Ermənistanda vəziyyət daha da ağırlaşır - FAKT

Gözlənildiyi kimi, Ermənistanda sosial-iqtisadi durum getdikcə daha da pisləşir. Ermənistanın mövcud rejimi isə işsizlik və yoxsulluq səbəbilə gənc və orta yaşlı təbəqənin ölkəni tərk etməsinin qarşısını almaq iqtidarında deyil. Çünki aclıq və səfalət içində olan insanlar iş axtarmaq üçün başqa ölkələrə üz tutmaq məcburiyyətindədirlər. Elə bunun nəticəsidir ki, işğalçı ölkədə yaşlı əhalinin sayı durmadan artır. Yerli informasiya agentliklərinin verdiyi məlumata görə, Ermənistanda təqaüdə çıxanlar (63 yaş və yuxarı) hazırda əhalinin 11,2 faizini təşkil edir. Ermənistanın Əmək və İctimai Təhlükəsizlik Nazirliyinin proqnozlarına görə, bu göstərici 2018-ci ildə 13,3, 2050-ci ildə isə 25,7 faiz olacaq. Bu, eyni zamanda, işğalçı ölkədə əmək qabiliyyətli əhalinin sayının azalması deməkdir. Statistik göstəricilərə əsasən məlum olur ki, hazırda Ermənistanda ümumi əhalinin 70,6 faizini təşkil edən əmək qabiliyyətli əhalinin sayı 2050-ci ildə 57,6 faizədək enəcək. Məsələyə münasibət bildirən, nazir müavini Ardan Asatryan deyib ki, ümumi əhalinin 12 faizinin təqaüdçü yaşına gəlməsi həm də cəmiyyətin yaşlanması deməkdir. Ermənistanın maliyyə nazirinin müavini Vardan Aramyan isə işğalçı ölkədə məcburi təqaüdçülük sığorta sisteminə keçidin 2014-cü ilə qədər təxirə salındığını söyləyib. Qeyd edək ki, yeni sistemin 2011-ci ildən etibarən tədbiq edilməsi nəzərdə tutulurdu. Beləliklə, görünən odur ki, Ermənistan hakimiyyəti vətəndaşları aclıq və səfalətdə saxlamaqda israrlıdır. Ermənistandakı yoxsulluqla bağlı müxtəlif beynəlxalq təşkilatların, eləcə də, Dünya Bankının açıqladığı hesabatlarda yer alan rəqəmlər də bunu təsdiq edir. Məsələn, Dünya Bankının məlumatına görə, Ermənistanda 2009-cu ildə yoxsulluğun səviyyəsi 28,7 faiz, ifrat yoxsulluq isə 6,9 faiz olduğu halda, cari ildə bu rəqəm 34,1 faiz təşkil edir. Lakin yoxsulluğun artmasına baxmayaraq, ölkədə əhaliyə verilən sosial yardımlar azalıb. Digər tərəfdən, işğalçı ölkədəki inflyasiya durmadan artır. Belə ki, ötən ilin may ilə müqayisədə cari ilin anoloji dövründə qeydə alınan inflyasiyanın səviyyəsi 9 faiz olub. Ümumilikdə bu rəqəm rəsmi olaraq 11,3 faiz, qeyri-rəsmi isə 45 faiz təşkil edir. Bununla yanaşı, Ermənistanda istehlak qiymətlərində dəyişiklik müşahidə olunmayıb. İşğalçı ölkədə iqtisadi durumun ağırlaşması nəticəsində işsizlik də artır. Ermənistanın Əmək və Sosial məsələlər Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəhbəri Sona Arutyunyan deyib ki, ötən illə müqayisədə bu il Ermənistanda işsizlik daha 10 faiz artıb. Qeyri-rəsmi məlumatlara görə isə, Ermənistanda işsizliyin səviyyəsi 30 faizə qədər yüksəlib. Rəsmi məlumatlara görə, işsizlərin 56 faizi 31-50 yaş həddində olanlar, 70 faizi isə qadınlardan ibarətdir. İnflasiyanın artması fonunda maaşların sabit qalması isə Ermənistanın əhalisinin gəlirləri ilə qiymət artımı arasındakı uçurumu artırmaqda davam edir. Bütün faktlar isə, işğalçı ölkənin sosial partlayışın bir addımlığında olduğunu deməyə əsas verir. Beləliklə, təcavüzkar ölkə getdikcə böhran içərisində boğulur və özünün reabilitasiya imkanlarımı itirir. Vəziyyətdən yeganə çıxış yolu isə işğalçı siyasətdən imtina və regionda sülhü qoruma təşəbbüslərinə yardım etməkdir. İşğalçı ölkənin sabiq xarici işlər naziri Vardan Oskanyanın dediyi kimi, Ermənistanda hökm sürən vəziyyətdən yalnız Dağlıq Qarabağ məsələsi həll ediləndən sonra, Ankara-İrəvan münasibətlərinin normallaşması sayəsində çıxa bilər.


Bütün xəbərlər Facebook səhifəmizdə