Ermənilər “Google”dən sui-istifadə edir - ARAŞDIRMA

Azərbaycan ərazilərinin xəritələrdə təhrif olunması halları təkrarlanmaqdadır. "Google Earth" və ya "Google Planeta Zemlya" (rus versiyası) saytının xəritəsində isə saxtakarlıq son həddədir.

Azərbaycan işğal altında olan rayonları erməni adları ilə və ermənilərə məxsus ərazilər kimi təqdim olunub. Həmin rayon və kəndlərə aid saxta şəkillər təqdim olunub. Qeyd edək ki, sözügedən sayt vasitəsilə dünyanın istənilən nöqtəsinə virtual səyahət etmək mümkündür. Eyni zamanda sayt vasitəsilə planetin istənilən nöqtəsində olan ərazilərə, yaxud onlarla bağlı fotolara baxmaq olur.

Biz də xəritədə Azərbaycan ərazisini "səyahətə çıxdıq". Ermənilərin xəritədəki ərazilərinin təqdimatından fərqli olaraq, Azərbaycanın rayon və kəndləri, ümumiyyətlə ərazisi ilə bağlı çox məhdud məlumat var. Məsələn, əgər ermənilər xəritədə hər bir rayonun şəklini, hətta Azərbaycandan işğal etdikləri ərazilərin təhrif olunmuş şəkillərin yerləşdiriblərsə, Azərbaycan ərazisinin heç bir rəsminə təsadüf etmək mümkün deyil. Xəritədə vəziyyət o həddə çatıb ki, Laçın rayon mərkəzi - Berdzor kimi təqdim olunub. Bu hələ azmış kimi Laçın ərazisində xaç və qondarma qədim abidələrlə rayon erməni torpaqları kimi qələmə verilir.
İşğal altında olan Füzuli rayonu Vərəndə, Zəngilan - Kovsakan, Kəlbəcər – Karvaçar, Ağdam – Akna, Qubadlı – Sanasar, Cəbrayıl Jrakan kimi göstərilib. Dağlıq Qarabağ ərazisində yerləşən Xankəndi şəhəri Stepanakert, Ağdərə – Mardakert, Xocavənd – Martuni adı ilə təqdim olunub.


Günah "Google" yox, ermənilərdədir


Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz "Google"un rəhbərliyinə etiraz bəyanatı göndərildiyini deyir: "Google"də bu cür saxtakarlıq ilk dəfə deyil. Ancaq bu kimi hadisələrdə Azərbaycan tərəfi də aktiv olmalıdırlar. Qeyd edim ki, "Google" bir neçə xidməti var. Onların arasında hazır xəritələri olanlar da var, sərbəst olanları da. Həmin sərbəst xəritələrə müəyyən kodlar daxil etməklə daxil olaraq istənilən şəkli və ya adı yazmaq mümkündür. Hesab edirəm ki, oradakı adların təhrif olunmasında və saxta şəkillərin yerləşdirilməsində ermənilərin əli var. Ona görə də, burada "Google" şirkəti məsuliyyət daşımır. Ancaq xəritəni bu şirkət yerləşdirdiyi üçün etiraz onlara ünvanlanır. Hesab edirəm ki, Azərbaycan tərəfi bu cür məsələlərdə çox passivdir. Həmin resurslara biz də daxil olub şəkillər, məlumatlar yerləşdirməliyik. Ancaq bunu etmədiyimizə görə, ermənilər çox ustalıqla vəziyyətdən istifadə edir".

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov da Azərbaycan tərəfi aktiv olmamaqda qınadı: "Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət olunub. Həmin sayt özəl olduğu üçün ora kim istəsə girir və müdaxilə edir. Rəsmi olmadığı üçün münasibət bildirmək çətindir".


Təhrif hər il təkrarlanır


Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin mətbuat xidmətinin rəhbəri Eldar Sadıq isə bildirdi ki, məsələylə bağlı "Google" rəsmi etiraz məktubu göndərilib: "Eyni zamanda Milli Təhlükəsizlik Nazirliyinə, müvafiq dövlət strukturlarına məlumat verilib. Xəritənin əvvəlki versiyasında da təhriflər vardı, sonra düzəlişlər edildi.
Yeni versiyada olan yanlışlığın aradan qaldırılmasını tələb edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə