Türkiyə - müsəlman dünyasının lideri olmağa çalışan dövlət - ANALİZ

Hazırda qardaş Türkiyə respublikası beynəlxalq aləmdə müsəlman dünyasının lideri olmağa çalışan bir qüvvə kimi formalaşan ölkələrdən biri kimi qəbul edilməkdədir. O da bəllidir ki, son illər ərzində - xüsusilə Ədalət və İnkişaf Partiyası iğtidara gələndən sonra, Türkiyənin yönləndirdiyi xarici siyasəti genişlənib və güclənib. Yaxın və uzaq bölgələrdə - Qafqazda, Orta Asiyada, Yaxın Şərqdə, Şimali Afrikada Türkiyə cümhuriyyəti bir güc, bir modern dövlət kimi qəbul edilməkdədir. Təbii ki, iqtisadiyyatının, gücünün nəhəngliyi beynəlxalq aləmə Türkiyəyə ciddi yanaşmağı tövsiyyə edir. Və bu hər şey deyil…

Hakimiyyətə gəliş və siyasətdə dönüş

Məsələnin mahiyyəti ondadır ki, hələ 2002-ci ildə AKP hakimiyyətə gələndən sonra, qardaş dövlətin xarici siyasətində köklü dəyişiklik edilib. Əgər bundan əvvəl Türkiyə hakimiyyətini ölkə daxilində gedən proseslər və yaxın qonşuluqda yaşanan hadisələr daha çox maraqlandırırdısa, son 9 ildə Türkiyə əllərini Qırğızıstandan tutmuş Liviyaya kimi uzadıb. İstənilən, daha doğrusu az-çox rezonans doğuran hadisəyə Türkiyə dərhal reaksiya verir və çəkinmədən, bəzi hallarda isə həddini aşaraq öz münasibətini bildirir. Əvvəl bu bir qədər təəccüblə qarşılansa da, son illər Türkiyənin müsəlman dünyasının sözçüsü kimi çıxış etməsi adi hal kimi qəbul edilir. 2009-cu ilin yanvarında İsrailin Qəzzada həyata keçirdiyi "Tökmə qurğuşun" əməliyyatından tutmuş Tunis, Misir və Liviya inqilablarına kimi hər bir məsələdə Türkiyə müsəlman dünyasının lideri tək özünü aparır. Elə Ərdoğanın Davosdakı məhşur "One minute" pafoslu çıxışı da bir tərəfdən seçkiqabağı PR-dısa, digər tərəfdən müsəlmanların din düşməni olan yəhudilərə qarşı minlərlə televiziya kamerası qarşısında ən yaxşı teatr tamaşası səviyyəsində hazırlanmış çıxış məhz Türkiyənin liderləşdirilməsinə hesablanmışdı. Və ya sonradan Qəzzanın blokadasının yarılmasına cəhdi…

Hərbi kampaniyalarda Türkiyənin rolu

AKP 2002-ci ildə hakimiyyətə gəldi, ABŞ hərbi qüvvələri başda olmaqla NATO Əfqanıstana girəndən dərhal sonra. Əfqanıstan kampaniyasında Türkiyənin rolu böyükdür. Baxmayaraq ki, Ankara Əfqanıstandakı missiyada əlinə silah almır, Türkiyə burada arxa cəbhə missiyasını tam öz üzərinə götürüb. Və bu da böyük əhəmiyyət kəsb edir. Baxmayaraq ki, NATO-nun Əfqanıstana girməsi birmənalı qarşılanmır və gələcəkdə işğal cəhdi kimi də dəyərləndirilə bilər. Bu gün AKP lideri Ərdoğan deyir: "Türkiyənin Yaxın Şərqdə bir missiyası var. Biz Yaxın Şərqi və Şimali Afrikanı bir araya gətirməliyik". Böyük Yaxın Şərq layihəsi nədir və niyə Türkiyə bu layihəni həyata keçirməlidir?
Əslində, adı Yaxın Şərq layihəsi olsa da, əsas məqsəd bütün müsəlman dünyasını, o cümlədən dikbaş İranı da bir dövlət altında, yəni Türkiyənin nəzarəti altında birləşdirməkdir ki, müsəlmanlar bir mərkəzdən idarə olunsunlar. Və elə Türkiyədə son illər ərzində formalaşdırılan sivil İslam da məhz bu layihəyə xidmət edir.
Bir vaxtlar Sovet İttifaqının qulağının dibində olan NATO dövləti Türkiyənin daxilində separatçılığı yaymaq üçün yaradılan PKK artıq çoxdandır ki, başqa qabdan "dən yeyir". Süni olaraq şişirdilən kürd problemi və daimi xarici dəstəyi olan PKK əslində, bir məqsəd daşıyır: Türkiyənin ipini boş buraxmamaq. Dağlarda gizlənən 3-5 terrorçu və onları dəstəkləyib küçələrə çıxan 100-200 dəliqanlı gənc əslində Türkiyə kimi böyük və bir vaxtlar qüdrətli dövlət üçün problem deyil. PKK separatçılığının şişirdilməsi, olduğundan daha böyük kimi göstərilməsi də böyük bir planın tərkib hissəsidir. Lakin narahat olmağa dəyməz. Çünki Türkiyə həqiqətən də böyük dövlətdir…


RÖVŞƏN NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə