Kazan görüşü bir daha göstərdi ki, Ermənistanla daha sərt dildə danışmaq lazımdır - ARAŞDIRMA
Ötən həftə beynəlxalq aləmin diqqətlə izlədiyi Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşü keçirilib. Lakin prezidentlər arasında Əsas Prinsiplərin razılaşdırılacağı ilə bağlı görüşdən əvvəl mövcud olan ümidlər özünü doğrultmayıb. SİA-nın verdiyi məlumata görə, görüşün yekunu olaraq Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin qəbul etdiyi bəyanatda bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğu və bunun prinsiplərin təsdiq olunması üçün şəraitin yaranmasına kömək edəcəyi bildirilib.
Göründüyü kimi, Kazan görüşündə Azərbaycan tərəfinin münaqişənin həlli istiqamətində konkret addımın atılması ilə bağlı istəyi gerçəkləşməyib. Baza prinsiplərinin hələ də razılaşdırılmaması isə, heç şübhəsiz, işğalçı Ermənistanın bu vaxta qədər sərgilədiyi antisülh mövqeyinin nəticəsidir. Bunu görüşün nəticələri barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun jurnalistlərə açıqlamasında səsləndirdiyi fikirlər də təsdiqləyir: "Təəssüf ki, bəzi prinsipial məsələlərdə biz hələlik kompromis əldə edə bilmədik, çünki erməni tərəfi yeddi il bundan əvvəl başlamış danışıqlar prosesinin mahiyyətini təhrif edərək Azərbaycandan maksimum güzəşt tələb edir".
Buna baxmayaraq, nazirin sözlərindən belə qənaətə gəlmək olar ki, münaqişənin diplomatik yolla nizamlanmasına ümidlər hələ qalmaqdadır. Belə ki, Ermənistan XİN-nə piarla məşğul olmağı dayandırıb status-kvonun dəyişdirilməsi üzərində intensiv işləməyi tövsiyə edən E.Məmmədyarov prezidentlərin son görüşünün münaqişənin həlli istiqamətində intensiv işləmək imkanlarının mövcudluğunu göstərdiyini bildirib. Kazan görüşünün yekunlarını dəyərləndirən siyasi ekspertlər də görüşün nəticəsini həlledici hesab etməsələr də, müəyyən müsbət məqamların olduğunu qeyd edirlər. Məsələn, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının sözlərinə görə, növbəti mərhələ üçün əhəmiyyətli görüş olan Kazan danışıqlarının əks-sədası qarşıdakı mərhələlərdə özünü göstərəcək. Həmçinin, Kazan görüşü öncəsi ATƏT-in Minsk qrupunun həmsədr üçlüsünün nümayiş etdirdiyi mövqeni yüksək qiymətləndirən M.Qurbanlı vaxtilə erməniləri müdafiə edən dairələrin artıq münaqişənin həllində maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın diplomatik üstünlüyü Kazan danışıqlarında özünü bir daha göstərib: "Hesab edirəm ki, Kazan görüşündə Prezident İlham Əliyev diplomatik, mənəvi və şəxsi üstünlüyünü bir daha nümayiş etdirdi. Yəni, Ermənistanın bu münaqişədə tamamilə bir alət rolunda iştirak etdiyi və Sarkisyanın mənasız və beynəlxalq münasibətlər sistemində danışıqlar prosesində hansısa bir yenilik ortaya qoymağa qadir olmayan zəif bir fiqur olduğunu göstərdi".
Məsələyə münasibət bildirən Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib ki, son görüşdə də Ermənistan prezidentinin bu məsələyə yanaşması, ortaya qoyduğu qeyri-konstruktiv mövqe onu göstərdi ki, Ermənistan dövləti Dağlıq Qarabağ problemini beynəlxalq hüquq normalarına müvafiq şəkildə həll etməyə hazır deyil, yaxud, onu həll etmək istəmir: "Bu, bir daha bu məsələyə diqqət yetirən ABŞ, Fransa və Rusiyanın prezidentlərinə, bu ölkələri təmsil edən həmsədrlərə göstərdi ki, bu ölkə ilə daha sərt dildə danışmaq, ona daha sərt təzyiqlər göstərmək, nəhayət beynəlxalq hüquq normalarını daha iradə ilə ortaya qoymaq lazımdır. Erməni tərəfi bu danışıqlarda səmimi, konstruktiv deyildi, onların qeyri-səmimiliyi və qeyri-konstruktivliyi də danışıqların "ölü nöqtədən" irəliləməsinə mane olur".
Kazan danışıqlarının nəticələrini şərh edən ekspert, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib ki, dəfəki qeyri-konstruktiv mövqeyi ilə də Ermənistan yenidən münaqişənin həllində maraqlı olmadığını nümayiş etdirdi: "Ümumiyyətlə, Ermənistanın hazırda olduqca çətin durumda olmasını bu ölkə rəsmilərinin özləri də anlayır. Heç şübhəsiz, Ermənistan tərəfi artıq dərk edir ki, onun heç bir çıxış yolu yoxdur. Ermənistan bu gün istər regionda, istərsə də beynəlxalq aləmdə təklənmək üzrədir. Zaman isə işğalçı ölkənin əleyhinə işləyir".
Ramin VƏLİBƏYOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB