Fransız ətirləri 1 manata - ARAŞDIRMA

Qadına ətirdən gözəl hədiyyə bağışlamaq olmaz. Hər bir qadın bahalı və keyfiyyətli ətirə sahib olmaq istəyir. Bugünkü ətir bazarından hədiyyə almaq isə o qədər də asan deyil. Satışda istənilən məşhur brendin məhsullarına rast gəlmək mümkündür. Qiymətlər isə olduqca ucuzdur. Ancaq bu sözləri həmin məhsulların keyfiyyəti və görünüşü haqda demək qeyri-mümkündür. Çox vaxt alıcılara orijinal ətir adı ilə təqdim olunan bu məhsulların alıcı problemi isə yoxdur. Bu qənaətə məsələ ilə bağlı apardığımız araşdırma zamanı gəldik. Gördüklərimizə keçməzdən öncə qeyd edək ki, orijinal ətirlərin üzərində xüsusi ştrix-kodu olur. Məsələn, fransız ətirlərinin kodu 3-lə başlayır. Almaniyanın ştrix - kodu 440, İspaniyanın - 84, İtaliyanın - 80-83, Fransanın - 30-37, ABŞ-ın - 00-09. Qablarının üzərində bu kodları olmayan ətirlər saxtadır.


Metrostansiyalarda ətir biznesi çiçəklənir


Ancaq yerli ətir bazarındakı ətirlərin qablarında nəinki ştrix – kodu, bəzilərinin hətta qabının özü də yoxdur. Öyrəndik ki, bazarda "Fransız ətirləri" adı altında 2 manata da ətir olmaq mümkündür. "Kenzo", "Nivea", "Chanel", "Koko-Chanel", "Dolche-Gabbana", "Dupond", "She", "Chastity" və bir çox məşhur firmanın ətirlərini metrostansiyaların keçidlərində də satılır. Bu məhsulların alıcısı isə başının üstündədir.
Piştaxtaya yaxınlaşıb satıcıdan hədiyyəlik fransız ətri almaq istəyində olduğumuzu dedik. Bu işdə uzun illər peşəkar olduğunu deyən satıcı 15 manata "Chanel" ətirini təklif etdi. Satıcıdan ətrin orijinal olub-olmadığını xəbər aldıqda bildirdi ki, satışda 30, 40, 50 manata da eyniadlı ətir var: "Kimin pulu nəyə çatırsa onu da alır. Metro keçidindən ətir alanların heç birini məhsulun orijinal olub olmaması maraqlandırmır. Orijinal ətirlərin qiyməti baha olduğundan əhali çox vaxt bilərəkdən saxta məhsullara üstünlük verir. 2 manata ətir almaq onlara da sərf edir bizə də".

"İnşaatçılar" stansiyasının keçidini isə ətirlərin "qara bazarı" adlandırmaq olar. Burada ətirlər yerə sərilən karton lövhənin üzərinə tökülərək satılır. Üzərinə topdansatış yazılan bu məhsulların qiyməti isə 2 manatdır. Satıcılar dedi ki, xanımlara endirimlər də edilir: "Xanımlara bəzən 1 manat 50 qəpiyə də ətir satırıq". Mallarına min bir tərif vuran satıcılar gün ərzində 100-ə yaxın ətir satdıqlarını dedilər: "Məhsulu topdansatış ucuz alıb üzərinə az pul qoyuruq. Ona görə alıcı problemimiz olmur".

\"Ətirlərin keyfiyyətindən şikayətlənənlər varmı\" deyə soruşduqda isə satıcılar məhsullarının analoqu olmadığını israr etməyə başladılar: "Biz özümüz də bu ətirlərdən istifadə edirik. Pis olsa istifadə etməzdik ki. "Fransız ətirləri"ni Dubaydan gətiririk. Bazarda bundan yaxşısı yoxdur".


Bu gün paytaxt ərazisində \"D&P\" adlı ətir mağazaları şəbəkəsi də geniş yayılıb. Həmin mağazalarda 30 qramı 9 manatdan başlayaraq istənilən məşhur firmanın ətirlərini almaq mümkündür. Ətirlərin orijinalının satıldığı ehtimal edilən \"Sabina\" və \"Parfüm de Franse\" mağazalarına da baş çəkdik. Bu mağazalarda eyniadlı ətirlərin qiyməti isə digər yerlərdən xeyli bahadır. Məsələn, \"Chanel\" ətirləri burada 80-100 manata, \"Kenzo\" 150 manata, \"Nina-riççi\" 130 manatadır. Sözügedən mağazalarda 300-500 manata olan ətirlər də var. Satıcılar əminliklə söylədilər ki, onların məhsulları tam orijinaldır və imiclərini qorumaq üçün saxta məhsullar satmırlar.


Saxta ətir xərçəng yarada bilər


AİB sədri Eyyub Hüseynov isə qiymətin məhsulların keyfiyyətindən xəbər verən amil olduğunu deyir: "Ucuz məhsullar kustar üsulla hazırlanır, ya da vaxtı keçmiş olur. Ümumiyyətlə dünyada müasir parfümeriyanın 10 faizi saxtadır. Saxta ətirlər Çin, Dubay, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Ukrayna və digər ölkələrdə istehsal edilir. Saxta parfümeriyanın böyük hissəsi isə Çində istehsal olunur. Keyfiyyətli məhsulu saxtadan ayırmaq üçün məhsulun qiymətinə və qablaşdırılmasına diqqət vermək lazımdır. Orijinal ətir bahalı və keyfiyyətli qutularda qablaşdırılır. Onun üzərindəki yazılar daha dəqiq olur, qutu səliqəli sellafon paketlərə bükülür. Onların üzərində istehsalçı ölkənin, şirkətin adı, keyfiyyət göstəriciləri və istehsal tarixi qeyd olunur. Üzərində istehsal tarixi və yararlılıq müddətinin olmayan məhsulları almaq məsləhət deyil. Bu məhsulun saxta olmasının göstəricisidir".


Mütəxəssislər onu da bildirir ki, keyfiyyətsiz ətirlər insan orqanizmi üçün zərərlidir: Onların hazırlanması zamanı istifadə olunan metil spirti dəridə qızartı, şişkinlik və digər dəri xəstəlikləri, hətta dəri xərçəng də yarada bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə