Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan üçün ordu quruculuğu çox mühüm əhəmiyyət kəsb edir. Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın geri qaytarılması üçün güclü hazırlığa, maddi-texniki bazaya malik olan ordunun olması əsas şərtdir. Digər tərəfdən, güclü ordu elə güclü dövlət deməkdir. Bu gün iqtisadi inkişafa görə dünyada öncül yerdə olan ölkəmizin ordusu da bu inkişafa uyğun şəkildə inkişaf edir. Azərbaycanın güclü ordu ənənələri olsa da, müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşmişdi. Amma 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu sahəsinə də böyük diqqət ayırdı. Müstəqil ölkəmizin güclü və qüdrətli ordusunun memarı olan Heydər Əliyev hələ Sovet dönəmində ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atmışdı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin Sovet illərində Bakıda açılması Heydər Əliyevin xidmətlərinin nəticəsi idi. Hansı ki, həmin məktəb bu gün də müstəqil Azərbaycanın ordusu üçün zabitlər hazırlayır. Bunlar isə onu deməyə əsas verir ki, ordu quruculuğu prosesinin, müasir dövrün tələblərinə cavab verə biləcək Silahlı Qüvvələrin formalaşmasının bünövrəsi məhz Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və ildən-ilə möhkəmlənib. Bu kurs Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilməkdədir. İqtisadi vəziyyəti sabit olmayan ölkənin ordusunda nizam-intizamın olması çox çətin məsələdir. Bu reallığı nəzərə alan ölkə rəhbərliyi ordu quruculuğunu iqtisadiyyatın gücləndirilməsi ilə paralel şəkildə həyata keçirir. Artıq xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir. Atəşkəsi mütəmadi olaraq pozan düşmənə verilən layiqli cavablar sübut edir ki, Silahlı Qüvvələrimiz döyüşə yüksək hazırlığı ilə yanaşı, mənəvi ruhun sarsılmazlığına da nail olub. Hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə olub, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Gündən-günə güclənən Azərbaycan ordusunun müasir texnika ilə təminatı, tədrisin NATO standartları səviyyəsinə çatdırılması artıq öz bəhrəsini verir. Bununla yanaşı, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb. Silahlı Qüvvələrin idarə edilməsi sisteminin kompleks şəkildə, bütün səviyyələrdə təkmilləşdirilməsi məqsədi ilə vahid idarəetmə, nəzarət, rabitə və avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi üzrə işlər artan sürətlə davam etdirilib. Ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub və həmin təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən fəal şəkildə istifadə edilib. Həmçinin, son illərdə kəşfiyyat imkanlarının yüksəldilməsi məqsədi ilə strateji və taktiki səviyyədə kəşfiyyatın qüvvə və vasitələrinin imkanlarının artırılması, idarəetmə sistemlərinin təkmilləşdirilməsi və kəşfiyyatın qarşısında qoyulan tapşırıqların yerinə yetirilməsi üçün strateji və taktiki səviyyədə pilotsuz uçuş aparatları, radio-kəşfiyyat və radio-elektron mübarizə, gecə-gündüz uzaqməsafəli müşahidə, o cümlədən, qoşun və xüsusi təyinatlı bölmələrdə kəşfiyyatçıların fərdi gecəgörmə vasitələri, əlahiddə kəşfiyyat taborları üçün yeni texnika alınıb, onları öyrənmək məqsədi ilə kurslar təşkil edilmiş, zabit və gizirlərə erməni dili kursu keçilib. Silahlı Qüvvələrin artilleriya hissə və bölmələrinin peşəkar şəxsi heyəti, müasir silah və texnika, avtomatlaşdırılmış idarəetmə sistemləri, o cümlədən, müasir yaylım atəşli reaktiv sistemləri ilə komplektləşdirilməsi nəticəsində yaxın və uzaq məsafələrdə yerləşən düşmən hədəflərinin böyük bir ərazidə məhv edilməsi imkanı yaradılıb. Artilleriya atışlarının yüksək dəqiqliklə hazırlanması üzrə meteoroloji stansiyalar istifadəyə verilib, qısa vaxt ərzində döyüş təyinatları rayonlarına vaxtında çıxışı təmin etmək məqsədi ilə top və qurğular yeni dartıcılarla təmin olunub. Hissə və bölmələrin optik hesablama cihazları, həmçinin, radiolokasiya stansiyaları ilə təchiz olunması düşmənin hərəkətsiz və hərəkətli hədəflərini dəqiqliklə qısa müddət ərzində aşkar edilərək atəşlə zərərvurma vasitələrinə ötürülməsini təmin edib, istismarda olan silahlar müasir tipli optik gündüz və gecəgörmə nişangahları, müşahidə cihazları ilə kompleksləşdirilib. Bu prosesin davam etdirilməsi üçün hazırda müasir tipli cihazların alınması və hərbi hissələrə təhvil verilməsi həyata keçirilməkdədir. Birləşmələrin zirehli texnikası üzərində modernləşdirmə işləri aparılıb, atəşin və döyüşün müasir tipli idarəetmə sistemlərinin quraşdırılması işləri başa çatdırılıb. Bunun nəticəsində maksimal uzaqlıqda yerləşən düşmən hədəflərini hava şəraitindən asılı olmayaraq, gecə və gündüz məhv etmək imkanı əldə olunub. Tank əleyhinə raket sistemlərinin alınması nəticəsində düşmənin zirehli texnikasına zərərvurma imkanları qat-qat artırılıb. Yeni silah sistemlərinin alınması və quraşdırılması nəticəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazilərində yerləşən hədəfləri məhv etməyə qadirdir.
Ümumiyyətlə, ötən gün keçirilmiş paradda nümayiş etdirilmiş silahlı qüvvələrin müxtəlif növləri, silah və texnikalar bir daha göstərir ki, Azərbaycan regionla ən güclü orduya sahibdir. YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov məsələyə münasibət bildirərkən deyib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır: "Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməyə, ölkəmizin ərazi bütövlüyünü qorumağa tam hazırdır. Nəzərə alsaq ki, son illərdə Azərbaycan büdcəsindən orduya ayrılan vəsait Ermənistanın dövlət büdcəsi ilə bərabərdir, dövlətin silahlı qüvvələrə qayğısı və ordunun inkişafı isiqamətində aparılan siyasətin effektivliyini başa düşmək çətin olmaz".
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev isə torpaqlarımıza qarşı yönəlmiş hər bir düşmən həmləsinə layiqincə cavab verməyə hazır olan yüksək döyüş qabiliyyətli Azərbaycan ordusunun bugünkü nailiyyətləri ilə xalqımızın qürur hissi keçirdiyini, ordu ilə xalqın möhtəşəm birliyini qeyd edərək, hər bir əsgərə Vətən qarşısında müqəddəs borclarını layiqincə yerinə yetirməyi arzulayıb: "Hər bir azərbaycanlı kimi mən də əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyilə işğal olunmuş torpaqlarımız tez bir zamanda azad olunacaq. Və beləliklə də, Azərbaycan ordusu qarşısında duran şərəfli missiyanı layiqincə yerinə yetirəcək".
Ramil VƏLİBƏYOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB