Üfüqdə itən Ermənistan - TƏHLİL

Əslində su kimi aydın olan məsələnin yenidən gündəmə gəlməsi cansıxıcı olur. Lakin birinin şəxsiyyəti və əxlaqının əksik olduğu halda özünü yüksək göstərməsi xəbərin yenidən gündəmə qayıtmasına ehtiyac yaradır.

Keçək əsas məsələyə-Serj Sarkisyanın idarə etməyə çalışdığı bir vilayətin hazırki durumuna. Xüsusən də siyasi vəziyyətə. Şimal ayısının qoynunda kenquru balası kimi böyüyən Ermənistan daxilən tikə-tikə olur. Götürək kreslosunu itirib və hazırda heç olmasa bir post üçün qırğına çıxan Ermənistan Milli Konqresinin lideri, keçmiş prezident Levon Ter-Petrosyanı.

Ötən gün səsi olmayan müğənillər kimi mikrafona exo verib İrəvanda mitinqdə çıxış edən Levon hakimiyyətə meydan oxuyub: "Ermənistan müxalifətinin hakimiyyətlə ultimatum dilində danışacağı vaxt uzaqda deyil. Hakimiyyətin ultimatum dilini qəbul etməyəcəkləri barədə bəyanatlarına baxmayaraq ultimatumların da dövrü çata bilər. Konstitusiya müxalifətə hakimiyyətə qarşı ultimatum irəli sürməyi qadağan etmir",-deyə Ter-Petrosyan bəyan edib.

Əslində Levonunu Serjikə ultimatum verməsi normal haldır. Çünki hər ikisi \"bir bezin qırağı\"dır. Çıxışına davam edən Ter-Petrosyan artıq bu ilin payızında Ermənistandakı siyasi böhranın aradan qaldırılması məsələsində ciddi irəliləyiş olacağını bildirib. "Əgər qarşıdakı iki ay ərzində iqtidar erkən seçkilər keçirmək məsələsini həll etməsə, onda hakimiyyətə verilmiş vaxt bitəcək və gündəlikdə yalnız bir məsələ - Serj Sarkisyan və iqtidar koalisiyasının dərhal istefası məsələsi qalacaq",-deyə o bildirib.

Təpəsi aşağı gedib hər şeyi düz görmək istəyən Sarkisyan siyasətinin əyriliyini heç kompleksi olmayan xətkeşdə düzəldə bilməz. Siyasətin əsasını insanların siyasi fəaliyyəti və bu prosesdə qərarlaşan əlaqələr təşkil etdiyi halda formal olaraq bəyan edir və həyatın müxtəlif sferalarının dövlət tərəfindən həyata keçirilən hökmranlıq və tabelik münasibətlərini bərqərar etmək vasitəsilə idarə edir. Spesifik fəaliyyət sahəsi olan siyasətin məzmununa dövlət işlərində, onun istiqamətlərinin müəyyən olunmasında, habelə dövlətin fəaliyyətinin mahiyyətinin, formaları və vəzifələrinin aşkar edilməsində iştirak daxil olsa da Ermənistan hakimiyyəti monopoliya siyasətini daha üstün seçir.

Bu isə sosial çətinliklərin yaranmasına gətirib çıxarır. Sosial boğulma isə mühacirəti gündəmə gətirir. Bunu biz yox məhz ermənilərin özü deyir. Məsələn, götürək İrəvanda Ermənistan Milli Konqresinin mitinqində çıxış edən Erməni Ümummilli Hərəkatının idarə heyətinin sədri Aram Manukyanı. Manukyan Ermənistanın ən böyük problemi mühacirət olduğunu bildirib. Onun sözlərinə görə, 6 ay ərzində Ermənistandan 90 min nəfər mühacirət edib. "Mən hesab edirəm ki, mühacirət Ermənistanın əsas problemidir. Bu satqınlıq və soyqırımı, ölkənin xaincəsinə boşaldılması siyasətidir".

Manukyan qeyd edib ki, hər il yalnız Belçikaya vətəndaşlıq almaq üçün 1400 erməni müraciət edir: "Başqa Avropa ölkələrində də analoji vəziyyətdir. Siyasi sığınacaq istəyirlər, müxtəlif xəstəliklər fikirləşirlər. Ermənistan boşalır, ölkə süqut etmək ərəfəsindədir\". Manukyan bəyan edib ki, ermənilər artıq adi fəhlə işləmək üçün uzaq Afrika ölkələrinə gedirlər.

Sosial bumun digər fəsadı pulsuzluqdur. Əhalinin pulu olmasa da gözü doymayan erməni siyasətçiləri də dilənçiliklə məşğul olur. Ayrılan qrantları, vəsaitləri nəzərə alsaq, peykdən Ermənistanın xəritəsi nəzir qutusuna oxşamalıdır. Bu nəzir qutusuna həmişə çox pul atan isə ABŞ-dır. Belə ki, bu gün ABŞ senatorları gələn il üçün hesablanmış xarici maliyyə yardımlarını müzakirə edəcəklər. Bir qədər əvvəl Senatın alt komitəsi Ermənistana ayrılması nəzərdə tutulmuş 60 milyon dollarlıq məbləği 40 milyon dollara qədər azaldıb.

Eyni zamanda ABŞ Dövlət Departamentinin maliyyə yardımları ayıracağı məkanlar arasında bu dəfə Dağlıq Qarabağ yoxdur. Odur ki, son olaraq erməni dairələrinin apardığı siyasət və ölkə daxilindəki vəziyyət qərb qonşumuzun üfüqdə itəcəyinə tam təminat verir.

Bütün xəbərlər Facebook səhifəmizdə