İsa Qəmbərin amerikalı diplomatla qondarma “yol xəritəsi”ni müzakirə etməsi ciddi qarşılanmayıb

Müsavat və AXCP-nin "İctimai Palata" adlı qondarma qurumdakı avtoritar idarəçiləri olan İsa Qəmbərov-Əli Kərimov cütlüyünün radikal müxalifətdə "yol xəritəsi" adlı qeyri-ciddi planın reallaşdırılması istiqamətində apardıqları "siyasət" nəinki ictimaiyyət, eləcə də müxalifət tərəfindən rədd edilir. Belə ki, bütün bunların yalnız şəxsi mənafe üçün istifadə olunduğu, həmçinin "ideya" kimi oğurlandığı iddia edilir. Artıq bir neçə dəfə bu barədə fikirlər səsləndirilsə də, mövzu haqqında növbəti açıqlamalar da verilməkdədir.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun "Səs" qəzetinə verdiyi açıqlamadan da bəlli olur ki, yuxarıda qeyd edilən fikirlər yetərincə öz təsdiqini tapmışdır. Daha dəqiq desək, müxalifət rəsmiləri də bunu siyasi blef qismində dəyərləndirirlər. Belə ki, ADP sədri hesab edir ki, İ.Qəmbər hələ beş il öncə də bu kimi "ideyalarla" çıxış etsə də, heç bir müsbət nəticə əldə etməyib. Guya Müsavat başqanı "dialoq" məsələsini qabardıb, amma iqtidar buna getməyib. Lakin sonradan məlum olub ki, "dialoq" mövzusu yalnız birtərəfli qaydada təklif edilib və burada yalnız şəxsi mənfəət güdülüb.
Müsavat başqanının amerikalı diplomatla "yol xəritəsi"ni müzakirə etməsi də qeyri-ciddi qəbul olunan məsələdir. ADP sədri bu barədə münasibətini açıqlayarkən deyib ki, başda İsa Qəmbər olmaqla onlar yalnız öz maraqlarını güdürlər: "Mən inanmıram ki, burada ciddi bir şey olsun. Bütün bunlar onların öz maraqlarını təmin etmək üçündür. Bu, həm də siyasi dialoq effektinin düzgün qiymətləndirməməkdən irəli gələn haldır".
Əslində S.Cəlaloğlunun dediklərini təhlil edərkən belə bir qənaətə gəlmək mümkündür ki, müxalifət düşərgəsində baş verənlər artıq ənənə halını alıb. Bu səbəbdən də deyilən hər bir fikir "plagiat" fikir kimi dəyərləndirilir. Məhz bu və digər fikirləri nəzərə alarkən, ADP sədri onu da deməyi unutmayıb ki, İ.Qəmbərin bu addımı da heç bir reallığı əks etdirmir. "İnanmıram ki, qeyri-ciddi ideyaya ciddi yanaşılsın", - deyə S.Cəlaloğlu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə