Artıq Erməni Milli Konqresi "Serjikin" (Serj Sarkisyana erməni xalqı tərəfindən qoyulmuş ləqəb) qarşısında kəskin ultimatum qoyub. Yerevanın "Azadlıq" meydanındakı müxalifət mitinqində çıxış edən Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan bəyan edib ki, əgər sentyabr ayına kimi hazırkı iqtidar onlarla dialoqa getməsə, "Serjikin" bu imkanı bir daha olmayacaq: "Hakimiyyət bu məsələ ilə bağlı sentyabr ayına kimi qərar verməlidir. Əgər qərar verilməsə, onda biz növbədənkənar prezident seçkiləri tələbindən vaz keçib, birbaşa və yeganə tələblə çıxış edəcəyik - Sarkisyan və hakim koalisiya (burada "Qarabağlılar klanı" nəzərdə tutulub) istefaya getməlidir".
Levon Ter-Petrosyan ilk dəfə deyil ki, hakimiyyətə bu tipli sərt ultimatum irəli sürüb. Xatırladaq ki, bundan öncə, daha bir bir neçə dəfə belə bəyanatlar səsləndirilib. Ermənistanın siyasi ekspertləri belə hesab edirlər ki, Sarkisyan Ter-Petrosyanın budəfəki bəyanatına ciddi yanaşmalıdır. Əks vəziyyətdə onun heç bir çıxış yolu qalmayacaq və o, dalana dirənəcək. Məsələn, "Ararat" siyasi araşdırmalar mərkəzinin rəsmisi Ayrapet Baqdasarın fikrincə, bunun səbəbləri çoxdur: "İş ondadır ki, hazırkı şəraitdə Erməni Milli Konqresinin hakimiyyəti devirməsi üçün münbit şərait yaranıb. Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdədir, ölkənin xarici borcu ümumi daxili məhsulun 50%-nə yaxınlaşır, işsizlik rəsmi rəqəmlərdə böyük olmasa da, əslində pik nöqtəsinə çatmaqdadır, istehsal demək olar ki, yox səviyyəsindədir və bunların nəticəsində miqrasiya böyük sürətlə gedir. Bu gün Ermənistan əhalisinin sayı heç 2,5 milyon nəfərə çatmır, baxmayaraq ki, 13-14 il əvvəl bu rəqəm 3,5 milyondan artıq idi. Bu minvalla Ermənistanda hakimiyyət dəyişikliyi olmasa, 20 ildən sonra ölkədə 1 milyon, bəlkə də ondan da az insan qalacaq."
Məhz bu və digər səbəblər üzündən Levon Ter-Petrosyannın lideri olduğu müxalifət "Serjikin" rejimini yıxmaq üçün yaranmış fürsətdən istifadə etməlidir. Və göründüyü kimi buna hazırlaşır. Ölkə daxilində dəstəyi hələ hakimiyyətə gələndən öncə itirən Sarkisyan artıq, dünyaya səpələnmiş böyük və güclü erməni diasporunun da dəstəyini itirib. Bunun da bariz nümunəsi Birləşmiş Ştatlardan hər il Ermənistana "Minilliyin çağırışı" proqrammı çərçivəsində maliyyə yardımının ayrılmasının dayandırılmasıdır.
Ən maraqlısı isə odur ki, Sarkisyan Levon Ter-Petrosyanın Ermənistanda və elə diaspor daxilində günbəgün artan nüfuzu qarşısına heç nə qoya bilmir. Sarkisyan nə özü defoltdan qaça bilir, nə də ki, bu işdə onun havadarı Moskva yardım göstərir. Sarkisyandan bu gün soruşulsa ki, nə etmisən, o, yalnız İran-Ermənistan dəmir yolunun tikintisinə dair layihənin adını çəkə bilər ki, bu layihənin də reallaşması hələ sual altındadır. Digər tərəfdən, Sarkisyan Levon Ter-Petrosyanla dialoqa getməyəcək. Çünki hakimiyyətin müxalifətlə dialoqa getməsi onun gücsüzlüyü kimi qəbul olunacaq. Üstəlik, bu müzakirə mövzusu elə Sarkisyanın istefasıdır ki, hər iki yolun sonu buna aparır. Odur ki, Levon Ter-Petrosyanın Ermənistan hakimiyyətinə sentyabr ayına kimi vaxt verməsinə ciddi yanaşmaq lazımdır. Ələlxüsus da buna Sarkisyan və onun komandası ciddi yanaşmalıdır. Əks halda, "Serjikin" taxtdan düşmə zamanına sayılacaq günlərin qaldığını indidən proqnozlaşdırmaq mümkündür.
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB