Satıcılar isə bildirdilər ki, bahalaşma onlardan asılı deyil: "Qızılı baha aldığımız üçün baha satmağa məcburuq. Bizdə olan məlumata görə ilin sonuna kimi qiymətlər daha da artacaq. Qiymətin artması təkcə alıcıları yox bizi də qane etmir. Çünki bahalaşmadan sonra alver azalıb. Hamı gəlib baxıb gedir. Bahalığa görə mal alan yoxdur. Ancaq qiymət artımına baxmayaraq qızıla olan tələbat yüksək olduğundan alıcıların sayı azalmayıb".
Apardığımız müşahidələr zamanı təkcə qızılın deyil, qızıl məhsullarının, platin və gümüşün də qiymətinin artdığını gördük. Onu da öyrəndik ki, hazırda Türkiyə və Rusiya qızılından fərqli olaraq İtaliya qızılının qiyməti daha bahadır. Bazarda daha çox alınan isə rus qızılıdır. Qızıl satışı ilə uzun illər məşğul olan satıcılardan biri bildirdi ki, son illə İtalyan qızılına olan maraq durmadan artır. Ancaq bu qızılın qiyməti baha olduğu üçün seçim rus qızılının üstündə qalır. Rus qızılı keyfiyyətinə görə alıcıları qane edir. Hazırda ən az marağa səbəb olan türk qızılıdır. Ancaq bu qızılın qiyməti İtaliya qızılından ucuz olduğu üçün alıcısı daha çoxdur. Azərbaycanlılar qızıla çox maraq göstərir. Ona görə də, qızıl bazarında qiymətdən asılı olmayaraq həmişə alver var".
Qızılın qiymətləri ilə də maraqlandıq. Məlum oldu ki, hazırda 750 əyarlı İtaliya qızılının qramı 30 - 35, 585 əyarlı qızılın qramı isə 25-29 dollaradır. Satıcılar bildirirlər ki, qiymətlər demək olar ki hər gün artır. 2 həftə əvvəl bir qramı 30 dollara olan qızılın qiyməti son günlər 2 dollar bahalaşıb.
İnvestorlar öz vəsaitlərini qızıla yatırırlar
İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Samir Əliyev isə deyir ki, investorlar bir qayda olaraq öz vəsaitlərini qorumaq və bir qədər də gəlir əldə etmək üçün daha çox qızıl almağa üstünlük verirlər: "Xüsusi ilə böhrandan sonra pul və digər yatırımlar riskli sayılır. Dolların kursu və daşınmaz əmlakın qiymətləri düşür. Neft sahəsinə qiymət uzlaşmasına görə də az investisiya qoyulur. Ona görə də, qızıla maraq yüksəlir".
İqtisadçı - ekspert Vüqar Bayramov da qızılın qiymətinin artmasını böhranla əlaqələndirdi: \"Böhran investorları daha risksiz sahələrə vəsait yönəltməyə məcbur edib. İnvestorlar pullarını qiymətli metallara qoyduğu üçün dünya bazarında qızıla tələbat artıb. Hətta kommersiya bankları da əmanətlərini qızıl formasında saxlayırlar. Bütün bunlar qızılın qiymətinin artmasına səbəb olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB