Mötəbər mənbələrdən əldə etdiyimiz məlumatlara görə, saat 09:15 radələrində ABŞ Dövlət katibinin insan hüquqları, vətəndaş cəmiyyəti və əmək məsələləri üzrə müavininin köməkçisi Tomas Melia və ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza "Hyatt Recensy" mehmanxanasında Eynulla Fətullayevlə görüş keçiriblər. Bu görüşdə və müxalifət rəhbərləri ilə əcnəbi rezidentlər arasında keçirilən digər görüşlərində müzakirə olunan məxfi məsələlər barədə məlumatları sizinlə bölüşəcəyik.
Eynulla Fətullayev: "Mənə pul verin... sizə qəzet çıxarım"
Görüş zamanı Eynulla Fətullayev həbsdə olması barədə məlumat verib, bu müddətdə guya, ona qarşı təzyiq və təqiblərin artdığını bildirib, Azərbaycan həbsxanalarında vəziyyətin acınacaqlı olduğunu, lakin bütün bunlara baxmayaraq özünü qoruduğunu və "simasını itirmədiyini" əcnəbilərin nəzərinə çatdırıb.
Tomas Meylia yaxın ətrafına deyib ki, "Eynulla simasını itirməsədə, kimlərinsə qarşısında öhdəlik götürüb və hansısa sənədləri imzalayıb". Eynulla Fətullayev KİV-lərin vəziyyəti haqqnıda danışarkən deyib ki, son dövrlər Azərbaycan mətbuatında ABŞ-ın mövqeləri xeyli zəifləyib, KİV-lər yalnız Rusiyanın təsiri və nəzarəti altındadır. İnsanlar rusdilli mətbuata və bu dildə mütaliəyə daha meyllidir.
O, ABŞ-ın və Avropanın mövqeyini dəstəkləyəcək rus dilli qəzet və ya agentlik açmağa, onu inkişaf etdirməyə hazır olduğunu bildirmiş və əcnəbi diplomatlardan bu sahədə ona yardım etmələrini xahiş edib. Eynulla deyib ki, əgər xaricilər razılaşarlarsa, onun rəhbərlik edəcəyi qəzet Qərblə Azərbaycan arasında "korpü" rolu oynaya bilər və buradakı vəziyyətlə bağlı onlara tam səhih informasiya verə və maraqlarını müdafiə edə bilər.
Əli Kərimov: "Bizə yer verin... şəhərin mərkəzində olsun"
Qeyd edək ki, iyun ayının 15-də ABŞ-ın Dövlət Katibinin müavinin köməkçisi Tomas Melia müxalifət nümayəndələri, o cümlədən İsa Qəmbərovov, Əli Kərimov, Sərdar Cəlaloğlu və İlqar Məmmədovla görüşüb. ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayza da həmin görüşdə iştirak edib.
Tomas Melia bildirib ki, ABŞ Azərbaycanda demokratiyaya dəstək verməyi və burada demokratik bir cəmiyyətin formalaşmasını istəyir və bununla bağlı müxalifət nümayəndələri ilə görüşüb, sözügedən məsələlərin həlli üçün onların (müxalifətin) fikirlərini öyrənmək istəyir.
Bununla bağlı Əli Kərimov müxalifətin mart və aprel aylarında keçirdiyi "möhtəşəm" mitinqlərdən danışaraq, guya hakimiyyətə güc göstərmək "imkanlarının" olduğunu bildirib, lakin iqtidarın əhalini həbs və digər təzyiq vasitələri ilə qorxutduğu üçün onlar hələlik istədiklərini nail olmadıqdarını deyib. Əli Kərimov 19 iyunda onların daha möhtəşəm aksiya keçirəcəklərini və ABŞ səfirliyindən bu aksiyanı nəzarətdə saxlamalarını xahiş edib.
İsa Qəmbərov əsasən hakimiyyətin müxalifətçiləri şərləyərək həbs etməsini diqqətə gətirib, ABŞ rəsmisindən 2 aprel aksiyası zamanı həbs olunan müxalifətçilərin, o cümlədən Bəxtiyar Hacıyevin azadlığa buraxılması üçün iqtidara təpki göstərmələrini xahiş edib.
Həm İsa Qəmbərov, həm də Əli Kərimov diplomatlardan xahiş ediblər ki, Azərbaycan hakimiyyətinə təsir göstərsinlər ki, müxalifətə şəhərin mərkəzi meydanlarında mitinq keçirməyə icazə verilsin. Əli Kərimov əcnəbiləri inandırmağa çalışıb ki, əgər şəhərin mərkəzi meydanlarından birində aksiya keçirməyə imkan verilərsə, o zaman iqtidar əhalinin təzyiqlərinə tab gətirə bilməyəcək.
Sən demə bu müxalifətin əsas problemi şəhərin mərkəzi imiş. Əgər şəhərin mərkəzi olarsa "müxalifətin göstərəcəyi mitinq şousuna kənardan çox ciddi tamaşaçı toplaşacaqmış və bu tamaşaçılar da sən demə müxalifət imiş".
Məzən olsun Əli bəy, dəhşətsən vallah. Görəsən, bu oyunu özün fikirləşmisən, yoxsa Ruslan Bəşirli, Aqil Xəlil, Azər Əhmədov, Qənimət Zahid, Qabil Məmmədrzayev və digərləri ilə "ciddi müzakirələrin nəticəsində əldə etmisən".
"Sem dayı"ya 5-10 qəpiyə özlərini satanlardan nə gözləyəsən?
İlqar Məmmədov vətəndaş cəmiyyətinin lideri olmaq üçün əlindən gələni edib, guya Qərb təhsilli insanlara, azad fikirə və düşüncəyə şərait yaradılmadığını, vətəndaş cəmiyyətinin formalaşması adı altında yalnız iqtidara yaxın olan QHT-lərlə iş görüldüyünü, müstəqil medianın olmadığını, mümkün qədər Qərbin Azərbaycanda mövqelərinin zəiflədilməsi istiqamətində iş aparıldığını bildirib.
Sərdar Cəlaloğlu deyib ki, Azərbaycan cəmiyyətinin ABŞ-a inamı yoxdur və cəmiyyətdə belə bir fikir formalaşıb ki, ABŞ-ı yalnız neft və qaz məsələsi maraqlandırır. Bununla bağlı Tomas Melia deyib ki, dolayısı ilə bunu təsdiq edib və deyib ki, Azərbaycana demokratiya lazımdır və biz bu istiqamətdə görülən işləri araşdıracağıq. Odur ki, biz bu məsələdə müxaliftəin də fikirlərinizi öyrənməyə çalışırıq.
Dünən RATİ-nin ofisində Tomas Melianın vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşü olub. Görüşdə "Soros" fondunun əməkdaşları, o cümlədən "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də iştirak edib. Bu görüş zamanı özlərini vətəndaş cəmiyyətinin nümayəndələri adlandıran görüş iştirakçıları Azərbaycanda demokratiyanın olmaması, insanların "Kür" daşqınlarından əziyyət çəkməsi, KİV-lərə qarşı təzyiqlərin artması ilə bağlı fikirlər səsləndirmişlər.
Bütün bu görüşlərin nəticələrini təhlil edərkən, adam belə bir qənaətə gəlir, görəsən biz kimik, hansı millətin nümayəndəsiyik, hansı ölkənin vətəndaşıyıq. Düşmənimiz olan ermənilərin Azərbaycan barədə uydurduğu hədyanlar bunların dediklərindən qat-qat azdır. Özlərini demokratiya carçısı adlandıran bu şəxslər görəsən nə istəyir bu xalqdan, niyə qoymurlar bu insanlar öz halal çörəklərini qazanıb ailələrini dolandırsınlar?
Niyə 5-10 qəpiyə görə özlərini xaricilərə satırlar, guya "Sem dayı" gəlib bunlar üçün inqilab edəcək. Düzdür atalar deyib ki, "ac toyuq yuxusunda darı görər"
Radikallar hakimiyyət naminə hər şeyi satmağa hazırdırlar
Maraqlıdır, Azərbaycanda hər hansı seçkinin olmadığı bir zamanda bəzi müxalifət partiyalarının "fəallaşmaq" cəhdləri hansı amillərlə bağlı ola bilər? Axı onlar yaxşı bilirlər ki, bu gün Azərbaycanda hakimiyyətə qarşı hər hansı ciddi aksiyalar keçirməyə, hakimiyyət çevrilişinə nail olmağa və yaxud hansısa şəkildə hakimiyyətə gəlməyə heç bir sosial dayaqları, sosial sifarişləri və əhalinin onları dəstəkləyəcək birliyi yoxdur.
Sadəcə olaraq onlar ayrı-ayrı ölkələrdə baş verən proseslərin təsiri altında bu işləri həyata keçirirlər. Heç kəsə sirr deyil ki, Azərbaycanda da bəzi qüvvələr ölkəmizin inkişafını istəməyən dövlətlərə xidmət edir.
Xalqımız yaxşı bilir ki, bu qüvvələr hardan idarə olunur. Əgər onlara dəstək verən beynəlxalq təşkilatlar ədalətlidirsə, nədən 20 ildir bölgədə qanunsuzluğa, işğala, soyqırıma göz yumurlar? Xarici ölkələrin agentləri ölkədə siyasi vəziyyəti gərginləşdirməyə çalışmaqdansa, yaxşı olar ki ermənilərin işğalı nəticəsində öz torpaqlarından didərgin düşmüş günahsız insanların vəziyyəti ilə maraqlansınlar.
Maraqlı orasıdır ki, nədənsə Qərb dairələri Azərbaycanda yalnız radikal qurumlara yardım edirlər. Bu ölkədə cox sayda fərqli siyasi xətti olan partiya və təşkilatlar var. Lakin ağalar köhnə qullarından bərk yapışıblar. Çünki belə artistlər bir də ələ düşməz.
Bu dəstəyin əsas səbəbi odur ki, radikallar pul və hakimiyyət naminə hər şeyi satmağa razıdırlar. Məsələ bundadır ki, bu qüvvələr özlərinin şəxsi maraqları naminə dövlətin, millətin maraqlarını qurban verməyə hazırdır.
Qarabağ danışıqlarının hər dəfə çətin mərhələyə keçməsi və ya problemi hərbi yolla həll etmək bəyanatları səslənən zaman ölkədə belə qarışıqlıqların salınmasında məqsəd aydındır. Bu xəyanətdir- milli mənafelərin əksinə olaraq müharibə şəraitində yaşayan bir ölkədə daxili qarşıdurmalara yaratmaq cəhdinə baş nə ad vermək olar ki?
Əslində, xarici analitik mərkəzlər də Azərbaycandakı durumu gözəl bilirlər və xaricdən dəstəklənən siyasi və dini müxalifətin heç bir sosial dəstəyi olmadığını vurğulayırlar. Bu ölkədə törədilməsinə çalışılan iğtişaşların hansı mərkəzlərdən və nə məqsədlə təşkil olunduğuna aydınlıq gətirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB