Ermənistan danışıqların süni şəkildə davam etdirilməsinin mənasının olmadığını anlamalıdır – ARAŞDIRMA
Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 25-də Kazanda keçiriləcək görüşünə az qaldığı bir zamanda danışıqlar ətrafında müzakirələr davam edir. Siyasi ekspertlər beynəlxalq aləmin də diqqətinin yönəldiyi Rusiya prezidentinin təşəbbüsü ilə baş tutacaq növbəti görüşdə müsbət nəticənin əldə ediləcəyinə inanırlar. Ekspertlərin fikrincə, Moskva görüşünün müsbət şəraitdə keçməsi Dağlıq Qarabağ probleminin həlli istiqamətində irəliləyişlərin əldə edilməsi üçün atılan addımların səmərəli olacağına ümidləri artırıb. Bununla belə, bir çox siyasilər danışıqların gələcək taleyinin Kazan görüşünün nəticələrindən əsaslı şəkildə asılı olduğunu düşünürlər. Bu günlərdə Gürcüstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da danışıqların hansı məcrada davam edəcəyinin Kazanda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra bəlli olacağını bildirib: "İnanıram ki, bu görüş ermənilərin oyun oynamadığını aydınlaşdıracaq". Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsinə dair ATƏT-in Minsk qrupunun həmsədrləri olan, ABŞ, Rusiya və Fransa prezidentləri səviyyəsində üçüncü dəfədir ki, bəyanat verilir. Nazir bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və tezliklə respublikamızın ərazi bütövlüyü, suverenliyi bərpa edilməlidir. Bunun üçün, ilk növbədə, işğal altındakı torpaqlardan erməni qoşunları çıxarılmalı, məcburi köçkünlər geri qaytarılmalı, bütün kommunikasiyalar və yollar bərpa olunmalı, daha sonra Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir. E.Məmmədyarov prosesin uzadılmasının mümkünsüzlüyünü vurğulayıb: "İndi beynəlxalq ictimaiyyət Rusiya, Amerika prezidentləri səviyyəsində tələb edir ki, bu status-kvo çözülməlidir".
Təbii ki, Kazan görüşü ərəfəsində danışıqlar prosesinə zərər vuracaq təxribat xarakterli bəyanatların səsləndirilməsi, atəşkəsin pozulması kimi hallara yol verilməməlidir. Lakin bütün bunlara baxmayaraq, son anda belə, Ermənistandan "sürprizlər" gözləməyin mümkünlüyünü nəzərə almaq lazımdır. Azərbaycan dövləti isə istənilən "sürpriz"ə hazırdır. Sülh danışıqları istiqamətində hər hansı bir irəliləyiş əldə edilməsə belə, rəsmi Bakının alternativ çıxış yolları var. Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun qeyd etdiyi kimi, Kazan şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına ümidlər sıfıra enəcəksə, Azərbaycan öz torpaqlarını hərbi yolla işğaldan azad etmək hüququnu özündə saxlayır. Onun sözlərinə görə, beynəlxalq hüquq buna imkan verir. Ermənistanın bu günə qədər yalnız prosesin həllini uzatmaq üçün danışıqlara getdiyini bildirən vitse-spiker hesab edir ki, həmsədr ölkələrin prezidentlərinin konkretliyi ilə seçilən Dovil bəyanatından sonra, artıq İrəvan bu məsələni uzatmağın heç bir mənasının olmadığını başa düşməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB