ABŞ və İngilis vətəndaşlarının döyülməsi hadisəsinin arxasında hansı “məqamlar” dayana bilər? - ANALIZ

İyunun 15-də axşam saatlarında amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq müdafiəçisi Silya Devisin naməlum şəxslər tərəfindən hücuma məruz qalaraq döyülmələri müəyyən qüvvələr tərəfindən rezonans yaratmağa cəhd edilsə də, bu alınmadı. Alınmadı ona görə ki, zərərçəkmişlərin özləri siyasi çirkaba bulaşmağı özlərinə rəva bilmədilər. Çünki ən azından, həqiqəti kənara qoyaraq, yalana yol açmağın özü vicdansızlıq kimi dəyərləndirilə bilər. Həmçinin, "New-York Times", "The Washington Post" kimi nüfuzlu qəzetlərlə əməkdaşlıq edən bir kəsin radikal qüvvələrin felinə qapılaraq onların siyasi girdabına bulaşmaq ABŞ və britaniyalı vətəndaşların ağıllarından belə keçmirdi…


Olmayan motivdə başqa nə ola bilər?


Məhz bu səbəbdən də Amanda Erikson mətbuata verdiyi açıqlamasında bildirib ki, o, olayla bağlı heç bir bəyanat-filan verməyəcək. Eyni zamanda, xanım jurnalistin "məncə, bizim hücuma məruz qalmağımız üçün hər hansı motiv olmayıb" (diqqət yetirin, motiv olmayıb) tipli açıqlama verməsi bütün həqiqətləri tam çılpaqlığı ilə ortaya qoymaqdadır. Daha dəqiq desək, ölkəmizin "şərəfli" müxalifəti nə qədər cəhd göstərsə də, vəziyyəti öz təbiri-üslublarına yönəldə bilmədilər. Çünki hücuma məruz qalmış xarici vətəndaşlar dırnaq arasında olan şərəfli deyillər, sadəcə, bulanıq siyasət tendensiyasını özlərindən uzaq tutmağı bacaran peşəkar və şərəfli jurnalist, hüquq müdafiəçiləridirlər (radikallardan fərqli olaraq…-R.R.)


Üst-üstə düşməyən məqamlar


Lakin bütün bunlara baxmayaraq, baş verən olayla ilgili hansısa "məqamın" olmasını sübuta yetirməyə səy göstərən müəyyən siyasi ünsürlər "xatırlatma" etməyi də unutmurlar. Necə deyərlər, təki, "üst-üstə düşə bilən" nə isə olsun. Və həmin "nə isə" gedib çıxır aprel ayında baş verən icazəsiz aksiyalara. Belə ki, o zamanlar icazəsiz aksiyalarda iştirak etdikləri üçün, həm də həmin aksiyalarda bütün qanun sədlərini qanunsuz aşdıqları üçün saxlanılmış, sonra da öz vətənlərinə deportasiya olunmuş İsveçrəli jurnalistləri sonuncularla qoşalaşdırmaq həmin sözügedən "nə isə"nin nəticəsidir.

Buradan bir daha bəlli olur ki, ölkəmizdə baş verənləri şişirdərək, az qala bunu böyük siyasi olayla rezonanslaşdırmaq istəyən qüvvələrə müyəssər olmadı.


Azərbaycanda Azərbaycan demokratiyasıdır!


Qaldı ki, ABŞ dövlət katibinin müavininin demokratiya və insan hüquqları üzrə köməkçisi Tomas Melianın Azərbaycandakı demokratiyanı təhlil etməsinə, bu, artıq bir dövlətin digər dövlətin daxili işlərinə yönəlmiş müdaxilə kimi də dəyərləndirilə bilər. Hər halda, bu mənim, sənin, başqa birisinin vətəndaş dəyərləndirməsidir. Hər halda, Azərbaycan diplomatları bu günə qədər heç bir xarici dövlətin daxilində cərəyan edən hadisələrə demokratik, ya da qeyri-demokratik don geyindirmir. Və əgər allah eləməsin, bizim jurnalistlərin başına xarici dövlətlərin birində belə bir hadisə gəlsə idi, ən uzağı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət olunardı, bəyanat isə verilməzdi. Ona görə də cənab Melianın burada ABŞ demokratiyasını axtarmağı onun öz işidir, ancaq hər şeyin öz həddi var…


RÖVŞƏN RƏSULOV


Bütün xəbərlər Facebook səhifəmizdə